PDF Oxu

Siyasət

  • 548

Azərbaycan–Qırğızıstan münasibətləri: Türk dünyasında strateji tərəfdaşlığın yeni mərhələsi - ŞƏRH

image

Azərbaycan Respublikasının Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı ölkəmizin xarici siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Bu siyasətin mühüm tərkib hissəsini isə ortaq tarixə, eyni soy-kökə, dil və mədəniyyət birliyinə, milli-mənəvi dəyərlərə söykənən Azərbaycan–Qırğızıstan münasibətləri təşkil edir. İki qardaş dövlət arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətləri son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlıq daha da dərinləşmişdir.
Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun qarşılıqlı etimada əsaslanan siyasi iradəsi nəticəsində Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, bütövlükdə Türk dünyasında həmrəyliyin və inteqrasiyanın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən strateji səviyyəyə yüksəlmişdir. Dövlət başçılarının müntəzəm görüşləri, qarşılıqlı səfərləri və birgə təşəbbüsləri iki ölkə arasında əlaqələrin davamlı inkişafını təmin edən əsas amillərdəndir.
Prezident İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan səmərəli danışıqlar və əldə olunan razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevə göstərilən yüksək dövlət ehtiramı, səmimi qarşılanma mərasimləri və keçirilən tədbirlər Azərbaycan dövlətinə və onun rəhbərinə bəslənilən xüsusi hörmət və etimadın bariz ifadəsi oldu.
Səfər zamanı keçirilən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının III iclası iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətini qiymətləndirməklə yanaşı, gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirdi. İclasda siyasi münasibətlərin daha da möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya imkanlarının artırılması, nəqliyyat-logistika layihələrinin inkişafı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olundu. Bu isə Azərbaycan və Qırğızıstan münasibətlərinin çoxşaxəli və strateji xarakter daşıdığını bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatlarından biri olan I dərəcəli “Manas” ordeni ilə təltif edilməsi dövlət başçımızın Türk dünyasında qazandığı yüksək nüfuzun, onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin növbəti təzahürü oldu. Bu ali mükafat təkcə Prezident İlham Əliyevin fəaliyyətinə verilən qiymət deyil, həm də Azərbaycan dövlətinə, onun beynəlxalq aləmdə artan nüfuzuna və Türk dünyasının inkişafına verdiyi töhfələrə göstərilən böyük ehtiramın ifadəsidir.
Eyni zamanda Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etməsi iki qardaş ölkə arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlığın ən yüksək səviyyəyə çatdığını nümayiş etdirdi. Qarşılıqlı təltiflər dövlət başçıları arasında mövcud olan səmimi münasibətlərin, etimadın və ortaq məqsədlərə əsaslanan siyasi əməkdaşlığın rəmzi kimi tarixə düşdü.
Qırğızıstan Prezidenti Sadır Japarovun təltif mərasimində səsləndirdiyi fikirlər Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzunun, qlobal və regional proseslərdə oynadığı mühüm rolun növbəti təsdiqi kimi xüsusi diqqət çəkdi. Azərbaycanın regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın təmin olunmasına verdiyi töhfələr, həyata keçirdiyi uğurlu diplomatik təşəbbüslər ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirdi.
Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması oldu. Bu sənəd iki ölkə arasında münasibətlərin artıq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmiləşdirərək gələcək əməkdaşlıq üçün möhkəm hüquqi və siyasi baza formalaşdırdı. Müqavilə siyasi dialoqun daha da inkişaf etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik, nəqliyyat, enerji, investisiya və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri həm də Azərbaycanın Mərkəzi Asiya regionunda etibarlı və strateji tərəfdaş kimi mövqeyinin daha da gücləndiyini nümayiş etdirdi. Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyevin iştirakı, həmçinin Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi Türk dünyasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq maraqların həyata keçirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Bu gün Azərbaycan yalnız Cənubi Qafqazın deyil, Avrasiya məkanının mühüm siyasi və iqtisadi mərkəzlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, mühüm təşəbbüslərin müəllifi və qlobal dialoqu təşviq edən dövlət kimi tanınır. Azərbaycanın nəqliyyat və logistika imkanları, enerji təhlükəsizliyinə verdiyi töhfələr, beynəlxalq təşkilatlar çərçivəsində fəal mövqeyi ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır.
Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri ortaq tarixi köklərə söykənməklə yanaşı, gələcəyə hesablanmış strateji baxışın nəticəsidir. Bu münasibətlər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə, ortaq layihələrin həyata keçirilməsinə və Türk dünyasının siyasi-iqtisadi inteqrasiyasının güclənməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər sarsılmaz dostluq, qarşılıqlı etimad və müttəfiqlik prinsiplərinə əsaslanır. Bu səfər yalnız ikitərəfli əlaqələrin inkişafında deyil, bütövlükdə Türk dünyasında birlik, həmrəylik və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə kimi yadda qaldı. Dövlət başçılarının nümayiş etdirdiyi qəti siyasi iradə nəticəsində Azərbaycan–Qırğızıstan münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, ortaq maraqlara xidmət edən yeni layihələr və təşəbbüslərlə daha da zənginləşəcəkdir.

İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər