PDF Oxu

Siyasət

  • 821

Azərbaycan–Qırğızıstan münasibətləri: strateji tərəfdaşlığın yeni inkişaf mərhələsi - ŞƏRH

image

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər ortaq tarixi köklərə, türk dünyasının ortaq dəyərlərinə, qarşılıqlı hörmətə və etimada əsaslanır. Son illərdə dövlət başçıları arasında intensiv siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi iki qardaş ölkə arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Xüsusilə Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı keçirilən görüşlər və aparılan müzakirələr münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm hadisələrdən biri kimi qiymətləndirilir.
Azərbaycan və Qırğızıstan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət yürüdərək həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birini ardıcıl şəkildə dəstəkləyirlər. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsini prioritet istiqamət hesab edir. Bu əməkdaşlıq siyasi dialoqla yanaşı, iqtisadi, humanitar, mədəni və nəqliyyat sahələrində də yeni imkanlar yaradır. Dövlət başçılarının müntəzəm təmasları qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Son illər Azərbaycan–Qırğızıstan münasibətlərində iqtisadi əməkdaşlığın inkişafı xüsusi diqqət mərkəzindədir. Qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması, sənaye, kənd təsərrüfatı, logistika və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələrin həyata keçirilməsi gündəlikdə duran əsas məsələlərdəndir. Azərbaycanın həyata keçirdiyi iri nəqliyyat və logistika layihələri, xüsusilə Orta Dəhlizin inkişafı Qırğızıstan üçün də yeni imkanlar yaradır. Bu marşrut Asiya ilə Avropanı birləşdirən ən perspektivli nəqliyyat xətlərindən biri kimi strateji əhəmiyyət daşıyır.
Münasibətlərin inkişafında humanitar əməkdaşlıq da mühüm yer tutur. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahəsində həyata keçirilən layihələr xalqlar arasında dostluq münasibətlərini daha da gücləndirir. Qarşılıqlı mədəniyyət günləri, forumlar, universitetlərarası əməkdaşlıq proqramları və tələbə mübadilələri ortaq türk irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri də dost ölkələr tərəfindən maraqla izlənilir. Qırğızıstanın bu prosesə verdiyi dəstək və iki ölkə arasında humanitar həmrəyliyin nümayiş etdirilməsi münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Bu yanaşma qarşılıqlı etimadın və qardaşlığın praktik ifadəsi kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirib. Bu siyasətin mühüm istiqamətlərindən biri də türk dövlətləri arasında həmrəyliyin və inteqrasiyanın gücləndirilməsidir. Qırğızıstan ilə münasibətlərin dinamik inkişafı da məhz bu strateji xəttin uğurlu nəticələrindən biridir.
Bu gün Azərbaycan–Qırğızıstan əlaqələri təkcə iki dost ölkənin maraqlarına xidmət etmir, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsinə, regionda sabitliyin, təhlükəsizliyin və dayanıqlı inkişafın möhkəmlənməsinə mühüm töhfə verir. Mövcud siyasi iradə, qarşılıqlı etimad və ortaq strateji baxışlar göstərir ki, gələcək illərdə bu münasibətlər daha da genişlənəcək, yeni birgə layihələr həyata keçiriləcək və Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığı daha yüksək səviyyəyə yüksələcək.

Lalə Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər