31 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana son dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Səfər çərçivəsində dövlət başçısı Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimində iştirak etmiş, Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək və geniş tərkibli görüşlər keçirmişdir.
Görüşlər zamanı siyasi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, turizm və humanitar sahələr üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilmişdir. Dövlətlərarası Şuranın iclasında gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, bir sıra mühüm sənədlər imzalanmışdır.
Prezidentlər mətbuata bəyanatlarla çıxış edərək Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin qardaşlıq və qarşılıqlı etimada əsaslandığını vurğulamışlar. Bildirilmişdir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi ümumi inkişaf və təhlükəsizliyə xidmət edir.
Səfərin diqqətçəkən hadisələrindən biri İssık-Kul gölü sahilində inşa edilmiş “Baku Resort & Spa” kompleksinin açılışı olmuşdur. Kompleks Azərbaycan və Qırğızıstanın birgə layihəsi kimi turizm əməkdaşlığının inkişafına mühüm töhfə verəcəkdir. Dövlət başçıları həmçinin İssık-Kul bölgəsində yaradılmış beynəlxalq qolf klubunun açılışında iştirak etmiş, regionda həyata keçirilən yeni turizm layihələri ilə tanış olmuşlar.
Səfər çərçivəsində iki ölkə arasında İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və birgə istehsal layihələrinin həyata keçirilməsi barədə razılıqlar əldə olunmuşdur. Bu qərarlar iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.
Prezident İlham Əliyevin Qırğızıstan Respublikasının ali dövlət mükafatı - I dərəcəli “Manas” ordeni ilə təltif olunması, eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi dövlətlər arasında hörmətin, etimadın və dostluğun ən yüksək səviyyədə təsdiqi kimi tarixə yazıldı. Bununla da xalqlar arasında dostluq və strateji tərəfdaşlığın yüksək səviyyəsi bir daha təsdiqlənmişdir.
Səfər zamanı nəqliyyat dəhlizləri, Orta Dəhliz layihəsi, rəqəmsal inkişaf, yaşıl enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələrinin Qırğızıstan üçün yaratdığı imkanlar xüsusi vurğulanmışdır.
Prezident İlham Əliyevin bu dövlət səfəri Azərbaycanın türk dünyası ilə əlaqələrinin daha da gücləndirilməsi, iqtisadi inteqrasiyanın sürətləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər zamanı əldə olunmuş razılaşmalar gələcək illərdə iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyini göstərir.
Ayaz Novruzov
YAP Culfa rayon Camaldın kənd ərazi ilk təşkilatının sədri