“Artıq İran tərəfindən rəsmi məlumatlar yayılıb ki, onlar Çinlə daşınan hava hücumundan müdafiə sistemləri əldə etməklə bağlı razılığa gəliblər”.
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, belə bir razılaşmanın reallaşması ilk növbədə İranın hava hücumundan müdafiə imkanlarının əhəmiyyətli dərəcədə güclənməsinə səbəb ola bilər. Onun sözlərinə görə, yeni sistemlərin əldə edilməsi İranın hava məkanının qorunması baxımından mühüm amil hesab oluna bilər.“Əslində, bu günə qədər də bənzər sistemlərin, yaxud adı çəkilən sistemlərin İranda mövcud olması ilə bağlı ehtimallar irəli sürmək mümkün idi. Çünki əks təqdirdə, ABŞ-la qarşıdurma zamanı bu sistemlər olmasaydı, İran heç bir halda nə İsrailin, nə də ABŞ-ın hava hücum vasitələrini dəf edə bilməzdi.Belə düşünmək olar ki, sadəcə, bu vaxta qədər gizli şəkildə əldə edilən silahlar bundan sonra açıq şəkildə əldə olunacaq. Görünür, Çin və İran arasında qarşılıqlı razılaşma əsasında bu informasiyalar ictimailəşdirilir.Əgər dünənə qədər ABŞ–Çin münasibətləri kontekstində Çin bu informasiyaların yayılmasını istəmirdisə, bu gün artıq Çinin mövqeyi gücləndiyinə görə bu məlumatların ictimailəşməsindən də narahat olmaya bilər.Əlbəttə, bunlar ehtimaldır. Amma bütün hallarda, əgər İran belə silahlar əldə edərsə, öz hava məkanını daha etibarlı şəkildə müdafiə edə bilər. Bu baxımdan, Çin istehsalı olan daşınan hava hücumundan müdafiə sistemlərinin əldə edilməsi İranın mövcud müdafiə imkanlarının artırılması baxımından diqqətçəkən addım sayıla bilər”.
Müəllif: Lətifə Musayeva