“Prezident İlham Əliyevin iştirakı ilə “AzərEnerji” ASC-nin “Yeni Səngəçal” yarımstansiyasının istifadəyə verilməsi ölkəmizin energetika salnaməsində növbəti tarixi mərhələnin əsasını qoydu. Dövlət başçısının bu möhtəşəm infrastruktur obyektinin açılışında şəxsən iştirak etməsi energetika sektorunun, xüsusilə də bərpaolunan enerji sahəsinin inkişafına ali səviyyədə verilən böyük önəmin və siyasi iradənin bariz göstəricisidir”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.Onun sözlərinə görə, bu layihə təkcə texniki infrastrukturun yenilənməsi deyil, Azərbaycanın artan iqtisadi imkanlarının, uzaqgörən dövlət siyasətinin və regionda formalaşan yeni təhlükəsizlik arxitekturasının tərkib hissəsidir:“Məlumdur ki, müasir Azərbaycanın iqtisadi inkişaf modeli resurslardan səmərəli və strateji məqsədlərlə istifadə olunması prinsipinə söykənir. Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının ölkənin vahid enerji sisteminə inteqrasiyasını və Səngəçal terminalının bərpaolunan enerji ilə təchizatını nəzərdə tutan bu layihə dövlətimizlə dünya nəhəngi olan "bp" şirkəti arasında qurulan möhkəm tərəfdaşlığın əyani nəticəsidir.Cəbrayılda tikilən 330 kV-luq yarımstansiyanın ardınca “Yeni Səngəçal” yarımstansiyasının istifadəyə verilməsi həm də işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialının ölkənin ümumi energetika sisteminə tam inteqrasiya olunduğunu sübut edir. Şərqi Zəngəzurun yaşıl enerji potensialının Abşeron yarımadasındakı strateji obyektlərə ötürülməsi həm də azad olunmuş torpaqlarımızın dirçəlişinin əyani göstəricisidir. Səngəçal terminalı və Şahdəniz Kompressor Stansiyasının yalnız Azərbaycan üçün deyil, qlobal enerji bazarları üçün strateji qovşaq rolunu oynadığını nəzərə alsaq, layihənin icrası, eyni zamanda regionun və Avropanın enerji təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu obyektlərin illik 1 milyard kVt-saatdan çox olan enerji tələbatının “Cənub” və “Qobu” elektrik stansiyaları, həmçinin “Abşeron” yarımstansiyası kimi üç müstəqil mənbədən və vahid şəbəkə üzərindən təmin edilməsi onların fəaliyyət etibarlılığını maksimum səviyyəyə qaldırır. Qabaqcıl rəqəmsal idarəetmə və SCADA sistemlərinin tətbiqi Azərbaycanın enerji infrastrukturunun ən yüksək beynəlxalq standartlara cavab verdiyini bir daha nümayiş etdirir.
Bundan əlavə, işə salınan bu müasir kompleks ölkəmizin yaşıl enerji keçidi sahəsindəki perspektiv imkanlarını keyfiyyətcə yeni mərhələyə yüksəldir. Səngəçal terminalında qazla işləyən elektrik stansiyasının dayandırılması və tələbatın bərpaolunan enerji hesabına qarşılanması nəticəsində illik 120–150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260–330 min ton azalacaqdır. Qənaət olunan təbii qaz həcmləri beynəlxalq bazarlara ixrac edilərək ölkəmizə əlavə valyuta gəlirləri qazandıracaq, emissiyaların azalması isə Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədəki beynəlxalq öhdəliklərinə mühüm töhfə olacaqdır. Eyni zamanda neft-qaz infrastrukturunun yaşıl enerji ilə çalışması hasil olunan karbohidrogen resurslarının karbon tutumunu azaldaraq onları dünya bazarlarında rəqabətə daha dözümlü edir.
Görünən odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu uzaqgörən siyasət Azərbaycanı regionun bərpaolunan enerji mərkəzinə çevirir. Enerji müstəqilliyini tam təmin etmiş və ixracatçı ölkəyə çevrilmiş Azərbaycan indi də yaşıl enerjinin istehsalı və ixracı üzrə qlobal liderlər sırasına addımlayır. Bu mənada, “Yeni Səngəçal” yarımstansiyasının istifadəyə verilməsi dövlətimizin iqtisadi qüdrətinin, texnoloji tərəqqisinin və dayanıqlı gələcəyə hesablanmış strateji xəttinin növbəti parlaq zəfəridir”.
Müəllif: Arzu Qurbanlı