"Abbas Əraqçinin belə bir vəziyyətdə həm Səudiyyə Ərəbistanı, həm Pakistan, həm də İraq rəsmiləri ilə bölgədəki vəziyyəti müzakirə etməsi başa düşüləndir. Çünki İran tərəfi anlayır ki, ABŞ-ın hərbi əməliyyatları davam etdikcə bu, həm ölkənin maddi-texniki imkanlarının daha çox səfərbər olunması, həm də əlavə itkilərin yaşanması deməkdir. Burada söhbət təkcə hərbi itkilərdən getmir. Eyni zamanda, İranda mülki əhali arasında da itkilər var".Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.Onun sözlərinə görə, İran iqtisadiyyatı onsuz da ağır təzyiqlər altında olduğu bir vaxtda ölkənin maliyyə və maddi-texniki imkanlarının əhəmiyyətli hissəsinin müharibəyə yönəldilməsi vəziyyəti daha da çətinləşdirir və bölgədə gərginliyi artırır:"ABŞ da yaxşı anlayır ki, İrana qarşı hərbi əməliyyatların, xüsusilə dənizdə həyata keçirilən əməliyyatların genişləndirilməsi daha böyük maliyyə və hərbi resurslar tələb edəcək. Hazırkı əməliyyatlar üçün də hər gün böyük məbləğdə vəsait xərclənir. Bu isə ABŞ büdcəsi üçün əlavə maliyyə yükü yaradır. Böyük dövlət borcu fonunda artan hərbi xərclər Vaşinqton üçün də nəzərə alınmalı amildir.Bu baxımdan Abbas Əraqçi yaxşı anlayır ki, ABŞ-ın İrana qarşı zərbələrinin intensivliyini azaltmağın yollarından biri region ölkələrinin ABŞ-a öz ərazilərindən və hərbi infrastrukturundan istifadə etməyə imkan verməsinin qarşısını almaqdır.ABŞ İrana qarşı hərbi əməliyyatları əsasən Körfəz ölkələrində, o cümlədən Küveyt və Səudiyyə Ərəbistanında yerləşən hərbi infrastruktur hesabına həyata keçirir. İran tərəfi hesab edir ki, bu ölkələrə diplomatik və siyasi təsir göstərməklə onların ABŞ-la bağlı mövqeyində müəyyən dəyişikliklərə nail olmaq mümkündür.İran bütün məsələləri öz xeyrinə həll edə bilməsə də, ən azı hərbi əməliyyatların intensivliyini azaltmağa çalışır. Bu isə Tehranın diplomatik masaya daha əlverişli mövqedən qayıtmasına və danışıqlarda müəyyən üstünlüklər qazanmasına imkan verə bilər.Pakistanla Səudiyyə Ərəbistanı arasında uzun illərə söykənən yaxın siyasi, iqtisadi və hərbi münasibətlər mövcuddur. Digər tərəfdən, Pakistan İranla da diplomatik əlaqələrini qoruyub saxlaya bilən ölkələrdəndir. İran-ABŞ münasibətlərində Pakistanın müxtəlif dövrlərdə müəyyən vasitəçilik rolunda çıxış etdiyi də məlumdur.Bu səbəbdən İran Pakistanı Səudiyyə Ərəbistanı ilə münasibətlərin inkişaf etdirilməsi və Riyadla mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün etibarlı tərəfdaş kimi qiymətləndirə bilər. Tehran İslamabadın Riyadla yaxın münasibətlərindən istifadə etməklə Səudiyyə Ərəbistanının ABŞ-ın regional siyasəti ilə bağlı mövqeyinə müəyyən təsir göstərməyə çalışır.Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraqda yaranmış siyasi və təhlükəsizlik boşluğundan müxtəlif xarici güclər istifadə etməyə başladılar. Hazırda da ölkədə müxtəlif silahlı və siyasi qruplar, eləcə də xarici qüvvələrin təsir dairəsində olan proksi strukturlar fəaliyyət göstərir.İraqda fəaliyyət göstərən bəzi kürd qrupları ilə bağlı müxtəlif iddialar səsləndirilir. İran mediasında bu qrupların ABŞ-ın dəstəyi ilə İrana qarşı əməliyyatlara cəlb oluna biləcəyi barədə narahatlıqlar da ifadə olunub.Bununla yanaşı, İraqda ABŞ hərbi bazaları fəaliyyət göstərir. Bu bazalar Vaşinqtona İranın strateji obyektlərini hədəf almaq üçün əlavə imkanlar yaradır.Məhz buna görə İran tərəfi İraq faktorunu da müəyyən mənada neytrallaşdırmağa çalışır. Abbas Əraqçinin diplomatik təmaslarının məqsədlərindən biri İraq ərazisində yerləşən müxtəlif silahlı və proksi qüvvələrin İrana qarşı hərbi əməliyyatlara cəlb olunmasının qarşısını almaq, eyni zamanda ABŞ hərbi bazalarının İran əleyhinə aktiv istifadəsini məhdudlaşdırmaqdır.Yəni İran tərəfi İraqdan birbaşa öz mövqeyini müdafiə etməsini gözləmir. Əsas məqsəd İraq ərazisinin İrana qarşı hərbi əməliyyatlar üçün istifadə olunmaması və ölkənin mümkün qədər neytral mövqe tutmasıdır.Bütün bu diplomatik gedişlərin əsas məqsədi hərbi əməliyyatları dayandırmaq və ya ən azı onların intensivliyini azaltmaqdır. İran bunu elə formada həyata keçirməyə çalışır ki, münaqişə başa çatdıqdan sonra diplomatik masaya daha əlverişli və daha güclü mövqedən qayıda bilsin.Əgər Səudiyyə Ərəbistanının neytral mövqeyinə nail olunarsa, bu, digər ərəb ölkələrinin də ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında öz ərazilərindən və infrastrukturundan istifadə edilməsinə münasibətinə təsir göstərə bilər.İraq faktorunun neytrallaşdırılması isə ABŞ-ın İraqdakı hərbi bazalarından və ölkə ərazisindəki müxtəlif qüvvələrdən İrana qarşı istifadə imkanlarının məhdudlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.Pakistan isə bütün bu məqsədlərə nail olmaq üçün İranın etibar edə biləcəyi mühüm vasitəçilərdən biri hesab oluna bilər. İslamabadın Səudiyyə Ərəbistanı ilə yaxın münasibətləri Tehrana Riyadla dialoqu genişləndirmək, fikir ayrılıqlarını azaltmaq və Səudiyyə Ərəbistanının daha neytral mövqe tutmasına nail olmaq üçün əlavə imkanlar yarada bilər".
Müəllif: Günel Fərzəliyeva