PDF Oxu

Siyasət

  • 1 325

"Məşğulluğun təmin edilməsi Böyük qayıdışın əsas istiqamətlərindəndir" - POLİTOLOQ

image

"Böyük qayıdış proqramının icrası Azərbaycan dövləti üçün ən böyük və strateji layihələrdən biri hesab olunur. Təbii ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Böyük qayıdış layihəsinin daha fəal və sistemli şəkildə həyata keçirilməsi üçün əlverişli şərait yaratdı. Hesab edirəm ki, bu gün keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına mərhələli şəkildə qayıdışının təmin olunması Böyük qayıdış proqramının əsas tərkib hissəsini təşkil edir".Bunu SİA-ya politoloq Samir Hümbətov deyib.Onun sözlərinə görə, bu məsələdə xüsusi əhəmiyyət daşıyan əsas amillərdən biri həmin ərazilərdə zəruri şəraitin yaradılmasıdır:"Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və ətraf ərazilərinə nəzər saldıqda görürük ki, işğaldan sonrakı dövrdə bu ərazilərdə həyat, demək olar ki, tamamilə sönmüş vəziyyətdə idi. Yalnız bir neçə şəhərdə və yaşayış məntəqəsində az sayda erməni əsilli şəxsin yaşadığı müşahidə olunurdu. Xankəndidə, Şuşada, Laçında və digər bəzi ərazilərdə yaşayış mövcud olsa da, bu, əsasən kiçik qruplar şəklində idi.Bu baxımdan vətəndaşlarımızın həmin ərazilərə qayıdışı mərhələli şəkildə həyata keçirilən genişmiqyaslı və çoxşaxəli bir prosesdir. İlk növbədə infrastrukturun yaradılması mühüm şərtdir. Ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi də əsas prioritetlərdəndir. Bununla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına təhlükəsiz və davamlı şəkildə qayıdışı təmin edilir.Bu proses böyük maliyyə vəsaiti, zaman və geniş işçi qüvvəsi tələb edir. Eyni zamanda, müasir infrastrukturun qurulması, yaşayış məntəqələrinin yenidən salınması, sosial xidmətlərin təşkili, məşğulluğun təmin edilməsi və insanların normal həyat şəraitinə qovuşması xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar Böyük qayıdış proqramının uğurlu icrası üçün vacib şərtlərdir.Yeni qayıdış konsepsiyası çərçivəsində ərazilərin optimallaşdırılması da həyata keçirilir. Bu yanaşma kifayət qədər məqsədəuyğundur. Məsələn, əvvəllər bir-birindən uzaqda yerləşən, 15, 20, 30, 50 və ya 100 kənddən ibarət ərazilərdə kiçik yaşayış məntəqələri mövcud idi. Bəzi kəndlərdə cəmi 100-ə yaxın ev yerləşirdi. Yeni yanaşma isə daha böyük və müasir yaşayış məntəqələrinin salınmasına imkan yaradır. Məsələn, 500, 600 və hətta 1500 evdən ibarət kəndlərin yaradılması infrastrukturun daha səmərəli qurulmasına, sosial xidmətlərin isə daha əlçatan olmasına şərait yaradır.Hesab edirəm ki, bu prosesin həyata keçirilməsi heç də asan deyil və qısa müddətdə başa çatacaq layihə kimi qiymətləndirilə bilməz. Bu, uzunmüddətli, genişmiqyaslı və strateji hədəflərin mərhələli şəkildə reallaşdırılmasını tələb edən proqramdır.Düşünürəm ki, Böyük qayıdış konsepsiyası qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə, vətəndaşlarımızın Qarabağ və ətraf ərazilərdə mərhələli şəkildə məskunlaşmasına, məşğulluğun təmin edilməsinə və həmin ərazilərdə həyatın yenidən bərpa olunmasına imkan yaradır. Bu, Azərbaycan dövlətinin strateji hədəflərinin ardıcıl şəkildə həyata keçirilməsinə xidmət edir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər