PDF Oxu

Siyasət

  • 500

“Tarix yaradan şəxsiyyət – Heydər Əliyev erası”

image

Hər bir xalqın tarixində şəxsiyyət amili böyük rol oynamışdır. Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Tariximizin ən müxtəlif mərhələlərinə nəzər yetirdikdə biz bir daha bunun əyani şahidi oluruq. Heydər Əliyev belə şəxsiyyətlərdən biri olmuşdur. Zəngin və olduqca çətin həyat yolu keçmiş, fitri istedadı, müasirlərini həmişə heyran qoyan möhkəm hafizəsi, dəmir iradəsi və xarizması sayəsində sovet sistemi kimi totalitar bir cəmiyyətdə ən yüksək vəzifələrdə işləmiş bu böyük şəxsiyyətin fəaliyyəti öz xalqının tarixinin təxminən 35 illik bir hissəsini əhatə edir.
Heydər Əliyev hələ Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə kifayət qədər qapalı xarakter daşıyan və bilavasitə Moskvanın nəzarətində olan bu dövlət organına milli kadrların gətirilməsinə çalışmış və buna nail olmuşdur. Belə bir addım o dövr üçün olduqca təhlükəli idi. Ancaq Heydər Əliyev DTK-nın milliləşdirilməsi prosesini elə bir formada həyata keçirirdi ki, mərkəz buna qarşı birbaşa çıxa bilmirdi. Heydər Əliyev atdığı hər bir addımı dəqiq şəkildə, məntiqi cəhətdən əsaslandırırdı və nəticədə real təhlükələri aradan qaldırmağa müvəffəq olurdu.
Ən maraqlı məqamlardan biri də ondan ibarət idi ki, Ümummilli lider həmişə fəaliyyət göstərdiyi vəzifələrdə uğurla işləmişdir və ön planda olmağa heç vaxt üstünlük verməmişdir. Ola bilsin ki, burada sovet sisteminin özünün daxili mahiyyətindən irəli gələn bəzi amillərin , qeyri-adi istedadlardan və savadlı kadrlardan qorxmaq onlara qarşı repressiyalar yolu ilə mübarizə aparmaq ənənəsinin müəyyən rolu olmuşdur. Ancaq hamımız yaxşı bilirik ki, Heydər Əliyevi heç bir repressiya və ya həbs qorxuda bilməzdi.
Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması sahəsində böyük nailiyyətlərə səbəb oldu. Yeni birinci katib rəsmi tədbirlərdə məhz Azərbaycan dilində çıxış etməyə başladı. Respublika rəhbərinin Azərbaycan dilinə xüsusi münasibətini ifadə edən bu addım xalqın öz tarixi köklərinə qayıdışını və milli-mənəvi dəyərlərinə bağlılığını daha da möhkəm- ləndirməyə xidmət edirdi. Azərbaycan KP MK-nın birinci katibi o dövr üçün nə qədər qəribə təsir bağışlasa da, öz xalqının milli adət-ənənələrinin qorunmasına və mədəniyyətinin inkişafına da geniş yer ayırırdı. Ümummilli liderimiz xalqın milli oyanışını, onun tarixi yaddaşını, Azərbaycan dilini, adət-ənənələrimizin qorunmasını təmin etmişdi. Bununla yanaşı, Heydər Əliyev vicdan azadlığının təmin olunması sahəsində də böyük işlər görmüşdür. Onun rəhbərliyi illərində Sovet Azərbaycanında İslam dininin sıxışdırılmasına xidmət edən siyasət aradan qaldırılmışdı. 70-ci illərin səciyyəvi cəhətlərindən biri də ondan ibarət idi ki, uzun illər diqqətdən kənarda qalmış azərbaycanlı ziyalılar Heydər Əliyevin sayəsində dövlət qayğısını hiss etməyə başladılar. Respublikanın bir çox görkəmli alimləri Sovet İttifaqının ali dövlət mükafatları ilə təltif edildi, azərbaycanlı mütəxəssislərin ixtira və kəşfləri nəinki SSRİ-də, həm də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi mərkəzləri maraqlandırmağa başladı. Faktlar göstərir ki, Azərbaycanda dünyaya səs salan ən böyük elmi kəşflər məhz ötən əsrin 70-ci illərində edilmişdir.
Ötən əsrin 70-ci illərində Azərbaycanda ədəbiyyat adamlarına da xüsusi diqqət və qayğı göstərilirdi. Belə ki, yazıçı və şairlərimizin əsərləri, eləcə də klassik ədəbiyyatımızın ən sanballı nümunələri xarici dillərə tərcümə edilir. Azərbaycan ədəbi irsinin təbliğinə xüsusi əhəmiyyət verilirdi. Heydər Əliyevin sayəsində sovet cəmiyyətinin eybəcərliklərini göstərməyə çalışan ədəbi əsərlərin müəlliflərinə qarşı hər hansı repressiyaların tətbiq edilməsinə yol verilmirdi. Təsadüfi deyildir ki, Azərbaycanda o dövrdə bütün SSRİ üçün xarakterik olan dissident hərəkatının təzahürləri müşahidə olunmurdu. Musiqinin və mədəniyyətin inkişafına nail olmaq üçün bütün mövcud imkanlardan səmərəli şəkildə istifadə edilir, musiqiçilərimiz xarici qastrollara gedir, mədəniyyətimizi təbliğ edə bilirdilər.
Heydər Əliyev təhsilin səviyyəsinin yüksəldilməsini əsas məsələ kimi qiymətləndirirdi. Cəmiyyətin inkişaf qanunlarını dəqiq şəkildə bilən və gələcəyi görmək bacarığına malik olan bu böyük dövlət xadimi Azərbaycan xalqının intellektual potensialının inkişafına istiqamətlənmiş bir çox mühüm islahatlar aparmağa müvəffəq olmuşdur.Heydər Əliyev Azərbaycan dilinə böyük sevgi ilə yanaşır və ictimai şüurda da eyni münasibətin formalaşmasını təmin etməyə çalışırdı. O, Azərbaycan dilinin başqa dillərdən aşağı tutulması ilə razılaşmır və bunu açıq şəkildə bəyan etməkdən çəkinmirdi. Bu, 1978-ci ildə Azərbaycanın yeni Konstitusiyası qəbul edilərkən bir daha özünün təsdiqini tapdı. Azərbaycan KP MK-nın birinci katibi Konstitusiyada Azərbaycan dilinin Azərbaycan SSR-də dövlət dili kimi təsbit olunması məsələsini qaldırdı.
Heydər Əliyevin xidmətlərinin tarixi və siyasi əhəmiyyətini araşdırarkən, heç şübhəsiz ki, onun Sovet Azərbaycanına rəhbərlik etdiyi 14 ili xüsusi epoxa kimi qiymətləndirmək lazımdır. Respublikanın həmin illərdə qazandığı nailiyyətlər məhz Heydər Əliyevin həyata keçirdiyi yeni strateji inkişaf konsepsiyasının real nəticəsi idi.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi. Bu, xalqımızın ən böyük tarixi nailiyyətlərindən biri idi. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən ictimai-siyasi qeyri-sabitlik milli dövlətçilik ənənələrinin formalaşdırılmasına ciddi şəkildə mane olmağa başlamışdı. Vəziyyətdən çıxmaq üçün qətiyyətli və siyasi cəhətdən təcrübəli bir şəxsin rəhbərliyə gəlməsi zərurətə çevrilmişdi. Azərbaycan xalqı artıq öz seçimini etmişdi və əhalinin böyük əksəriyyəti Heydər Əlivevin Bakıya dəvət olunması ideyasını dəstəkləyirdi.1993-cü ilin yayında bu ideya reallığa çevrildi.İyun ayının 15-də Azərbaycan Respublikasının Milli Məclisində Heydər Əliyev böyük səs çoxluğu ilə parlamentin sədri vəzifəsinə seçildi.Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra ölkədə ictimai-siyasi sabitliyin yaradılması istiqamətində qəti addımlar atıldı. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş bir çox tədbirlər uğurla nəticələndi. Azərbaycan xalqının ümummilli lideri qısa vaxt ərzində vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı. 1993-cü ildən Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda genişmiqyaslı hüquqi islahatlar da aparıldı. Bu dövrdən etibarən müstəqil Azərbaycan dövlətinin ümumi inkişaf strategiyasının hüquqi parametrlərini müəyyənləşdirən bir sıra mühüm addımlar atıldı. Bu addımlardan biri Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi oldu.
Prezident Heydər Əliyevin bilavasitə rəhbərliyi altında hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Əsas Qanunumuz Azərbaycanın suverenliyinin və müstəqilliyinin qorunmasını, ölkə vətəndaşlarının hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsini dövlət üçün prioritet vəzifələr kimi təsbit etmişdir. Ulu öndər Azərbaycanda tarixi ənənələri və müasir dövlətçilik prinsiplərini özündə birləşdirən yeni bir idarəetmə məktəbi yaratdı və respublikamızın müstəqillik illərində qazandığı nailiyyətlər bu yeni sistemin uğuru kimi qiymətləndirilməyə layiqdir. Heydər Əliyev elə bir tarixi şəxsiyyət idi ki, onun fenomenal istedadını hətta rəqibləri də etiraf etməyə məcbur olurdular.
XXI əsrin əvvəllərində artıq Azərbaycanda müstəqilliyin dayaqları tamamilə möhkəmləndirilmiş və ölkə yeni inkişaf mərhələsinə qədəm qoymuşdu.

Ülkər Abdullayeva
Göyçay rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi

Digər xəbərlər