PDF Oxu

Siyasət

  • 716

Müttəfiqlik münasibətləri: böyük məsuliyyət, ortaq iradə və etibarlı tərəfdaşlıq - ŞƏRH

image

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında müttəfiqlik münasibətlərinin qurulması yalnız siyasi iradənin deyil, həm də qarşılıqlı etimadın, ortaq strateji baxışın və uzunmüddətli əməkdaşlıq perspektivlərinin göstəricisidir. Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər Azərbaycan–Qırğızıstan münasibətlərinin məhz bu prinsiplər üzərində yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, "Bu gün biz dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq" ifadəsi iki qardaş ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir.
Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri etibarlı tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasıdır. Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və prinsipial diplomatiya nəticəsində ölkəmiz yalnız regional deyil, Avrasiya məkanında da etibarlı tərəfdaş kimi qəbul edilir. Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi də məhz bu siyasətin məntiqi nəticəsidir. Burada söhbət yalnız dostluq münasibətlərindən deyil, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəkdən, iqtisadi inteqrasiyadan, təhlükəsizlik sahəsində koordinasiyadan və ortaq maraqların birlikdə müdafiəsindən gedir.
Prezident İlham Əliyevin "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri xüsusi diqqətə layiqdir. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərə baxışını aydın şəkildə ifadə edir. Rəsmi Bakı üçün müttəfiqlik formal siyasi status deyil, konkret öhdəliklər, qarşılıqlı etimad və strateji məsuliyyət deməkdir. Məhz buna görə də Azərbaycan bütün tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət, bərabərlik və milli maraqlara əsaslanan siyasət üzərində qurur.
Azərbaycan və Qırğızıstanı yaxınlaşdıran amillər yalnız ortaq tarixi və mədəni köklərlə məhdudlaşmır. Hər iki ölkə Türk dünyasının həmrəyliyinin gücləndirilməsi, regional təhlükəsizliyin möhkəmləndirilməsi, nəqliyyat-kommunikasiya marşrutlarının inkişafı və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində oxşar mövqedən çıxış edir. Bu baxımdan müttəfiqlik münasibətləri gələcək əməkdaşlıq üçün daha möhkəm siyasi və hüquqi baza yaradır.
Diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin beynəlxalq platformalarda qarşılıqlı dəstəyə xüsusi önəm verməsidir. Dövlət başçısı bəyanatında vurğuladı ki, Azərbaycan və Qırğızıstan bundan sonra da həm beynəlxalq təşkilatlarda, həm iqtisadi-ticari sahədə, həm də təhlükəsizlik məsələlərində bir-birini dəstəkləyəcək. Bu yanaşma hazırkı mürəkkəb geosiyasi şəraitdə qarşılıqlı etimada əsaslanan əməkdaşlığın əhəmiyyətini daha da artırır.
Səfər zamanı imzalanan sənədlər paketi də münasibətlərin çoxşaxəli xarakterini nümayiş etdirdi. Nəqliyyat, energetika, rəqəmsal inkişaf, kibertəhlükəsizlik, statistika, şəhərlərarası əməkdaşlıq və digər sahələri əhatə edən sənədlər iki ölkə arasında əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir. Bu isə onu göstərir ki, Azərbaycan–Qırğızıstan münasibətləri artıq ayrı-ayrı layihələrdən ibarət deyil, uzunmüddətli strateji tərəfdaşlıq modelinə çevrilməkdədir.
Bu gün Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni regional əməkdaşlıq platformaları, Türk dünyasında inteqrasiya prosesləri və Mərkəzi Asiya ilə inkişaf edən əlaqələr fonunda Qırğızıstanla müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi xüsusi siyasi məna daşıyır. Bu addım təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Türk dünyasında həmrəyliyin, qarşılıqlı etimadın və ortaq strateji maraqların daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan öz xarici siyasətində etibarlı tərəfdaşlıq modelini ardıcıl şəkildə inkişaf etdirir. Qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və strateji etimada əsaslanan Azərbaycan–Qırğızıstan müttəfiqliyi isə təkcə iki qardaş dövlət üçün deyil, bütövlükdə Türk dünyasında siyasi həmrəyliyin və regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Elman Quliyev,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru

Digər xəbərlər