PDF Oxu

Siyasət

  • 565

Çolpon-Ata Bəyannaməsi və Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının yeni mərhələsi - ŞƏRH

image

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi reallıqlar sürətlə dəyişir, yeni əməkdaşlıq formatları meydana çıxır və dövlətlər regional tərəfdaşlıq mexanizmlərini daha da gücləndirməyə çalışırlar. Bu baxımdan Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri zamanı əldə olunan nəticələr yalnız Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafı baxımından deyil, bütövlükdə Azərbaycanın Mərkəzi Asiya siyasətinin yeni mərhələyə qədəm qoymasının göstəricisi kimi xüsusi əhəmiyyət daşıyır. Səfərin ən mühüm siyasi nəticələrindən biri isə Çolpon-Ata Bəyannaməsinin qəbulu oldu.
Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini keyfiyyətcə yeni müstəviyə yüksəldib. Tarixi dostluq, ortaq türk kimliyi, qarşılıqlı hörmət və milli maraqların uzlaşması bu əməkdaşlığın əsasını təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursu nəticəsində Azərbaycan bu gün Mərkəzi Asiya regionu ilə siyasi dialoqu, iqtisadi əməkdaşlığı, nəqliyyat-logistika əlaqələrini və humanitar münasibətləri ardıcıl şəkildə inkişaf etdirən etibarlı tərəfdaş kimi çıxış edir.
Çolpon-Ata Bəyannaməsi məhz bu strateji xəttin davamı olmaqla yanaşı, Azərbaycanın regionla əlaqələrinin institusional əsaslarını daha da möhkəmləndirən mühüm siyasi sənəddir. Sənəd dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətin vacibliyini bir daha təsdiqləyir, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərini müəyyənləşdirir. Bu baxımdan Bəyannamə təkcə cari əməkdaşlığın nəticəsi deyil, gələcək inkişafın yol xəritəsi kimi də dəyərləndirilə bilər.
Prezident İlham Əliyev mətbuata bəyanatında Mərkəzi Asiya ölkələrinin dövlət başçılarına Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunmasına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Dövlət başçısının bu fikri Azərbaycanın region dövlətləri ilə formalaşdırdığı yüksək etimad mühitinin və qarşılıqlı siyasi dəstəyin növbəti təsdiqidir. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının artıq ayrı-ayrı ikitərəfli münasibətlər çərçivəsini aşaraq regional platformalarda da yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin dərinləşməsində Orta Dəhlizin inkişafı xüsusi yer tutur. Şərqlə Qərbi birləşdirən bu strateji nəqliyyat marşrutu həm region ölkələrinin iqtisadi maraqlarına xidmət edir, həm də Avrasiya məkanında yeni logistika xəritəsinin formalaşmasına töhfə verir. Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu, Xəzər dənizində həyata keçirdiyi iri layihələr və tranzit imkanları Mərkəzi Asiya dövlətləri üçün də mühüm əhəmiyyət kəsb edir. Bu mənada Çolpon-Ata Bəyannaməsi nəqliyyat, logistika, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından da mühüm perspektivlər açır.
Azərbaycanın Mərkəzi Asiya siyasətinin əsas xüsusiyyətlərindən biri münasibətlərin yalnız iqtisadi maraqlar üzərində deyil, ortaq tarixi-mədəni dəyərlər və türk həmrəyliyi prinsipləri əsasında qurulmasıdır. Məhz buna görə də son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin sürətlənməsi, dövlət başçıları arasında müntəzəm siyasi dialoq və birgə təşəbbüslərin həyata keçirilməsi regionda yeni əməkdaşlıq mühiti formalaşdırıb. Çolpon-Ata Bəyannaməsi də bu proseslərin məntiqi davamı kimi Türk dünyasında siyasi, iqtisadi və humanitar inteqrasiyanın daha da gücləndirilməsinə xidmət edir.
Bu gün Azərbaycan yalnız Cənubi Qafqazın aparıcı dövləti deyil, eyni zamanda Avrasiya məkanında etibarlı tərəfdaş və mühüm geosiyasi aktor kimi qəbul edilir. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində ölkəmiz Mərkəzi Asiya ilə Avropa arasında etibarlı körpü rolunu daha da möhkəmləndirib. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionlararası əməkdaşlığın yeni modelinin formalaşmasına da töhfə verir.
Çolpon-Ata Bəyannaməsi göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər artıq yeni strateji məzmun qazanıb. Qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli inkişaf hədəflərinə əsaslanan bu əməkdaşlıq modeli gələcək illərdə də regional sabitliyin, iqtisadi inkişafın və Türk dünyasında inteqrasiyanın mühüm hərəkətverici qüvvələrindən biri olacaq.

Nicat Cəfərov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala rayon Təhsil sektorunun müdiri

Digər xəbərlər