Dövlətlərarası münasibətlərdə elə hadisələr var ki, onlar təkcə diplomatik protokolun tərkib hissəsi deyil, eyni zamanda dövlətlərin bir-birinə verdiyi siyasi dəyərin, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın göstəricisi kimi tarixə düşür. Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri zamanı Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı şəkildə ali dövlət təltiflərinə layiq görülməsi də məhz belə əlamətdar hadisələrdən biridir. Prezident İlham Əliyevin Qırğız Respublikasının I dərəcəli "Manas" ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın ən yüksək dövlət mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi iki qardaş ölkə arasında münasibətlərin ən yüksək inkişaf səviyyəsinə çatdığını nümayiş etdirdi.
Beynəlxalq diplomatik praktikada ali dövlət ordenləri yalnız xüsusi xidmətlərə görə təqdim edilən mükafat deyil, həm də dövlətlər arasında formalaşmış etimadın, dostluğun və qarşılıqlı hörmətin rəmzi hesab olunur. Bu baxımdan qarşılıqlı təltifetmə mərasimi Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin artıq strateji tərəfdaşlıq çərçivəsini aşaraq müttəfiqlik mərhələsinə yüksəldiyini nümayiş etdirən mühüm siyasi mesaj idi.
Qırğız Respublikasının ən ali dövlət təltiflərindən biri olan "Manas" ordeni qırğız xalqının milli kimliyini, dövlətçilik ənənələrini və qəhrəmanlıq ruhunu təcəssüm etdirən böyük tarixi-mədəni irsin adını daşıyır. Prezident İlham Əliyevin bu ali ordenə layiq görülməsi Azərbaycan Prezidentinin iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, Türk dünyasında həmrəyliyin gücləndirilməsi və Mərkəzi Asiya ilə əməkdaşlığın inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsinin ifadəsidir.
Azərbaycanın ən yüksək dövlət mükafatı olan "Heydər Əliyev" ordeninin Qırğızıstan Prezidenti Sadır Japarova təqdim edilməsi də xüsusi siyasi məna daşıyır. Bu təltif Sadır Japarovun Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafına verdiyi töhfənin, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi ardıcıl dəstəyin, Qarabağın bərpası prosesində nümayiş etdirdiyi qardaşlıq mövqeyinin və Türk dünyasında əməkdaşlığın genişlənməsinə xidmət edən fəaliyyətinin yüksək qiymətləndirilməsinin ifadəsidir.
Son illər Prezident İlham Əliyev və Prezident Sadır Japarov arasında formalaşmış qarşılıqlı etimada əsaslanan səmimi münasibətlər iki ölkənin əməkdaşlığına yeni dinamika qazandırıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, müntəzəm görüşləri, ortaq layihələrin həyata keçirilməsi və mühüm beynəlxalq platformalarda nümayiş etdirdikləri həmrəylik Azərbaycan–Qırğızıstan münasibətlərinin davamlı inkişafını təmin edən əsas amillərdən birinə çevrilib. Ağdam rayonunda "Manas" adına məktəbin açılışı, Bakıda Çingiz Aytmatovun abidəsinin və parkının istifadəyə verilməsi, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması kimi təşəbbüslər bu münasibətlərin təkcə siyasi deyil, həm də humanitar əsaslar üzərində inkişaf etdiyini təsdiqləyir.
Qarşılıqlı ali dövlət təltifləri həm də Türk dünyasında inteqrasiya proseslərinin dərinləşməsinin rəmzi kimi qiymətləndirilə bilər. "Manas" türk xalqlarının ortaq tarixi-mənəvi irsini, "Heydər Əliyev" isə müasir Azərbaycan dövlətçiliyini və müstəqil türk dövlətləri arasında əməkdaşlığın inkişafına mühüm töhfələr vermiş siyasi irsi təcəssüm etdirir. Bu mənada iki ordenin qarşılıqlı təqdim olunması ortaq tarixi dəyərlərlə müasir strateji əməkdaşlıq arasında mənəvi və siyasi körpü yaradır.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik haqqında Müqavilə iki ölkə arasında münasibətlərin hüquqi əsaslarını yeni səviyyəyə yüksəltdi. Qarşılıqlı ali dövlət təltifləri isə bu müttəfiqliyin mənəvi və siyasi təsdiqi kimi çıxış etdi. Hüquqi sənədlər dövlətlərarası əməkdaşlığın çərçivəsini müəyyənləşdirirsə, ali dövlət ordenləri həmin əməkdaşlığın qarşılıqlı etimad və dostluq üzərində qurulduğunu nümayiş etdirir.
Bu gün Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər ortaq tarixə, ümumi dəyərlərə, qarşılıqlı hörmətə və strateji maraqlara əsaslanır. Prezident İlham Əliyev və Prezident Sadır Japarovun ali dövlət təltifləri ilə qarşılıqlı şəkildə təltif olunması isə bu münasibətlərin yalnız bugünkü səviyyəsini deyil, həm də gələcək inkişaf perspektivlərini özündə əks etdirən mühüm siyasi hadisə kimi tarixə düşdü. Bu hadisə bir daha təsdiqlədi ki, Azərbaycan–Qırğızıstan müttəfiqliyi təkcə imzalanan sənədlərlə deyil, yüksək etimad, səmimi dostluq və ortaq strateji baxışla möhkəmlənən uzunmüddətli tərəfdaşlıq modelidir.
Aqşin Hüseynli,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru