“Ağsaqqalına hörmət qoyan yerdə xəta-bəla olmaz, xeyir-bərəkət başdan aşar.” Bu fikirlər Lerik Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransında dilə gətirilib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun, Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmovun, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun, Şuranın üzvləri və ictimaiyyət nümayəndələrin iştirak etdikləri konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzülərək əziz xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə xalqımızın dahi oğlu, müstəqil Azərbaycanın qurucusu, görkəmli şəxsiyyət Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda canından keçib ölməzliyə qovuşan qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın giriş sözündə Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini Abel Məhərrəmovu və tədbir iştirakçılarını salamlayan rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov xalqın milli-mənəvi dəyərlərinin qızıl fondu hesab edilən ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyalarından və regionların inkişafına ayrılan diqqətdən geniş söhbət açıb.
Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov şuranın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin, Lerik Rayon Veteranlar Təşkilatının sədri Hidayət Bəşirovin, şəhid atası Hüseynverdi Rəhmətovun çıxışları da böyük maraqla dinlənilib.
Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından konfrans iştirakçılarını salamlayıb, növbəti dəfə rayonun ağsaqqalları, ziyalıları ilə görüşməkdən böyük məmnunluq hissi duyduğunu bildirib. Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayından, ölkə başçısı cənab İlham Əliyevin Qurultay iştirakçılarına unvanladığı müraciətdən və bu müraciətdə ağsaqqallara verdiyi yüksək dəyərdən danışıb.
Konfransın yekununda rayon Ağsaqqallar Şurası İdarə Heyətinin yeni tərkibi, Ağsaqqallar Şurasının və təftiş komissiyasının sədrləri səsvermə ilə seçiliblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü