Cari ilin 31 iyul tarixində Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri həm Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin dərinləşdirilməsi, həm də ümumilikdə Mərkəzi Asiya regionu ilə strateji əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edir.
Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı fikirlər Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə müəyyənləşdirir. Dövlətimizin başçısının “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri iki ölkənin gələcək fəaliyyətinin əsas siyasi xəttini ifadə edir. Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlarda, iqtisadi-ticari sahədə, təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində və digər bütün mühüm məsələlərdə bundan sonra da bir-birini dəstəkləyəcək. Bu yanaşma münasibətlərin strateji xarakter daşıdığını və uzunmüddətli əməkdaşlıq iradəsini nümayiş etdirir.
Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Ötən müddət ərzində siyasi dialoq ardıcıl şəkildə inkişaf edib, iqtisadi, humanitar, mədəni, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlıq genişlənib. Müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlər, Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti və imzalanan çoxsaylı sənədlər münasibətlərin möhkəm hüquqi baza üzərində inkişaf etdiyini göstərir. Bu gün iki ölkə arasında əməkdaşlıq yalnız mövcud əlaqələrin qorunmasına deyil, eyni zamanda yeni istiqamətlərin müəyyənləşdirilməsinə və uzunmüddətli inkişaf hədəflərinin reallaşdırılmasına xidmət edir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər də məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı əldə olunan razılaşmalar ikitərəfli münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirməklə yanaşı, gələcək əməkdaşlığın əsas istiqamətlərini də müəyyənləşdirir. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqama xüsusi diqqət çəkərək bildirdi ki, imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir.
İki dost və qardaş ölkənin biri-birinin iqtisadiyyatına yatırdıqları investisiyaların da həcmi hər il artır. Belə ki, 2026-cı ilin iyulun 1-nə olaq dövrədək Azərbaycanda kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, nəqliyyat, xidmət sektorlarında Qırğızıstan investisiyalı 97 kommersiya qurumu qeydiyyatdadır, onlardan 39-nun fəaliyyəti aktivdir.
Həmçinin indiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiya axınlarının həcmi 68,8 milyon dollar təşkil edir. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür. Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 29 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Qırğızıstana 25,5 milyon dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan ölkəmizə isə 3,4 milyon dollarlıq məhsul idxal edilib. Keçən il isə iki ölkə arasında ticarət dövriyyəsi 77,1 milyon dollardan çox olub.
Cari ilin birinci rübünə dair iqtisadi göstəricilər də əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunuəks etdirir. Türk dövlətlərinin ümumi ÜDM-i 673,6 milyard ABŞ dollarına, əhalisi 178,8 milyon nəfərə, ümumi ticarət dövriyyəsi isə 326 milyard ABŞ dollarına çatıb. Qırğızıstan iqtisadiyyatı 10,1 faiz, sənaye istehsalı 14 faiz, əsas kapitala investisiyalar 25,5 faiz, bank sektorunun aktivləri isə 23 faiz artıb.
Məhz bu uğurlar Qırğızıstanın regionun ən dinamik inkişaf edən iqtisadiyyatlarından birinə çevrildiyini göstərir. Azərbaycan isə nəqliyyat-logistika infrastrukturu, enerji layihələri və investisiya mühitinin inkişafı sahəsində topladığı təcrübə ilə Qırğızıstan üçün mühüm tərəfdaş rolunu oynayır. Bu baxımdan iki ölkənin iqtisadi modelləri bir-birini tamamlayır.
Səbuhi Əliyev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı