PDF Oxu

Siyasət

  • 1 009

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıqdan müttəfiqliyə - ŞƏRH

image

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin əsasını ortaq tarixi-mədəni köklər, türk kimliyi və müstəqillik tarixinin oxşarlığı təşkil edir. Hər iki dövlət 1991-ci ildə müstəqilliyini bərpa etsə də, diplomatik münasibətlər 1993-cü ildə qurulmasına baxmayaraq, uzun müddət əməkdaşlıq gözlənilən sürətlə inkişaf etməmişdir. Bunun əsas səbəbi Qırğızıstanda mövcud olan siyasi qeyri-sabitlik idi.2021-ci ildə Prezident Sadır Japarovun hakimiyyətə gəlməsindən sonra Azərbaycan–Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçıları arasında intensiv qarşılıqlı səfərlər və yüksək səviyyəli siyasi dialoq nəticəsində əlaqələr strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bunun hüquqi əsası əvvəlcə 2022-ci ildə imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, daha sonra isə 2025-ci ildə imzalanmış "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə möhkəmləndirilmişdir.
Prezident İlham Əliyevin Qırğızıstana son dövlət səfəri ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndiyini nümayiş etdirmişdir. Səfər çərçivəsində imzalanan sənədlər, Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon ABŞ dollarına çatdırılması və İssık-Kul gölü sahilində inşa edilən "Bakı" hotelinin açılışı iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.Humanitar sahədə əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən biridir. Ağdamda Qırğızıstan tərəfindən tikilən "Manas" adına məktəb, Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması, Bişkekdə Qırğızıstan–Azərbaycan Dostluq Parkının yaradılması, eləcə də qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlar arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirir.
Azərbaycan ilə Qırğızıstan arasında yaxınlaşma yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və regional təhlükəsizliyin güclənməsinə də mühüm töhfə verir. Prezident İlham Əliyevin türk dövlətlərinin birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət bu prosesdə xüsusi rol oynayır.
Bütövlükdə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltməklə yanaşı, Türk dünyasında inteqrasiyanın dərinləşməsinə, Orta Dəhlizin inkişafına və regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
Mahiyəddin Mazanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər