Avqustun 5-də Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının Respublika Süni Mayalanma Mərkəzi ərazi partiya təşkilatında “Prezident İlham Əliyevin Qırğızıstana səfəri: Azərbaycan - Qırğızıstan strateji tərəfdaşlığı yeni mərhələdə” mövzusunda tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin müavini Zamir Hüseynov bildirib ki, Azərbaycan Respublikası ilə Qırğızıstan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq, tarixinin ən yüksək inkişaf səviyyəsinə çatıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasət nəticəsində iki qardaş ölkə arasında əlaqələr ənənəvi dostluq münasibətlərindən strateji tərəfdaşlığa, hətta indiki dövrdə müttəfiqlik səviyyəsinə yüksəlib: “Bu inkişaf yalnız ikitərəfli münasibətlərin dinamikasını əks etdirmir, eyni zamanda Türk dünyasında siyasi həmrəyliyin, qarşılıqlı etimadın və ortaq strateji maraqların daha da möhkəmləndiyini nümayiş etdirir. Məhz bu baxımdan möhtərəm Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri mühüm siyasi və geostrateji əhəmiyyət daşıyır”.
Respublika Süni Mayalanma Mərkəzinin direktoru Ceyhun Nəsibov çıxışında bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirdiyi görüşlər və imzalanan sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərinin bütün istiqamətlər üzrə sistemli şəkildə inkişaf etdiyini bir daha nümayiş etdirir. Vurğulanıb ki, dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti hərtərəfli təhlil olunması, gələcək əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və regional gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Respublika Süni Mayalanma Mərkəzi ərazi partiya təşkilatının sədri Ramin Abbasov qeyd edib ki, son illər Azərbaycan Respublikasının müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qurulması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, etibarlı tərəfdaş imicinin və diplomatik çəkisinin bariz göstəricisidir. Qeyd edilib ki, Azərbaycan Respublikası bu gün təkcə regionun aparıcı dövləti kimi deyil, həm də qlobal miqyasda etibarlı söz sahibi, təşəbbüsləri dəstəklənən və əməkdaşlığı arzu olunan tərəfdaş kimi qəbul edilir. Qırğızıstanla müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi də məhz bu uğurlu diplomatik xəttin məntiqi davamıdır.
Partiyanın gənc fəalı Nicat Məmmədov tədbirdə çıxış edərək qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Müqavilənin imzalanması tarixi hadisədir, eyni zamanda Azərbaycan-Qırğızıstan münasibətlərinin yeni mərhələsinin başlanğıcıdır.
Ərazi partiya təşkilatının üzvü Şəlalə Əliyeva çıxışında bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri bir daha nümayiş etdirir ki, dövlətimizin başçısının həyata keçirdiyi milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirir. O da vurğulanıb ki, imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Müqavilənin iki dövlət arasında münasibətlərin gələcək inkişafı üçün yol xəritəsi rolunu oynayacağına, siyasi dialoqu daha da intensivləşdirəcəyinə, iqtisadi əməkdaşlığı genişləndirəcəyinə, təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirəcəyinə şübhə yoxdur.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.