PDF Oxu

Siyasət

  • 1 135

"Yeni Səngəçal yarımstansiyası strateji əhəmiyyət daşıyır" - DEPUTAT

image

"Avqustun 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Yeni Səngəçal elektrik yarımstansiyası Azərbaycanın elektroenergetika sistemində həyata keçirilən modernləşmə və islahatların mühüm tərkib hissəsidir".Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, bu layihə ölkədə bərpa olunan enerji mənbələrinin inkişafı və onların vahid enerji sisteminə inteqrasiyası istiqamətində atılan strateji addımlardan biridir:"Yeni yarımstansiya Cəbrayıl rayonunda inşa edilən 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının ölkənin enerji sisteminə inteqrasiyasını təmin edəcək. Bununla yanaşı, Səngəçal Terminalının və "Şahdəniz" Kompressor Stansiyasının elektrik enerjisi ilə təchizatı da məhz bu yarımstansiya vasitəsilə həyata keçiriləcək. Beləliklə, Cəbrayılda istehsal olunan günəş enerjisi vahid enerji sisteminə ötürülərək Azərbaycanın ən strateji enerji infrastruktur obyektlərindən biri olan Səngəçal Terminalının enerji təminatında istifadə ediləcək.Layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kVt-saat elektrik enerjisinə olan tələbatı bərpa olunan enerji hesabına ödəniləcək. Bu isə hər il 120–150 milyon kubmetr təbii qaza qənaət edilməsinə və karbon emissiyalarının 260–330 min ton azalmasına imkan verəcək. Beləliklə, həm ekoloji dayanıqlıq güclənəcək, həm də ixrac üçün əlavə təbii qaz həcmləri formalaşacaq.Hazırda Azərbaycanda günəş və külək elektrik stansiyalarının tikintisi üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Hədəf 2032-ci ilədək ölkədə 8 GVt bərpa olunan enerji gücünün yaradılmasıdır. Bu potensial daxili elektrik enerjisi tələbatının əhəmiyyətli hissəsinin bərpa olunan mənbələr hesabına ödənilməsinə, böyük həcmdə təbii qaza qənaət edilməsinə, eyni zamanda elektrik enerjisi və təbii qaz ixracının artırılmasına şərait yaradacaq.Yeni Səngəçal yarımstansiyası, tikilmiş və tikilməkdə olan yüksək gərginlikli elektrik ötürücü xətlər, eləcə də yeni bərpa olunan enerji stansiyalarının milli şəbəkəyə qoşulması imkanlarının genişləndirilməsi Azərbaycanın enerji sisteminin dayanıqlığını və etibarlılığını daha da artıracaq. Bu layihələr enerji təchizatının fasiləsizliyini təmin etməklə yanaşı, ölkənin ixrac potensialını gücləndirəcək və Azərbaycanın regional enerji mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.Eyni zamanda, Yeni Səngəçal yarımstansiyası Azərbaycanın "yaşıl enerji" strategiyasının reallaşdırılmasında mühüm rol oynayacaq. Layihə bərpa olunan enerji mənbələrinin enerji balansında payının artmasına, enerji sisteminin çevikliyinin yüksəldilməsinə və ölkənin uzunmüddətli enerji təhlükəsizliyinin daha etibarlı əsaslar üzərində qurulmasına xidmət edir. Bu baxımdan yarımstansiya təkcə yeni enerji infrastrukturu deyil, həm də Azərbaycanın enerji keçidi strategiyasının mühüm elementlərindən biri hesab oluna bilər."

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər