PDF Oxu

Siyasət

  • 1 130

"Müsəlman ölkələri problemləri dialoq yolu ilə həll etməlidirlər" - POLİTOLOQ DANIŞDI

image

"Hazırda Səudiyyə Ərəbistanının husilərə qarşı yeni koalisiya formalaşdırması ilə bağlı məlumatlar yayılır. Bu prosesdə Səudiyyə Ərəbistanının əsas rol oynadığı bildirilir. Məlum olduğu kimi, Yəməndə uzun illərdir vətəndaş müharibəsi və silahlı qarşıdurma davam edir".Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.Politoloqun sözlərinə görə, münaqişədə müxtəlif tərəflər və qüvvələr iştirak edir. Yəmənin rəsmi hakimiyyətini Səudiyyə Ərəbistanı dəstəkləyir: Husilər isə İranın dəstəyindən faydalanırlar. Eyni zamanda, Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi müxtəlif silahlı və siyasi qruplar da mövcuddur. Bu baxımdan, Yəməndə olduqca mürəkkəb və müəyyən mənada anarxik vəziyyət yaranıb. Hətta bəzi məqamlarda Yəməndəki vəziyyətin Suriyadakı proseslərdən daha mürəkkəb olduğunu söyləmək mümkündür.Suriyada vəziyyətin müəyyən qədər sabitləşməyə və vətəndaş müharibəsinin nəticələrinin aradan qaldırılmasına doğru getdiyini müşahidə edirik. Təbii ki, bu, Suriyada bütün problemlərin həll olunduğu anlamına gəlmir. Lakin vətəndaş müharibəsi və silahlı qarşıdurma baxımından vəziyyətin müəyyən qədər yaxşılaşdığını görmək mümkündür. Yəməndə isə təəssüf ki, vətəndaş münaqişəsi hələ də davam edir.Bu proseslə yanaşı, Səudiyyə Ərəbistanının neft obyektlərinə və enerji infrastrukturuna qarşı müxtəlif hücumlar da həyata keçirilib. Təbii ki, bu hücumların arxasında İranın dayandığı ilə bağlı iddialar və ittihamlar mövcuddur. Bütün bunlar İran–Səudiyyə Ərəbistanı münasibətlərindəki gərginlik, eləcə də ABŞ–İran münasibətlərində mövcud olan qarşıdurma fonunda regiondakı vəziyyəti daha da mürəkkəbləşdirir.Belə bir şəraitdə region ölkələrinin bir araya gəlməsi və mövcud problemlərin həlli üçün öz aralarında dialoq aparmağa çalışması müsbət haldır. Hesab edirəm ki, müsəlman ölkələri regionda yaranan problemlərin həllinə ilk növbədə özləri töhfə verməyə çalışmalıdırlar. Onlar qarşılıqlı anlaşma yaratmalı, fikir ayrılıqlarını dialoq və diplomatik yollarla aradan qaldırmalıdırlar.Region ölkələri xarici güclərin maraqlarının həyata keçirildiyi bir məkana çevrilməməlidir. ABŞ, İsrail, Çin və ya Rusiyanın geosiyasi maraqlarının alətinə çevrilmək əvəzinə, müsəlman ölkələri öz milli və regional maraqlarını əsas götürərək əməkdaşlıq etməlidirlər. Təəssüf ki, hazırda bəzi müsəlman ölkələri ABŞ-ın, digərləri isə Çin və Rusiyanın maraqlarına uyğun siyasət yürüdür. Bu isə regiondakı parçalanmanı və qarşıdurmaları daha da dərinləşdirir.Məhz buna görə də müsəlman ölkələrinin bir araya gələrək mövcud problemləri müzakirə etməsi və qarşılıqlı razılaşmalar əsasında həll yolları axtarması daha məqsədəuyğun olardı. Ümid edirəm ki, keçirilən görüşlər və aparılan danışıqlar müsbət nəticələr verəcək.Burada Türkiyənin rolunu da xüsusi qeyd etmək lazımdır. Türkiyə Suriyada olduğu kimi, Yəməndə və regionun digər böhranlı nöqtələrində də qanlı vətəndaş müharibələrinin, müsəlman ölkələri arasında qarşıdurmaların və silahlı münaqişələrin dayandırılması istiqamətində fəaliyyət göstərməyə çalışır. Bu istiqamətdə müxtəlif diplomatik təşəbbüslər irəli sürür və addımlar atır.Husilərə qarşı yaradılması ehtimal olunan koalisiya ilə bağlı yayılan məlumatlarda Türkiyənin də adı çəkilir. Lakin bu prosesin hansı istiqamətdə inkişaf edəcəyini və tərəflər arasında münasibətlərin necə formalaşacağını zaman göstərəcək.Bizim də müsəlman ölkələri olaraq əsas marağımız ondan ibarət olmalıdır ki, region dövlətləri bir-biri ilə anlaşsın, mövcud fikir ayrılıqlarını sülh və dialoq yolu ilə həll etsinlər. Ümid edirik ki, müsəlman coğrafiyasında sülh, sabitlik və əmin-amanlıq bərqərar olacaq".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər