Azərbaycan ilə Qırğızıstan arasında tarixən formalaşmış dostluq münasibətləri ortaq türk kökləri, zəngin mədəni irs və qarşılıqlı hörmət prinsipləri üzərində inkişaf edib. Son illərdə dövlət başçıları arasında formalaşan səmimi siyasi dialoq bu əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb. Prezident İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri isə iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirən mühüm siyasi hadisə kimi dəyərləndirilir.
Səfər çərçivəsində keçirilən təkbətək görüşlər, nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar, mətbuata verilən birgə bəyanatlar, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası, eləcə də Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşü iki ölkənin gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən mühüm platformalar oldu. Dövlət başçılarının çıxışlarında səsləndirilən fikirlər qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da gücləndirilməsinə xidmət edən mühüm mesajlarla yadda qaldı.
Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycan və Qırğızıstan bundan sonra da bütün beynəlxalq və regional təşəbbüslərdə bir-birini dəstəkləyəcək. Dövlət başçısı qeyd etdi ki, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və hər iki ölkə bu məsuliyyəti bölüşməyə tam hazırdır. Onun sözlərinə görə, iqtisadiyyat, ticarət, təhlükəsizlik və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi qarşıdakı dövrün əsas prioritetlərindən biridir.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov da çıxışında imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni iki ölkənin münasibətlərində tarixi dönüş nöqtəsi kimi qiymətləndirdi. O bildirdi ki, Qırğızıstan və Azərbaycan uzun illərdir qarşılıqlı dəstək prinsipi ilə əməkdaşlıq edir və bundan sonra da beynəlxalq əhəmiyyətli məsələlərdə ortaq mövqe nümayiş etdirməyə davam edəcəklər.
Səfərin ən mühüm nəticələrindən biri məhz müttəfiqlik münasibətlərinə dair müqavilənin imzalanması oldu. Bu sənəd Bakı ilə Bişkek arasında siyasi əlaqələrin daha yüksək səviyyəyə yüksəldiyini təsdiqləməklə yanaşı, strateji əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirdi. Eyni zamanda, müqavilə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır.
Müqavilədə xarici siyasət sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Bu sənəd tərəflərə beynəlxalq və regional təşkilatlar çərçivəsində daha sıx əməkdaşlıq etməyə, ümumi maraq doğuran məsələlər üzrə mövqelərini uzlaşdırmağa və qarşılıqlı dəstəyi gücləndirməyə imkan yaradır. Belə yanaşma hər iki ölkənin beynəlxalq nüfuzunun artmasına və siyasi tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.
Sənəddə müdafiə və hərbi-texniki əməkdaşlığın inkişafına da xüsusi yer ayrılıb. Müasir dövrdə təhlükəsizlik çağırışlarının artdığı, hibrid təhdidlərin geniş yayıldığı bir şəraitdə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət daşıyır. Qarşılıqlı təcrübə mübadiləsi, təhlükəsizlik sahəsində koordinasiya və yeni layihələrin həyata keçirilməsi iki dövlətin müdafiə potensialının güclənməsinə mühüm töhfə verəcək. Bu baxımdan, imzalanmış sənəd münasibətlərin gələcək inkişafı üçün əhatəli yol xəritəsi rolunu oynayır.
Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası da əməkdaşlığın geniş perspektivlərini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında qarşıya qoyulan bütün məqsədlərin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə etdi. Dövlət başçısı Qırğız-Azərbaycan Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, fondun maliyyə imkanlarının artırılması barədə qəbul olunan qərarın yeni layihələrin reallaşmasına imkan yaradacağını bildirdi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın İssık-Kul bölgəsinin turizm və infrastruktur layihələrinə verdiyi dəstəyi də xüsusi vurğuladı. Beşulduzlu “Bakı” hotelinin istifadəyə verilməsini iki dost ölkə arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirən dövlət başçısı bunun Azərbaycanın Qırğızıstanın turizm potensialının inkişafına verdiyi töhfələrdən biri olduğunu qeyd etdi.
Səfər çərçivəsində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşü də mühüm siyasi əhəmiyyət daşıdı. Görüşün yekununda qəbul olunan Çolpon-Ata Bəyannaməsi iştirakçı ölkələrin ortaq siyasi iradəsini ifadə edən, gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən mühüm sənəd kimi qiymətləndirilir. Bəyannamə regional əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı fəaliyyətin yeni mexanizmlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və praqmatik xarici siyasət nəticəsində Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini bütün istiqamətlər üzrə uğurla inkişaf etdirir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə əldə olunan nailiyyətlər regionlararası inteqrasiyanın güclənməsinə xidmət edir. Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi isə yalnız ikitərəfli əlaqələrin deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji əməkdaşlığın yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.
Elvin Əliyev
Yap Babək rayon təşkilatının sədr müavini