PDF Oxu

Siyasət

  • 642

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni strateji mərhələnin başlanğıcıdır

image

Azərbaycanın xarici siyasət konsepsiyasında Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi mühüm yer tutur. Ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlər üzərində qurulan bu münasibətlər son illərdə daha da intensiv xarakter almışdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğız Respublikasına etdiyi dövlət səfəri iki dost ölkə arasında münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr və əldə olunan razılaşmalar təkcə ikitərəfli əlaqələrin deyil, ümumilikdə Azərbaycanın Mərkəzi Asiya siyasətinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.

Çolpon-Ata şəhərində baş tutan danışıqlar zamanı dövlət başçıları qarşılıqlı maraq doğuran məsələləri geniş müzakirə etmiş, siyasi dialoqun daha da dərinləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul etmişlər. Səfərin əsas nəticələrindən biri kimi imzalanan Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm strateji sənəd kimi çıxış edir. Bu sənəd siyasi münasibətlərdən iqtisadi əməkdaşlığa, nəqliyyat və energetikadan humanitar sahələrə qədər geniş spektri əhatə edən yeni fəaliyyət çərçivəsi formalaşdırır.
Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Qırğızıstan arasında formalaşmış münasibətlərin qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını vurğuladı. Dövlət başçısı qeyd etdi ki, ölkələr arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələr iqtisadi və digər sahələrdə yeni layihələrin uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Prezident həmçinin bildirdi ki, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın uzunmüddətli və ardıcıl xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir. Bu əməkdaşlıq həm ikitərəfli münasibətlərin inkişafına, həm də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda ortaq maraqların müdafiəsinə mühüm töhfə verir.
Çolpon-Ata Bəyannaməsində dövlətlərin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə hörmət bir daha təsdiqlənmişdir. Eyni zamanda sənəddə iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, sənaye əməkdaşlığının inkişaf etdirilməsi və ticarət dövriyyəsinin artırılması istiqamətində konkret hədəflər müəyyən olunmuşdur. Bununla yanaşı, Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsi və yeni investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanların yaradılması da tərəflərin prioritetləri sırasında yer almışdır.
Səfər zamanı nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzində oldu. Prezident İlham Əliyev Orta Dəhlizin beynəlxalq yükdaşımalarında artan rolunu qeyd edərək Azərbaycanın bu marşrutun əsas iştirakçılarından biri olduğunu bildirdi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir dəmir yolu infrastrukturu və logistika mərkəzləri Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında etibarlı körpü rolunu oynayır. Çolpon-Ata Bəyannaməsində tranzit imkanlarının genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və daşımaların səmərəliliyinin artırılması ilə bağlı əldə olunan razılaşmalar regionun iqtisadi inteqrasiyasına mühüm töhfə verəcəkdir. Xüsusilə Qırğızıstan–Çin dəmir yolu layihəsinin gələcəkdə Orta Dəhlizlə əlaqələndirilməsi Avrasiya nəqliyyat sisteminin inkişafı baxımından strateji əhəmiyyət kəsb edir.
Dövlət səfərinin mühüm istiqamətlərindən biri də işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə Qırğızıstanın göstərdiyi dəstəyin yüksək qiymətləndirilməsi oldu. Prezident İlham Əliyev Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan tərəfindən inşa edilən məktəb binasını iki xalq arasında möhkəm dostluğun və qardaşlığın parlaq nümunəsi kimi dəyərləndirdi. Humanitar əməkdaşlıq sahəsində əldə edilən razılaşmalar çərçivəsində təhsil, mədəniyyət, turizm və gənclər siyasəti üzrə birgə layihələrin həyata keçirilməsi, ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı mədəni tədbirlərin təşkili nəzərdə tutulur.
Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, eyni zamanda Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə mühüm təkan verdi. Çolpon-Ata Bəyannaməsi ilə müəyyənləşdirilən yeni əməkdaşlıq istiqamətləri siyasi dialoqun dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, nəqliyyat imkanlarının artırılmasına və humanitar münasibətlərin daha da inkişafına geniş perspektivlər açır. Bütün bunlar göstərir ki, Azərbaycan və Qırğızıstan arasında qurulan möhkəm tərəfdaşlıq yalnız iki dövlətin milli maraqlarına deyil, bütövlükdə Türk dünyasının həmrəyliyinin güclənməsinə, Avrasiya məkanında sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir.

Türkanə Kərimova
Yap Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər