PDF Oxu

Siyasət

  • 596

Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq - ŞƏRH

image

Azərbaycan Respublikası ilə Mərkəzi Asiya dövlətləri, xüsusilə də Qırğız Respublikası arasında dostluq və qardaşlıq əlaqələri son illərdə özünün keyfiyyətcə yeni, strateji mərhələsinə qədəm qoyub. İki ölkə arasında mövcud olan tarixi, mədəni və köklü bağlar bu gün sürətlə inkişaf edən siyasi, iqtisadi və müttəfiqlik münasibətləri ilə daha da möhkəmlənir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana həyata keçirdiyi dövlət səfəri tərəflər arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm tarixi hadisə kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdən, ikitərəfli sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Qırğızıstan dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyevin öz bəyanatında səsləndirdiyi fikirlər iki ölkə arasındakı münasibətlərin dərinliyini və gələcəyə hesablanmış strateji mahiyyətini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı mətbuata bəyanatında xüsusi olaraq vurğuladı ki, Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər, xüsusən də Strateji Tərəfdaşlıq və Müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə tərəflərin üzərinə böyük öhdəliklər qoyur. Prezident İlham Əliyev bəyan etdi: "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq". Bu ifadə təkcə diplomatik bir bəyanat deyil, həm də iki qardaş dövlətin bütün sahələrdə bir-birinə qarşılıqlı dəstək vermək, beynəlxalq müstəvidə vahid mövqedən çıxış etmək və təhlükəsizlik, iqtisadiyyat, siyasi dialoq məsələlərində tam həmrəylik nümayiş etdirmək iradəsinin bariz göstəricisidir. Dövlət başçısı qeyd etdi ki, müttəfiqlik statusu hər iki tərəfdən prinsipiallıq, etibarlılıq və daimi uzlaşdırılmış fəaliyyət tələb edir. Azərbaycan hər zaman öz sözünə və imzasına sadiq olan bir dövlət kimi, Qırğızıstan ilə münasibətlərdə də bu məsuliyyəti tam şəkildə dərk edir və qardaş ölkə ilə birgə addımlamağa hazırdır. Bəyanatda vurğulanan əsas məqamlardan biri də iqtisadi platformada əməkdaşlığın genişləndirilməsi oldu. Son illərdə Azərbaycan-Qırğız İnvestisiya Fondunun fəaliyyətə başlaması, müxtəlif sahələrdə birgə layihələrin icrası ticarət dövriyyəsinin dəfələrlə artmasına təkan verib. Prezident İlham Əliyev bildirdi ki, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində yeni imkanlar mövcuddur. Hər iki ölkə Orta Dəhlizin (Xəzərüstü Beynəlxalq Nəqliyyat Marşrutu) imkanlarından maksimum yararlanmaqda və Mərkəzi Asiyanı Qafqaz vasitəsilə Avropa ilə birləşdirən nəqliyyat arteriyalarının səmərəliliyini artırmaqda maraqlıdır. Dövlət başçısı iki xalqın ortaq köklərə, dilə, dinə və mədəniyyətə sahib olmasının ikitərəfli əlaqələrin təməl daşı olduğunu diqqətə çatdırdı. Qırğızıstan və Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində sıx əməkdaşlığı Türk dünyasının inteqrasiyasına, regionda sülh və sabitliyin bərqərar olmasına böyük töhfə verir. Prezident İlham Əliyev Qırğızıstan rəhbərliyinə və xalqına göstərilən samimi qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, bu səfərin iki ölkə arasındakı müttəfiqlik münasibətlərini daha yüksək zirvələrə qaldıracağına əminliyini ifadə etdi. Prezident İlham Əliyevin Qırğızıstan səfəri və mətbuata bəyanatı Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə strateji və müttəfiqlik əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bir daha sübut etdi. Üzərinə götürülən bu böyük məsuliyyət hər iki dövlətin və xalqın rifahına, regional təhlükəsizliyə və dayanıqlı inkişaf xidmət edəcəkdir.

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər