PDF Oxu

Siyasət

  • 771

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni strateji mərhələ: müttəfiqlik, etimad və ortaq gələcəyə doğru

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, türk dünyasında həmrəyliyin gücləndirilməsi və regional əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi tarixə düşdü. Dövlət səfəri çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan sənədlər, əldə olunan razılaşmalar və dövlət başçılarının mətbuata verdikləri bəyanatlar Azərbaycan–Qırğızıstan münasibətlərinin artıq keyfiyyətcə yeni – müttəfiqlik mərhələsinə yüksəldiyini bir daha təsdiqlədi.

Azərbaycan ilə Qırğızıstanı ortaq tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və türk xalqlarına məxsus qardaşlıq bağları birləşdirir. Son illər ərzində dövlət başçılarının qarşılıqlı səfərləri, yüksəksəviyyəli siyasi dialoq və həyata keçirilən birgə layihələr bu münasibətlərin davamlı inkişafına mühüm töhfə verib. Prezident İlham Əliyevin bu səfəri isə mövcud əməkdaşlığı daha da dərinləşdirərək onu strateji müttəfiqlik müstəvisinə çıxardı.

Prezident İlham Əliyev mətbuata bəyanatında xüsusi vurğuladı ki, “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq.” Bu fikir Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və etibarlı xarici siyasətin mahiyyətini əks etdirir. Dövlət başçısı bildirdi ki, Azərbaycan və Qırğızıstan bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyəcək, iqtisadi-ticari əlaqələri daha da genişləndirəcək, təhlükəsizlik məsələlərində qarşılıqlı əməkdaşlığı gücləndirəcək və bütün beynəlxalq təşəbbüslərdə ortaq mövqedən çıxış edəcəklər.

Müttəfiqlik münasibətlərinin qurulması yalnız siyasi bəyanat deyil, eyni zamanda qarşılıqlı etimadın, ortaq maraqların və uzunmüddətli inkişaf strategiyasının ifadəsidir. Bu münasibətlər hər iki dövlətin regional və beynəlxalq proseslərdə mövqeyini daha da gücləndirir, türk dünyasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

Səfər çərçivəsində imzalanan sənədlər əməkdaşlığın geniş istiqamətlərini əhatə edir. Siyasi dialoq, iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm, mədəniyyət və humanitar sahələr üzrə əldə olunan razılaşmalar Azərbaycan–Qırğızıstan əlaqələrinin sistemli şəkildə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün imzalanan sənədlər gələcək əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirir və onların uğurla həyata keçiriləcəyinə tam əminlik yaradır.

Səfərin mühüm iqtisadi nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması barədə əldə olunan razılaşma oldu. Bu qərar iki ölkə arasında investisiya əməkdaşlığının daha da genişlənəcəyini, yeni istehsal müəssisələrinin yaradılacağını, sahibkarlığın inkişaf etdiriləcəyini və minlərlə yeni iş yerinin açılacağını göstərir. Fond vasitəsilə həyata keçirilən layihələr artıq real nəticələr verməkdədir və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi gözlənilir.

İqtisadi əməkdaşlığın uğurlu nümunələrindən biri də İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilmiş “Baku Resort & SPA” beşulduzlu hotelinin istifadəyə verilməsidir. “Bakı” adını daşıyan bu möhtəşəm layihə Azərbaycan investisiyasının Qırğızıstanın iqtisadi inkişafına verdiyi töhfənin parlaq nümunəsidir. Hotelin açılışı həm turizm sektorunun inkişafına, həm də ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyev çıxışında Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Qırğızıstan rəhbərliyinə və xalqına minnətdarlığını ifadə etdi. Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin tikilməsi və istifadəyə verilməsi qardaş Qırğız xalqının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına verdiyi mənəvi dəstəyin ən gözəl nümunələrindən biridir. Bu məktəb yalnız təhsil ocağı deyil, həm də Azərbaycan–Qırğızıstan dostluğunun, qardaşlığının və ortaq gələcəyə inamının rəmzidir.

Humanitar əməkdaşlıq da səfərin əsas istiqamətlərindən biri oldu. Prezident İlham Əliyev vurğuladı ki, xalqlarımızı ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər birləşdirir. Bakıda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və parkının yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, hər iki ölkədə Mədəniyyət Günlərinin keçirilməsi və digər humanitar layihələr xalqlarımız arasında mənəvi bağların daha da möhkəmləndiyini göstərir. Bu təşəbbüslər ortaq türk mədəni irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir

Səfər zamanı Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində də yeni mərhələ başlandı. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunması ölkəmizin regionda artan nüfuzunun, etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın və türk dünyasında oynadığı aparıcı rolun göstəricisidir. Eyni zamanda qəbul edilən Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, nəqliyyat-logistika əlaqələrinin və regional inteqrasiyanın inkişafına yeni imkanlar açır.

Dövlət səfərinin ən yaddaqalan hadisələrindən biri də qarşılıqlı ali dövlət təltiflərinin təqdim olunması oldu. Prezident İlham Əliyevin Qırğız Respublikasının I dərəcəli “Manas” ordeni ilə təltif edilməsi onun türk dünyasının birliyinə, Azərbaycan–Qırğızıstan dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrin yüksək qiymətləndirilməsinin təzahürüdür. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın ali dövlət mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunması dövlətlərimiz arasında qarşılıqlı hörmətin və yüksək etimadın bariz ifadəsidir.

Bütövlükdə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki, Azərbaycanın həyata keçirdiyi müstəqil, milli maraqlara əsaslanan və uzaqgörən xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirir. İki qardaş dövlət arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi yalnız Azərbaycan və Qırğızıstan üçün deyil, bütövlükdə türk dünyasının inteqrasiyası, regional təhlükəsizlik, iqtisadi inkişaf və sabitlik baxımından da mühüm əhəmiyyət daşıyır. Bu səfər bir daha sübut etdi ki, ortaq köklərə söykənən dostluq münasibətləri gələcəkdə daha böyük uğurların əsasını təşkil edəcək.

Cənab Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu davamlı olaraq artırır, dost və qardaş dövlətlərlə münasibətlərimizi daha da möhkəmləndirir. Azərbaycan–Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, ortaq dəyərlərə əsaslanan əməkdaşlığın genişlənməsi və türk dünyasının birliyinin gücləndirilməsi gələcək nəsillər üçün də mühüm örnəkdir. Təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri uşaqlarda vətənpərvərlik hissinin, milli-mənəvi dəyərlərə hörmətin, dostluq, qardaşlıq və həmrəylik ruhunun formalaşdırılmasıdır. Əminik ki, dövlətimizin qazandığı hər bir beynəlxalq uğur Azərbaycanın daha qüdrətli gələcəyinə, xalqımızın rifahına və gənc nəslin sağlam milli ruhda yetişməsinə mühüm töhfə verəcəkdir.

Səriyyə Əhmədova

YAP Naxçıvan şəhər təşkilatının ƏPT sədri,

Naxçıvan şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri

Digər xəbərlər