PDF Oxu

Siyasət

  • 831

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni tarixi mərhələ

image

Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və dövlət başçısının mətbuata verdiyi bəyanat iki ölkə arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi.

Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq." Bu fikir Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı etimadın, dostluğun və qardaşlığın artıq yeni məzmun kəsb etdiyini göstərir. Dövlət başçısının sözlərinə görə, bu gün dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qaldırılıb və bu, hər iki ölkənin ortaq siyasi iradəsinin nəticəsidir.

Azərbaycan və Qırğızıstanı ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Son illərdə ölkələr arasında siyasi dialoq intensivləşib, iqtisadi əməkdaşlıq genişlənib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək daha da güclənib. Dövlət başçılarının müntəzəm görüşləri bu münasibətlərin dinamik inkişafına mühüm təkan verir.

Səfər zamanı imzalanan sənədlər iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, logistika, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələri əhatə edir. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradır və qarşılıqlı layihələrin həyata keçirilməsinə yeni imkanlar açır.

Prezident İlham Əliyev bəyanatında beynəlxalq platformalarda əməkdaşlığın davam etdiriləcəyini də xüsusi vurğuladı. Azərbaycan və Qırğızıstan bundan sonra da beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyəcək, regional təhlükəsizliyin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Bu yanaşma türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat və logistika layihələri Qırğızıstan üçün də yeni iqtisadi imkanlar yaradır. Orta Dəhlizin inkişafı, Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının genişlənməsi və ticarət əlaqələrinin artırılması hər iki ölkənin iqtisadi maraqlarına cavab verir.

Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycanın xarici siyasətində türk dünyasının birliyi prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində qardaş ölkələrlə münasibətlər yeni məzmun qazanır, siyasi, iqtisadi və humanitar əlaqələr daha da dərinləşir.

Şübhəsiz ki, Bişkekdə əldə olunan razılaşmalar və səsləndirilən strateji mesajlar Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcək inkişafına mühüm töhfə verəcək. Müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yalnız iki ölkənin deyil, bütövlükdə türk dünyasında əməkdaşlığın, sabitliyin və rifahın güclənməsinə xidmət edən mühüm addım kimi tarixə düşəcək.

Sona Əsədova

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı,

YAP Naxçıvan şəhər təşkilatının fəalı

Digər xəbərlər