"Cənab Prezident hələ iki il əvvəl andiçmə mərasimində Azərbaycanın ailəsinin Türk dünyası olduğunu bəyan etmişdi. Bundan əvvəl də Azərbaycan türk dövlətləri ilə münasibətləri xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi".Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, bu gün artıq əminliklə demək olar ki, Azərbaycan həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ayrı-ayrı türk dövlətləri ilə münasibətlərdə dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan uğurlu əməkdaşlıq modeli formalaşdırıb:"Qırğızıstanla münasibətlərimiz də hər zaman yüksək səviyyədə olub. Bu münasibətlər həm dövlət başçıları və rəsmi qurumlar arasında, həm də Azərbaycan və qırğız xalqları arasında qarşılıqlı hörmət və etimada söykənir.Cənab Prezidentin Qırğızıstana son səfəri və burada "Bakı" otelinin açılışında iştirakı iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlığın növbəti təzahürü oldu. Səfərdə hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirakı Azərbaycan–Qırğızıstan münasibətlərində humanitar əməkdaşlığın nə qədər mühüm yer tutduğunu bir daha nümayiş etdirdi.Mehriban xanımın səhiyyə və digər sosial istiqamətlər üzrə obyektlərlə tanış olması, Qırğızıstanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirməsi və qardaş xalqa uğurlar arzulaması iki ölkə arasında humanitar əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən mühüm addımlardır.Hesab edirəm ki, Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, həm ikitərəfli əməkdaşlıq, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələr daha da genişlənəcək".
Müəllif: Günel Fərzəliyeva