07 avqust 2026-cı il tarixdə, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının səhiyyə işçiləri ilə görüşü keçirilib. Tədbir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Görüşü giriş sözü ilə açan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tagiyev YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyevi iştirakçılara təqdim edərək onu yeni təyinatı münasibətilə təbrik edib. Səyyaf Tağıyev çıxışında rayon səhiyyəsinin inkişafından, tibb işçilərinin hər zaman dövlətçiliyə və Ulu Öndər ideyalarına sədaqətindən bəhs edib, səhiyyə sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb.
Daha sonra YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev çıxış edərək bu görüşü təşkil etdiklərinə və səmimi təbriklərə görə minnətdarlığını bildirib. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının rayonun ən böyük ərazi partiya təşkilatı olduğunu xüsusi vurğulayıb. Emil Tağıyev tibb işçilərinin həm çətin anlarda xəstələrin sağlamlığının keşikçisi olduğunu, həm də dövlət siyasətinin həyata keçirilməsində hər zaman öndə dayandıqlarını qeyd edib. O, Ümummilli Lider Heydər Əliyevin hər zaman səhiyyə sahəsinə və həkimlərə xüsusi qayğı ilə yanaşdığını vurğulayaraq, bu siyasətin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkəmizdə, o cümlədən Xaçmazda səhiyyə infrastrukturunun yenilənməsi, ən müasir tibbi avadanlıqlarla təchiz olunması və tibb işçilərinə göstərilən hərtərəfli dövlət qayğısından ətraflı danışıb.
Tədbirin davamında Mərkəzi Xəstəxananın baş həkimi Əhməd Əhmədov və həkim-terapevt Əmir Əsədov çıxış edərək həyata keçirilən layihələrdən, səhiyyə işçilərinə yaradılan şəraitdən və qarşıda duran vəzifələrdən danışıblar.
Gündəliyə əsasən təşkilati məsələlərə baxılıb. Səyyaf Tağıyev Mərkəzi Rayon Xəstəxanası Ərazi Partiya Təşkilatının sədri, Tərlan Quliyev isə sədr müavini seçiliblər.
Sonda YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev yeni seçilən sədr və müavinə uğurlar arzulayıb, onların gələcək fəaliyyətlərində daha səmərəli çalışacaqlarına, xalqımıza layiqincə xidmət edərək partiya sıralarının daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atacaqlarına əminliyini ifadə edib.