PDF Oxu

Siyasət

  • 16

Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı üçün mühüm işlər aparılır

Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı üçün mühüm işlər aparılır
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olub. Mayın 12-də Prezident İlham Əliyev Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində görülən işlərlə yaxından tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəsəbənin sxemi əsasında həyata keçirilən quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Bakının digər kənd və qəsəbələrində olduğu kimi, Mərdəkanda da ilkin olaraq qəsəbədaxili yolların əsaslı yenidən qurulması işlərinə başlanılıb. Buradakı yolların 16 min 500 kvadratmetr sahəsinə artıq yeni asfalt döşənib, əlavə olaraq 19 min kvadratmetr əraziyə isə asfalt döşənilməsi nəzərdə tutulur. Mərdəkan qəsəbəsində su və qaz xətlərinin yeniləri ilə əvəzlənəcəyi, Bakının digər kənd və qəsəbələrində olduğu kimi, bu qəsəbədə də kanalizasiya sisteminin qurulacağının dövlət proqramına salındığı qeyd edildi. Qəsəbənin işıqlandırma sistemi də tamamilə yenidən qurulacaqdır. Mərdəkanda 81 nömrəli orta məktəbin, 91 və 221 nömrəli körpələr evi və uşaq bağçalarının, 26 saylı birləşmiş şəhər xəstəxanasının, 2 nömrəli vərəm sanatoriyasının binalarının əsaslı şəkildə yenidən qurulacağı və ən müasir tələblərə cavab verən avadanlıq və inventarlarla təchiz ediləcəyi bildirilib. Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşdü. Mərdəkanda həyata keçirilən quruculuq tədbirlərinə görə dövlətimizin başçısına minnətdarlıq edən sakinlər görüləcək işlərlə bağlı fikir və təkliflərini söylədilər.

Digər xəbərlər