PDF Oxu

Siyasət

  • 734

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası - TƏHLİL

image

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Danışıq zamanı ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, bölgədə sülhə xələl gətirə biləcək insidentin olmadığı məmnunluqla vurğulanıb. Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb.

Xatırladaq ki, məlum səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin Prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb. Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulmuşdu. Vaşinqton səfərinin ən diqqətçəkən məqamlarından biri ABŞ Prezidenti Donald Trampın “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqini dayandırması oldu. 1992-ci ildə qəbul edilmiş bu ədalətsiz düzəliş illərlə Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərmiş, ölkəmizi hərbi və iqtisadi yardımlardan məhrum etmişdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu qərar yalnız rəmzi addım deyil, həm də ikitərəfli münasibətlərdə yeni etimad mühitinin yaradılması baxımından strateji əhəmiyyət daşıyır. Bayden administrasiyası dövründə yenidən tətbiq olunan sanksiyaların ləğvi ABŞ-ın Azərbaycanla yeni siyasi səhifə açmaq niyyətinin real göstəricisidir. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

VAŞİNQTON SÜLH ZİRVƏ GÖRÜŞÜNƏ EV SAHİBLİYİ ETDİ

Dövlətimizin başçısı telefon danışığı zamanı Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa minnətdarlığını bildirib. Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallar kimi qeyd edilib. Telefon danışığı əsnasında TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib. Ermənistan ərazisində TRIPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub. Dövlət başçıları, həmçinin ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər. Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib, Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı, strateji mahiyyət daşıdığı vurğulanıb və bunun da geniş bir bölgədə sülhə, sabitliyə töhfə verdiyi qeyd olunub. Dövlətimizin başçısı G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib. Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Onu da bildirək ki, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanmış, tarixi qərarlar qəbul edilmiş və Azərbaycanın milli maraqlarının qorunması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Prezident İlham Əliyev səfərin nəticələrini "tarixi nailiyyət" kimi xarakterizə edərək, ABŞ ilə strateji tərəfdaşlığın qurulmasının Azərbaycan üçün böyük imkanlar və öhdəliklər yaratdığını vurğulamışdır. Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli olan səfər çərçivəsində Azərbaycan-ABŞ arasında tarixi əhəmiyyətə malik razılaşmalar əldə edilib. Yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət daşıyan bu səfər digər sahələrlə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi kontekstində əhəmiyyətli nəticələrlə əlamətdar olub. Eyni zamanda səfər çərçivəsində hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. Səfər zamanı, Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb.

BEYNƏLXALQ SÜLH VƏ RİFAH NAMİNƏ TRAMP MARŞRUTU

Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Ağ Evdə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərdə yeni tarix yazıldığını, iki ölkənin strateji tərəfdaşlıq yoluna qədəm qoyduğunu və bunun Azərbaycan üçün tarixi nailiyyət olduğunu vurğulayıb. Bir il əvvəl Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu səfərin nəticələrini çox yüksək qiymətləndirərək Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulmasının çox önəmli məsələ olduğunu bildirib və Prezident Trampla görüşünün çox səmimi şəkildə və dostluq şəraitində keçdiyini diqqətə çatdırıb. Azərbaycan media təmsilçilərinə verdiyi müsahibədə uzun illərdir Azərbaycanın ABŞ mediasında demonlaşdırıldığını diqqətə çatdıran dövlətimizin başçısı Azərbaycan haqqında yayılan bütün şayiələr və yalan məlumatların ölkəmizi tanıyanlar üçün tamamilə qərəzli göründüyünü vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, “Azərbaycan etnik və dini müxtəlifliyi ilə tanınan ölkələrdən biridir. Bütün dini abidələr dövlət tərəfindən qorunur. Azərbaycanda heç vaxt etnik və dini zəmində nə münaqişə, nə də anlaşılmazlıq olub. Əksinə, Azərbaycan bu gün multikulturalizmin mərkəzlərindən biridir. Burada müxtəlif dini və etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar.” Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına məlum səfəri, səfər çərçivəsində keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər Azərbaycan diplomatiyasının növbəti tarixi uğuru olmaqla yanaşı, həm də dövlətimizin başçısının siyasi iradəsinin təntənəsi oldu.

CƏNUBİ QAFQAZDA SÜLH GÜNDƏLİYİNİN İNKİŞAFINDA MÜHÜM SİYASİ MƏRHƏLƏ

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş və sonrakı razılaşmalar Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu göstərdi. Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, Orta Dəhlizin əhəmiyyətinin artması, nəqliyyat və enerji layihələrinin genişlənməsi, eləcə də Azərbaycan–Ermənistan sülh prosesində irəliləyişlər ölkənin müstəqil və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir.Bir il ərzində bu gündəliyin əsas istiqamətlərindən biri artıq növbəti mərhələyə keçdi. 2026-cı il fevralın 10-da Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Vaşinqtonda başlanmış prosesin davamı oldu. Beləliklə, 2025-ci il avqustun 8-də Vaşinqton görüşü yalnız iki günlük diplomatik təmaslarla məhdudlaşmayan, Azərbaycan-ABŞ münasibətlərinin və Cənubi Qafqazda sülh gündəliyinin sonrakı inkişaf istiqamətlərinə təsir göstərən mühüm siyasi mərhələ kimi tarixə düşdü. Sözügedən səfər bir daha göstərdi ki, Azərbaycan müstəqil siyasətini davam etdirərək beynəlxalq arenada öz mövqeyini gücləndirir, regionda sülhün qurulmasına liderlik edir və qlobal enerji təhlükəsizliyinə töhfə verir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər