PDF Oxu

Siyasət

  • 11

Azərbaycan xalqı Heydər Əliyev siyasətinə daim sadiq qalacaq

Azərbaycan xalqı Heydər Əliyev siyasətinə daim sadiq qalacaq
Mayın 10-da "Buta" sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri və Latviyanın birinci xanımı Lilita Zatlere xatirə şəkli çəkdirdilər.
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunmuş nüfuzlu qonaqların iştirak etdikləri tədbir ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif anlarını əks etdirən fotoxronikanın nümayişi ilə başladı. Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış edərək müstəqil Azərbaycanın mövcud olduğu 20 il ərzində ölkəmizin böyük uğurlar qazandığını bildirdi. Bu gün Azərbaycanın güclü bir dövlət olduğunu vurğulayan Mehriban xanım Əliyeva dedi ki, biz müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət Heydər Əliyevin silinməz izlərini görürük. Müstəqilliyimizin ilk illərindəki kəşməkəşli vəziyyəti xatırladan Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, ümummilli liderimiz Azərbaycanı böyük bəlalardan xilas etmiş və xalqa güvənərək yeni, müasir tariximizin şanlı səhifələrini yazmağa başlayıb: "Möhtərəm cənab Prezident! Hörmətli qonaqlar, xanımlar və cənablar. Hər il mayın 10-da olduğu kimi, bu il də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış ənənəvi mərasimdə Sizi səmimi qəlbdən salamlayıram. Mərasimdə iştirak etmək üçün ölkəmizə gələn bütün qonaqlara Azərbaycana "Xoş gəlmisiniz" deyirəm və bu axşam bizimlə olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Bu il Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan dünya xəritəsində müstəqil ölkə kimi yalnız 20 ildir ki, mövcuddur. 20 il tarixi baxımdan uzun bir dövr deyildir. Lakin bu 20 il ərzində ölkəmiz böyük uğurlar əldə edib. Bu gün Azərbaycan müxtəlif sahələrdə rekord inkişaf tempini nümayiş etdirən, regionda lider olan, dünyanın aparıcı dövlətləri ilə partnyor əlaqələri quran, beynəlxalq arenada nüfuza malik olan bir dövlətdir. Bu gün Azərbaycan güclü, qarşısına istənilən məqsədləri qoyub həll etməyə qadir olan və gələcəyə ümidlə baxan dövlətdir. Yaxın keçmişimizə nəzər salsaq, qeyd etməliyik ki, bu günümüzə gətirən yol heç də asan və hamar olmayıb. Bu yolda problemlərimiz, çətinliklərimiz, ağrılarımız kifayət qədər olub. Arxada qalan illərin hər birinə müraciət edərək biz müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət, böyük insan Heydər Əliyevin silinməz izini görürük. Onun bizimlə olub-olmamasından asılı olmayaraq, bu 20 il ərzində reallaşan hər bir layihədə, əldə edilən hər bir uğurumuzda ulu öndərin böyük payı vardır. Müstəqilliyimizin ilk illərini xatırlayaq. Ölkəmizdə hökm sürən ağır böhranın müxtəlif səbəbləri var idi və mən bu axşam onları sadalamaq istəməzdim. Qısa söyləsəm, sanki biz işıqdan məhrum olmuşduq. Şəhərlərimizin işıqları söndüyü kimi, daxilimizdə ümid çıraqlarımız sönmüşdü. İşığı, nuru, ümidi bizə Heydər Əliyev qaytardı. O, ölkəni böyük bəlalardan xilas etdi və Azərbaycan xalqına güvənərək yeni, müasir tariximizin ilk səhifələrini yazmağa başladı. Uzaq 1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər Əliyevin bütün arzuları, planları, ideyaları reallaşacaqdır. Bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanın neft strategiyasını uğurla reallaşdırdı və onunla da gələcək qələbələrimizin, nailiyyətlərimizin təməlini qoydu.
Bu gün böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, Vətənə xidmət etməyin rəmzinə çevrilib. Bu gün onun ən sevimli kəlmələrindən birini - "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlməsini təkrar edərək biz onun unudulmaz xatirəsi qarşısında baş əyirik. Əziz dostlar, bu gün, eyni zamanda, Heydər Əliyevin adını daşıyan Fond artıq 7 ildir ki, fəaliyyət göstərir. Ötən il Fond yenə də bir sıra irimiqyaslı layihələr, mühüm işlər həyata keçirib. Həmişə olduğu kimi, çalışmışıq müxtəlif sahələri - elmi, təhsili, səhiyyəni, mədəniyyəti, sosial problemləri əhatə edək. Bu axşam Fondun fəaliyyəti haqqında ətraflı məlumat səslənəcək, film nümayiş olunacaqdır. Mən yalnız onu demək istərdim ki, bu 7 il ərzində ən böyük nailiyyətimiz, ən böyük uğurumuz Azərbaycan xalqının inamını və hörmətini qazanmağımız olub. Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma - istər dövlət, istər qeyri-dövlət qurumuna, bizimlə əlaqə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram."
Sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən film nümayiş olundu. Prezident İlham Əliyev mərasimdə nitq söylədi. Ulu öndər Heydər Əliyevin ölməz xatirəsinə Azərbaycan xalqının dərin hörmət və ehtiramını ifadə edən dövlətimizin başçısı dedi ki, ümummilli lider bütün dövrlərdə doğma xalqına, Vətəninə sədaqətlə xidmət edib. Onun xidmətləri sayəsində Azərbaycan Sovet İttifaqında inkişaf baxımından ən qabaqcıl yerlərə çıxdı, ölkəmizin həyatının bir çox sahələrində sürətli inkişaf müşahidə olundu və beləliklə, ötən əsrin 70-ci illəri tariximizdə tərəqqi dövrü kimi qaldı. O, Sovet İttifaqının ali rəhbərliyində təmsil olunanda da Azərbaycanın inkişafı yolunda mühüm addımlar atdı, onun vəzifədən kənarlaşdırılmasından sonra isə ölkəmiz müxtəlif problemlərlə üzləşdi, Dağlıq Qarabağda separatizm meyilləri gücləndi. "Lakin Heydər Əliyevin Azərbaycana verdiyi töhfələr xalqın ürəyində yaşayırdı",- deyən Prezident İlham Əliyev bildirdi ki, ulu öndər bütün dövrlərdə şərəflə yaşayıb, bütün sınaqlardan üzüağ çıxıb:
"Biz hamımız o illəri yaxşı xatırlayırıq və bilirik ki, ulu öndər siyasi hakimiyyətdən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün artıq fəal işlərə başlamışdılar. Əvvəlki illərdə onları bu əməllərdən çəkindirən məhz Heydər Əliyev amili olmuşdur.
Məhz o illərdə, 1987-ci ilin sonundan başlayaraq separatizm meyilləri gücləndi və beləliklə, Dağlıq Qarabağ münaqişəsinin başlanması üçün şərait yaradıldı. Biz hamımız yaxşı başa düşürük ki, əgər o zaman Heydər Əliyev Azərbaycanda olsaydı, heç vaxt bu münaqişə baş verməzdi və Azərbaycanın tarixi torpaqları işğal altına düşməzdi. Heydər Əliyevin ürəyi Azərbaycanla döyünürdü. Ancaq o vaxtkı sovet rəhbərliyi Heydər Əliyev amilini dərk edərək bütün imkanlardan istifadə edirdi ki, onu Azərbaycandan təcrid etsin. Ona qarşı başlanmış böhtan kampaniyasının mənası və səbəbi məhz ondan ibarət idi ki, Heydər Əliyev amili Azərbaycandan silinsin. Ancaq onun əməlləri, onun Azərbaycana verdiyi töhfələr Azərbaycan xalqının qəlbində daim yaşayırdı. O vaxt - biz Sovet İttifaqının tərkibində yaşadığımız dövrdə bütün o anları yaxşı xatırlayırıq. Hətta buna baxmayaraq, Azərbaycan xalqı öz iradəsini ifadə edə bilirdi. Məhz o iradə Azərbaycanı bugünkü inkişafa gətirib çıxarmışdır.
Heydər Əliyevə qarşı təzyiqlər və təqiblər güclənəndə o, təbii ki, doğma Vətənə üz tutdu. Ancaq əfsuslar olsun ki, o vaxt Azərbaycanın siyasi hakimiyyətində təmsil olunanlar imkan vermədilər o, Bakıda yaşasın və məcbur qalıb doğulduğu yerə -Naxçıvana üz tutdu. Ulu öndər Naxçıvanda yaşadığı dövrdə Naxçıvanın inkişafına öz töhfəsini verdi, eyni zamanda, naxçıvanlılar da Heydər Əliyevi qorudular. Onun həyatında çox çətin anlar da olmuşdur, amma bütün sınaqlardan şərəflə çıxmışdır, daim öz xalqına xidmət etmişdir, bütün dövrlərdə cəsarətli siyasət aparmışdır və bu siyasət, bu cəsarət özünü müxtəlif mərhələlərdə göstərmişdir."
Ümummilli liderin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışını zamanın və xalqın tələbi olduğunu bildirən dövlətimizin başçısı qeyd etdi ki, əgər o vaxt Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi. 1993-2003-cü illərin Azərbaycanda sabitlik və inkişaf illəri kimi tarixdə qaldığını deyən Prezident İlham Əliyev bildirdi ki, dövlətçiliyimizin, müstəqilliyimizin əsasları məhz 1993-cü ildə qoyulmuşdur və o vaxtdan bu günə qədər Azərbaycan yalnız inkişaf yolu ilə gedir.
Müstəqilliyin bizim üçün ən böyük sərvət olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyevin siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcəyik, Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq. Sonra Heydər Əliyev mükafatının təqdimatı oldu.
Heydər Əliyev Mükafatı Komissiyasının qərarı və Prezident İlham Əliyevin 2011-ci il 10 may tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə yazıçı Anar Rəsul oğlu Rzayev Heydər Əliyev Mükafatı ilə təltif olundu.
Dövlətimizin başçısı mükafatı Anar Rzayevə təqdim etdi.
Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən film nümayiş olundu. Daha sonra Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatının 2011-ci il qalibləri elan olundu. İlk nominasiyada qalib ümumbəşəri dəyərlərin qorunub saxlanılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, ölkəmizin YUNESKO ilə əlaqələrinin inkişafına, mədəniyyətlərarası mübadilədə Azərbaycanın uğurlu təqdimatına verdiyi töhfələrə görə YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura elan olundu.
Növbəti nominasiyanın qalibi isə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri elan edildi. Hər iki qalibə Heydər Əliyev Fondunun beynəlxalq mükafatını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim etdi. Mükafatlandırma mərasimindən sonra Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti oldu. Konsertdə dünya şöhrətli "İl-divo" qrupunun və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, istedadlı tenor Samir Cəfərovun ifaları da maraqla qarşılandı.

Digər xəbərlər