PDF Oxu

Siyasət

  • 651

Naxçıvana 258 milyon manat ayrılır

image

Dövlətimizin başçısı cənab İlham Əliyev avqustun 11-də qədim tarixə, zəngin təbiətə malik olan Naxçıvan Muxtar Respublikasına Prezident kimi 17-ci dəfə səfər edib və hər səfərində olduğu kimi, bir sıra sosial obyektlərin açılış mərasimlərində iştirak etməklə muxtar respublikanın ümumi inkişafına töhfələrini verib.

Dövlət başçısının muxtar respublikaya xüsusi diqqət və qayğısı sayəsində uzun illərdir Naxçıvanda dövlət proqramları və infrastruktur layihələri ardıcıl şəkildə həyata keçirilir ki, bu da ümumilikdə ölkənin iqtisadi qüdrətinin artırılmasına xidmət edir.

Ölkəmizin iqtisadi, siyasi və mədəni həyatında xüsusi yeri olan, inkişafında mühüm əhəmiyyətə malik olan Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə dövlətimizin başçısı bu gün “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən bir sıra tədbirlərin həyata keçirilməsi üçün muxtar respublikaya Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258,0 (iki yüz əlli səkkiz) milyon manat ayrılması nəzərdə tutulur.

Beləliklə, Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 66,0 (altmış altı) milyon manat, ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhər və 10 kəndin ərazisindəki avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70,0 (yetmiş) milyon manat, Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25,0 (iyirmi beş) milyon manat, Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində cəmi 3087 mənzilli 70 yaşayış binasının isə yalnız fasad hissəsinin əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 15,0 (on beş) milyon manat, Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5, o cümlədən Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 20,0 (iyirmi) milyon manat vəsait ayrılacaq.

Həmçinin şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53,0 (əlli üç) milyon manat, Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində ümumilikdə 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9,0 (doqquz) milyon manat vəsait nəzərdə tutulur.

Sərəncamdan irəli gələn məsələləri Azərbaycan Respublikasının Nazirlər Kabineti, Maliyyə və İqtisadiyyat nazirlikləri, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həll edəcək.

Mətanət Məmmədova

Digər xəbərlər