Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın bu günü və gələcəyi baxımından mühüm siyasi və strateji mesajlarla yadda qaldı. Müsahibədə səsləndirilən fikirlər bir daha göstərdi ki, Naxçıvan dövlət siyasətinin diqqət mərkəzində olan, Azərbaycanın ümumi inkişaf strategiyasında xüsusi əhəmiyyət daşıyan bölgələrdən biridir.
Prezident İlham Əliyev Naxçıvana artıq 17-ci səfərinin mühüm nəticələr verdiyini qeyd edərək, muxtar respublikada son illər ərzində həyata keçirilən genişmiqyaslı layihələrin davam etdiriləcəyini bildirdi. Bu yanaşma Naxçıvanın inkişafının təsadüfi və epizodik deyil, ardıcıl və uzunmüddətli dövlət strategiyasının tərkib hissəsi olduğunu nümayiş etdirir. Müsahibədə xüsusi diqqət çəkən məsələlərdən biri Naxçıvanın təhlükəsizliyi və müdafiə potensialının daha da gücləndirilməsi ilə bağlı fikirlər oldu. Dövlət başçısının vurğuladığı kimi, Naxçıvanın coğrafi xüsusiyyətləri onun təhlükəsizliyinə xüsusi diqqət göstərilməsini zəruri edir. Əlahiddə Ordunun yaradılması, ən müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması bu istiqamətdə görülən işlərin miqyasını göstərir. Prezidentin “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” fikri ölkəmizin hərbi qüdrətinin və müdafiə imkanlarının daha bir ifadəsidir.
Naxçıvanın gələcək inkişafında iqtisadi amillər də mühüm yer tutur. Müsahibə zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirildi. Sənaye Parkının yaradılması yeni istehsal sahələrinin, yeni iş yerlərinin və investisiya imkanlarının formalaşmasına ciddi təkan verəcək. Parkın tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması isə Naxçıvanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir.
Prezidentin müsahibəsində Naxçıvanın enerji potensialının gələcəkdə daha geniş şəkildə reallaşdırılacağı da xüsusi vurğulandı. Günəş və su ehtiyatlarından səmərəli istifadə, yeni enerji layihələrinin həyata keçirilməsi Naxçıvanı yalnız daxili tələbatın təmin olunduğu bir ərazi deyil, həm də enerji ixracı imkanlarına malik region kimi formalaşdıra bilər. Bu isə muxtar respublikanın iqtisadi potensialının daha da artmasına xidmət edəcək.
Müsahibənin ən mühüm istiqamətlərindən biri isə, şübhəsiz ki, Zəngəzur dəhlizi və Naxçıvanın gələcək nəqliyyat imkanları ilə bağlı fikirlər idi. Prezident İlham Əliyev Naxçıvan dəmir yolu seqmentinin inkişaf etdirilməsinin geniş coğrafiya üçün əhəmiyyətini qeyd edərək, bu layihənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə əlaqələnəcəyini bildirdi. Beləliklə, Naxçıvanın coğrafi mövqeyi onun üçün yeni iqtisadi imkanlara çevrilir. Bu perspektiv Naxçıvanın uzun illər mövcud olmuş coğrafi məhdudiyyətlərinin aradan qaldırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Yüklərin beynəlxalq nəqliyyat marşrutları vasitəsilə Naxçıvandan keçməsi iqtisadi fəallığın artmasına, yeni müəssisələrin və iş yerlərinin yaranmasına, xidmət və logistika sektorunun inkişafına şərait yaradacaq. Dövlət başçısının sözləri ilə desək, Naxçıvan gələcəkdə əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilə bilər.
Bununla yanaşı, Naxçıvanın inkişafında xarici investisiyaların cəlb edilməsi də mühüm istiqamət kimi müəyyənləşdirilir. Prezident artıq müxtəlif istiqamətlərdən investisiya təkliflərinin daxil olduğunu və Naxçıvanın potensialından daha geniş istifadə olunacağını bildirib. Bu isə muxtar respublikanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır.
Müsahibədə Naxçıvanda idarəetmə sisteminin təkmilləşdirilməsi məsələsinə də toxunulması xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin üstünlüklərinin Naxçıvanda da nəzərə alınacağı bildirilib. Prezidentin qeyd etdiyi kimi, burada əsas məqsəd Naxçıvanın sürətli inkişafını təmin etmək, insanların daha rahat, təhlükəsiz və firavan həyat şəraitini formalaşdırmaqdır.
Bütün bunlar onu göstərir ki, Naxçıvan üçün qarşıdakı dövr yeni imkanlar dövrüdür. Müdafiə gücünün artırılması, sənayeləşmə, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu, investisiyaların cəlbi və idarəetmənin təkmilləşdirilməsi bir-birini tamamlayan vahid inkişaf strategiyasının əsas istiqamətləridir. Prezident İlham Əliyevin Naxçıvan səfəri və Azərbaycan Televiziyasına verdiyi müsahibə həm də gələcəyə inam mesajıdır. Bu mesajın mahiyyətində güclü dövlət, təhlükəsiz Naxçıvan, inkişaf edən iqtisadiyyat və regionun beynəlxalq nəqliyyat sistemində artan rolu dayanır. Bu gün Naxçıvan qarşısında yeni üfüqlər açılır. Vaxtilə blokada şəraitində yaşayan bu qədim diyarın indi mühüm nəqliyyat, enerji və iqtisadi qovşaqlardan birinə çevrilməsi üçün real imkanlar formalaşıb. Dövlətin siyasi iradəsi, maliyyə imkanları və həyata keçirilən böyük layihələr isə bu hədəflərin reallığa çevriləcəyinə əsas verir.
Naxçıvanın inkişafında yeni mərhələ artıq başlayıb. Bu mərhələnin əsas hədəfi isə qədim diyarı Azərbaycanın güclü iqtisadi, strateji və nəqliyyat məkanının mühüm dayaqlarından birinə çevirməkdir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri