PDF Oxu

Siyasət

  • 630

Müstəqilliyimizin təməl daşı, müasir Azərbaycanın strateji qalası - ŞƏRH

image

Naxçıvan torpağı Azərbaycanın çoxalmanlı dövlətçilik salnaməsində, milli-mənəvi intibahında və müasir müstəqil dövlət quruculuğu prosesində müstəsna, həlledici və strateji yer tutan müqəddəs bir guşədir. Bu qədim diyar əsrlər boyu özünün zəngin mədəniyyəti, yenilməz müqavimət ruhu, sarsılmaz dövlətçilik ənənələri və coğrafi mövqeyi ilə seçilməklə yanaşı, eyni zamanda Azərbaycan xalqının taleyini köklü şəkildə dəyişən, xalqın mövcudluq mübarizəsinə yön verən dahi şəxsiyyətlər yetişdirmişdir. Bu tarixi şəxsiyyətlər arasında xalqımızın xilaskarlıq missiyasını öz üzərinə götürən, modern Azərbaycan dövlətinin banisi və memarı, Ulu Öndər Heydər Əliyevin adı tariximizə və milli şüurumuza qızıl hərflərlə həkk olunmuşdur. Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri və bu səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi geniş, hərtərəfli və məzmunlu müsahibə də məhz bu tarixi həqiqətin, eləcə də Naxçıvanın dünəni, bu günü və gələcəyinə dair strateji hədəflərin dərindən təhlili baxımından böyük ictimai-siyasi və dövlətçilik əhəmiyyəti kəsb edir.
Dövlət başçısının müsahibəsində xüsusi vurğulandığı kimi, Naxçıvanın Azərbaycanın yakın və müasir tarixində oynadığı rol sadəcə bir regionun, muxtar respublikanın çərçivəsi ilə məhdudlaşmır. XX əsrin 90-cı illərinin əvvəllərində — Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin real xarakter aldığı, ölkənin dərin siyasi, iqtisadi, hərbi böhran və hərc-mənclik içində çabaladığı bir dövrdə — Naxçıvan milli müqavimətin, dövlətçilik təfəkkürünün və xilaskar ideyaların mərkəzinə çevrildi. Məhz Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, onun cəsarətli, prinsipial və uzaqgörən qərarları sayəsində muxtar respublika düşmən təcavüzünə və ağır blokada şəraitinə mərdliklə sinə gərdi, məhv olmaq və işğal olunmaq təhlükəsindən tam qurtuldu.
Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda qəbul edilən tarixi qərarlar müasir müstəqil Azərbaycan dövlətinin bərpasının və ideoloji təməllərinin idarəetmə bazasını formalaşdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə məhz Naxçıvan Ali Məclisinin iclasında dövlət rəmzi kimi qəbul edilməsi, Sovet İttifaqının saxlanılmasına dair referenduma qarşı qətiyyətli mövqenin nümayiş etdirilməsi və yeni siyasi sistemin əsasını qoyan Yeni Azərbaycan Partiyasının məhz bu torpaqda təsis olunması dahi rəhbərin xalqın və dövlətin gələcəyinə yönəlmiş analoqsuz siyasətinin bariz sübutudur. Naxçıvan bu mənada müasir Azərbaycanın dövlətçilik xəritəsində sadəcə bir coğrafi məkan deyil, milli intibahın, siyasi iradənin və müstəqillik ideyalarının yenidən alovlandığı başlanğıc nöqtəsidir.
Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirilən əsas məqamlardan biri də Naxçıvanın bu gün yaşadığı keyfiyyətcə yeni inkişaf mərhələsi və gələcək strateji perspektivləridir. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər və regionda formalaşan yeni geopolitik reallıqlar Naxçıvanın strateji, iqtisadi və geoiqtisadi əhəmiyyətini dəfələrlə artırmışdır. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə paralellik təşkil edərək, Naxçıvan Muxtar Respublikasının da hərtərəfli, modern və dayanıqlı inkişafı dövlətimizin ali prioritetlərindən biridir. Naxçıvanda həyata keçirilən sosial-iqtisadi islahatlar, infrastrukturun tam modernize olunması, enerji təhlükəsizliyinin dayanıqlı əsaslarla möhkəmləndirilməsi və regionun "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində atılan ardıcıl addımlar diyarın iqtisadi potensialını köklü şəkildə yeniləyir.
Ölkə rəhbərinin xüsusi olaraq qeyd etdiyi kimi, regionun gələcək inkişafında, eləcə də beynəlxalq iqtisadi inteqrasiyasında Zəngəzur dəhlizinin reallaşması həlledici və dönüş nöqtəsi rolunu oynayacaqdır. Zəngəzur dəhlizinin açılması Naxçıvanı uzunillik təcrid və blokada vəziyyətindən tamamilə çıxarmaqla yanaşı, onu Azərbaycanın əsas ərazisi ilə birbaşa və maneəsiz bağlayacaq, eyni zamanda Şərqlə Qərb, Şimalla Cənub arasında uzanan böyük nəqliyyat, logistika və ticarət şəbəkəsinin əvəzolunmaz strateji halqasına çevirəcəkdir. Bu qlobal layihə təkcə Naxçıvanın iqtisadi yüksəlişini təmin etməyəcək, həm də bütövlükdə Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və çoxşaxəli əməkdaşlıq mühitinin bərqərar olmasına fundamental töhfələr verəcəkdir.
Dövlət başçısının Naxçıvanda reallaşdırılan meqalayihələrə, xüsusilə nəqliyyat-kommunikasiya şəbəkələrinin genişləndirilməsinə, müasir sənaye parklarının və kənd təsərrüfatı komplekslərinin yaradılmasına dair toxunduğu məsələlər regionun yaxın gələcəkdə böyük investisiya mərkəzinə çevriləcəyindən xəbər verir. Naxçıvanın malik olduğu yüksək insan kapitalı, zəngin təbii ehtiyatları və modernləşdirilən idarəetmə mexanizmləri bu inkişafın sürətlənməsini şərtləndirən əsas amillərdir. Sosial infrastrukturun, təhsil və səhiyyə müəssisələrinin müasir standartlara uyğunlaşdırılması, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi dövlətin həyata keçirdiyi sosial siyasətin mərkəzində dayanır.
Eyni zamanda, Naxçıvanın zəngin tarixi-mədəni irsinin, qədim abidələrinin qorunması və dünyada təbliği istiqamətində görülən işlər muxtar respublikanın turizm potensialını sürətlə genişləndirir. Əshabi-Kəhf kimi müqəddəs ziyarətgahlar, Möminə Xatun türbəsi, Əlincə qalası və Duzdağ Fizioterapiya Mərkəzi kimi unikal obyektlər Naxçıvanı həm daxili, həm də xarici turizm üçün cəlbedici məkana çevirir. İnfrastrukturun yenilənməsi və nəqliyyat əlaqələrinin asanlaşması turizm axınının daha da artmasına zəmin yaradır.
Prezident İlham Əliyevin bu tarixi səfəri və verdiyi proqram xarakterli bəyanatlar bir daha parlaq şəkildə nümayış etdirdi ki, Naxçıvan həm Ulu Öndər Heydər Əliyev irsinin ehtiramla və paklıqla qorunub saxlanıldığı müqəddəs bir ocaq, həm də müasir Azərbaycanın dinamik inkişaf edən, strateji baxımdan günbəgün güclənən mühüm qalasıdır. Tarixin ən mürəkkəb, sınaqlı və taleyüklü anlarında Azərbaycan xalqına Heydər Əliyev kimi dahi lider, xilaskar dövlət xadimi bəxş edən bu mübarək torpaq, bu gün də müstəqil Azərbaycan Respublikasının qüdrətlənməsi, sabitliyi, ərazi bütövlüyünün sarsılmazlığı və parlaq gələcəyi yolunda öz tarixi və şərəfli missiyasını böyük qürurla, inamla sürdürür.

Səbinə Əliyeva
YAP Ordubad rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər