PDF Oxu

Siyasət

  • 591

Naxçıvanın yeni inkişaf mərhələsi - ŞƏRH

image

Naxçıvan Muxtar Respublikası Azərbaycanın siyasi, strateji və iqtisadi həyatında xüsusi əhəmiyyət daşıyan qədim diyar kimi bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri və səfər çərçivəsində həyata keçirilən tədbirlər muxtar respublikanın gələcək inkişafının kompleks və sistemli şəkildə təmin edilməsinə yönəlmiş dövlət siyasətinin ardıcıl davamı kimi diqqəti cəlb edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, onun dövlət başçısı kimi Naxçıvana 17-ci səfəridir. Hər bir səfərin konkret nəticələrlə yadda qalması Naxçıvanın inkişafına göstərilən yüksək diqqətin və dövlət qayğısının göstəricisidir. Bu gün muxtar respublikada həyata keçirilən layihələr yalnız mövcud problemlərin həllinə deyil, həm də Naxçıvanın uzunmüddətli perspektivdə iqtisadi cəhətdən güclü, təhlükəsiz və müasir regiona çevrilməsinə hesablanıb.

Naxçıvanın coğrafi mövqeyi onun təhlükəsizliyinin təmin edilməsini daim prioritet məsələlərdən birinə çevirib. Muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması burada müdafiə qabiliyyətinin daha da gücləndirilməsini zəruri edir.

Bu istiqamətdə son illərdə mühüm addımlar atılıb. Naxçıvanda Əlahiddə Ordu yaradılıb, hərbi hissələrin ən müasir texnika ilə təchizatı həyata keçirilib, yeni komando qüvvələri formalaşdırılıb. Bu tədbirlər Azərbaycanın müdafiə potensialının möhkəmləndirilməsinin Naxçıvan istiqamətində də ardıcıl şəkildə davam etdirildiyini göstərir.

Təhlükəsizlik yalnız hərbi amillə məhdudlaşmır. Müasir dünyada enerji, nəqliyyat və iqtisadi dayanıqlılıq da milli təhlükəsizliyin mühüm komponentləridir. Naxçıvanın gələcək inkişaf konsepsiyasında bu amillərin bir-biri ilə vəhdətdə götürülməsi diqqət çəkir.

Naxçıvanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün sənaye potensialının genişləndirilməsi mühüm istiqamətlərdən biridir. Bu baxımdan Naxçıvan Sənaye Parkının təməlinin qoyulması xüsusi əhəmiyyət daşıyır. Sənaye parkının yaradılması yeni istehsal müəssisələrinin formalaşmasına, iş yerlərinin açılmasına və özəl sektorun iqtisadi fəallığının artırılmasına imkan verəcək.

Bu layihə Naxçıvan iqtisadiyyatının yalnız ənənəvi sahələr hesabına deyil, müasir sənaye və texnologiyalar əsasında inkişaf etdirilməsi baxımından da əhəmiyyətlidir. Yeni müəssisələrin yaradılması yerli əmək ehtiyatlarından daha səmərəli istifadəyə, əhalinin məşğulluğunun artırılmasına və regionun iqtisadi potensialının tam reallaşdırılmasına şərait yaradacaq.

Naxçıvanın gələcək inkişafında enerji təhlükəsizliyi xüsusi yer tutur. Muxtar respublikada mövcud generasiya gücünün artırılması məqsədilə 300 meqavat gücündə istilik elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bu layihənin əsas məqsədlərindən biri Naxçıvanın dayanıqlı enerji təminatını gücləndirmək, digər tərəfdən isə gələcəkdə elektrik enerjisinin ixrac imkanlarını genişləndirməkdir.

Naxçıvanda enerji təminatının mühüm göstəricilərindən biri qazlaşma səviyyəsinin 100 faizə çatdırılmasıdır. Bununla yanaşı, muxtar respublikada Günəş, su və digər bərpaolunan enerji mənbələrindən istifadəyə də geniş imkanlar yaradılıb.

Naxçıvanın Günəş enerjisi potensialının yüksək olması isə gələcək üçün daha böyük perspektivlər vəd edir. Müəyyən edilmiş 600 hektardan artıq ərazidə yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşası planlaşdırılır. Belə layihələrin özəl sektorun iştirakı ilə reallaşdırılması həm investisiya mühitinin cəlbediciliyini, həm də Azərbaycanda yaşıl enerjiyə keçid siyasətinin nəticələrini nümayiş etdirir.

Bu baxımdan Naxçıvanın yalnız enerji ilə təmin olunan region deyil, gələcəkdə enerji ixrac edən mərkəzlərdən birinə çevrilməsi hədəfi qarşıya qoyulur. Günəş və su enerjisinin imkanlarının genişləndirilməsi, enerji saxlanc sistemlərinin yaradılması və ötürücü xətlərin inkişaf etdirilməsi bu strategiyanın mühüm elementləridir.

Naxçıvanın gələcək inkişaf perspektivlərindən danışarkən nəqliyyat amilini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin daha da gücləndirilməsi regionun iqtisadi və geosiyasi əhəmiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Bu baxımdan Zəngəzur dəhlizi xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat bağlantısının yaradılması ölkənin vahid nəqliyyat sisteminin formalaşmasına mühüm töhfə verəcək. Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin başa çatmaq üzrə olması, dəmir yolu layihələrinin sürətləndirilməsi və Naxçıvan dəmir yolunun reabilitasiyası bu istiqamətdə görülən işlərin miqyasını göstərir.

Naxçıvan dəmir yolunun gələcəkdə daha böyük yükdaşıma qabiliyyətinə çatdırılması regionun beynəlxalq nəqliyyat sistemində rolunu artıracaq. Qarşıya qoyulan hədəf bu xəttin 15 milyon tona qədər yükdaşıma imkanına malik olmasıdır. Bu isə Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi mühüm tranzit məkanlardan birinə çevrilməsi üçün geniş imkanlar yaradır.

Beləliklə, Naxçıvanın coğrafi mövqeyi əvvəllər müəyyən məhdudiyyətlər yaradan amil kimi qiymətləndirilirdisə, yeni nəqliyyat layihələri nəticəsində həmin mövqe gələcəkdə mühüm üstünlüyə çevrilə bilər. Beynəlxalq yük axınlarının artması iqtisadi fəallığın yüksəlməsinə, yeni iş yerlərinin yaranmasına və xidmət sektorunun genişlənməsinə ciddi təkan verəcək.

Naxçıvanın inkişafı yalnız iqtisadi göstəricilərlə ölçülə bilməz. Bu qədim diyar zəngin tarixi, mədəni irsi və görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutur. Buna görə də sosial-iqtisadi inkişafla yanaşı, tarixi-mədəni abidələrin qorunması və bərpası da dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər, Əcəmi Naxçıvaninin irsinin yaşadılması və digər tarixi obyektlərin konservasiyası Naxçıvanın milli-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Tarixi irsin qorunması həm milli yaddaşın möhkəmləndirilməsi, həm də turizm potensialının inkişaf etdirilməsi üçün mühüm zəmin yaradır.

Naxçıvanın Azərbaycan xalqına bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri də Ulu Öndər Heydər Əliyevdir. Bu amil Naxçıvanın milli dövlətçilik tarixindəki xüsusi mövqeyini daha da gücləndirir.

İnkişafın əsas məqsədi insanların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bu baxımdan Naxçıvanda sosial infrastrukturun yenilənməsi, əhaliyə göstərilən xidmətlərin müasirləşdirilməsi və nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyır.

DOST Mərkəzinin və “ASAN xidmət” mərkəzinin fəaliyyəti dövlət xidmətlərinin vətəndaşlara daha rahat və çevik şəkildə təqdim olunmasına imkan yaradır. Eyni zamanda, yeni elektrik avtobuslarının istifadəyə verilməsi Naxçıvan şəhərində müasir və ekoloji cəhətdən daha əlverişli ictimai nəqliyyat sisteminin formalaşdırılmasına xidmət edir. Rayonlararası nəqliyyatın yaxşılaşdırılması üçün 217 müasir avtobusun alınmasının nəzərdə tutulması da bu siyasətin davamıdır.
Yol infrastrukturunun yenilənməsi də diqqət mərkəzindədir. 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri Naxçıvanın yaşayış məntəqələri arasında əlaqələrin daha da yaxşılaşdırılmasına və insanların gündəlik həyatının asanlaşdırılmasına xidmət edəcək.

Naxçıvanın inkişafına dair yanaşmanın mühüm xüsusiyyətlərindən biri onun Qarabağ və Şərqi Zəngəzurun inkişafı ilə vahid konsepsiya çərçivəsində nəzərdən keçirilməsidir. Bu ərazilərin qarşılıqlı nəqliyyat, enerji və iqtisadi əlaqələrinin genişləndirilməsi Azərbaycanın yeni regional inkişaf modelinin formalaşmasına imkan yaradır.

Yaşıl enerji, müasir idarəetmə, infrastrukturun yenilənməsi, şəhərsalma və sosial rifah kimi istiqamətlərin paralel inkişaf etdirilməsi bu modelin əsas xüsusiyyətlərindəndir. Naxçıvanın muxtar respublika statusu qorunmaqla idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi də qarşıdakı dövrdə inkişafın daha səmərəli təşkili məqsədinə xidmət edir.

Bu gün Naxçıvanda həyata keçirilən layihələr bir-birindən ayrı təşəbbüslər deyil, vahid inkişaf strategiyasının tərkib hissələridir. Təhlükəsizlik, enerji təminatı, sənayeləşmə, nəqliyyat, kənd təsərrüfatı, turizm, sosial infrastruktur və tarixi-mədəni irsin qorunması istiqamətlərində atılan addımlar muxtar respublikanın hərtərəfli inkişafına hesablanıb.

Naxçıvanın qarşısında duran əsas hədəf mövcud potensialı daha səmərəli şəkildə reallaşdırmaq və muxtar respublikanı müasir iqtisadiyyatın, yaşıl enerjinin və beynəlxalq nəqliyyat əlaqələrinin mühüm mərkəzlərindən birinə çevirməkdir. Beşulduzlu mehmanxananın tikintisi, turizm infrastrukturunun genişləndirilməsi, yeni sənaye müəssisələrinin yaradılması, enerji ixracı imkanlarının artırılması və nəqliyyat dəhlizlərinin inkişafı bu perspektivin ayrı-ayrı istiqamətləridir.

Nəticə etibarilə, Naxçıvanın inkişafı Azərbaycanın ümumi tərəqqisinin mühüm tərkib hissəsidir. Dövlətin siyasi iradəsi, maliyyə imkanları və həyata keçirilən genişmiqyaslı layihələr qədim diyarın qarşıdakı illərdə daha sürətli inkişafına möhkəm zəmin yaradır. Naxçıvan həm təhlükəsizliyi, həm enerji imkanları, həm nəqliyyat mövqeyi, həm də zəngin tarixi-mədəni irsi ilə Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutacaq.

Bu mənada Naxçıvanın yeni inkişaf mərhələsi yalnız bir regionun sosial-iqtisadi yüksəlişi deyil, Azərbaycanın strateji imkanlarının genişlənməsi və ölkənin regional mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm hadisədir.

İlahə Qurbanova

YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər