Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası qədim tarixi, zəngin mədəni irsi və nadir memarlıq abidələri ilə seçilən diyardır. Minilliklər boyu müxtəlif sivilizasiyaların qovuşduğu məkan kimi formalaşan Naxçıvan bu gün də Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlandığı mühüm mədəniyyət mərkəzlərindən biri hesab olunur. Tarixi mənbələr və arxeoloji tapıntılar göstərir ki, Naxçıvan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bu qədim diyar əsrlər boyu Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynamışdır.
Naxçıvanın zəngin tarixi onun mədəniyyətində, adət-ənənələrində və xüsusilə memarlıq irsində öz əksini tapmışdır. Dahi memar Əcəmi Naxçıvaninin yaratdığı Möminə Xatun türbəsi və Yusif Küseyir oğlu türbəsi Azərbaycan memarlıq sənətinin şah əsərləri hesab olunur. Bu abidələr öz memarlıq üslubu, incə naxışları və bədii tərtibatı ilə orta əsr Azərbaycan memarlığının nə qədər yüksək səviyyədə inkişaf etdiyini nümayiş etdirir.
Naxçıvan həm də Əlincəqala, Qarabağlar Türbə Kompleksi, Gülüstan türbəsi, Xan Sarayı, İmamzadə Kompleksi, Buzxana və Zaviyə məscidi kimi qiymətli tarixi-memarlıq abidələri ilə zəngindir. Bu abidələr xalqımızın zəngin keçmişini, yüksək mədəniyyətini və yaradıcılıq qüdrətini özündə yaşadır. Hər bir tarixi abidə Azərbaycanın qədim dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin və memarlıq məktəbinin canlı şahididir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanın tariximizdə və dövlətçiliyimizdə müstəsna yer tutduğunu dəfələrlə vurğulamışdır. Dövlət başçısı demişdir: “Naxçıvan Azərbaycanın qədim torpağıdır, qədim Azərbaycan diyarıdır.” Bu fikir Naxçıvanın Azərbaycan xalqının milli kimliyində və tarixi yaddaşında oynadığı mühüm rolu aydın şəkildə ifadə edir.
Prezident İlham Əliyev Naxçıvanın zəngin tarixi və mədəni irsi haqqında danışarkən bildirmişdir: “Naxçıvanın çox zəngin tarixi, mədəniyyəti, o cümlədən memarlıq mədəniyyəti vardır.”** Bu dəyərli fikir qədim diyarın malik olduğu misilsiz tarixi-mədəni sərvətlərin ən dolğun qiymətləndirilməsidir. Həqiqətən də, Naxçıvanda yerləşən memarlıq abidələri yalnız Azərbaycanın deyil, ümumilikdə dünya mədəniyyətinin qiymətli nümunələri hesab olunur.
Dövlət başçısı çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Naxçıvan Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında mühüm rol oynayıb və bu torpağın tarixi irsi xalqımızın milli sərvətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda tarixi abidələrin bərpası, mədəni irsin qorunması, yeni muzeylərin və mədəniyyət müəssisələrinin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilmişdir. Bu tədbirlər qədim irsin gələcək nəsillərə çatdırılmasına və dünya miqyasında tanıdılmasına xidmət edir.
Bu gün Naxçıvan qədim tarixlə müasir inkişafın vəhdət təşkil etdiyi bölgələrimizdən biridir. Burada bir tərəfdən əsrlərin yadigarı olan memarlıq abidələri qorunur, digər tərəfdən isə yeni yaşayış kompleksləri, sosial obyektlər, yollar və müasir infrastruktur layihələri həyata keçirilir. Bu inkişaf Prezident İlham Əliyevin Naxçıvana göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir.
Naxçıvanın zəngin tarixi, mədəniyyəti və memarlıq irsi Azərbaycan xalqının milli sərvətidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Naxçıvan qədim Azərbaycan diyarı olmaqla yanaşı, həm də xalqımızın zəngin mədəniyyətinin və dövlətçilik ənənələrinin yaşadıldığı mühüm mərkəzdir. Bu qədim diyarın tarixi irsinin qorunması və gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının müqəddəs vəzifəsidir.
Xəzəngül Orucova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı