Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına reallaşdırdığı rəsmi səfər və bu çərçivədə Azərbaycan Televiziyasına (AzTV) verdiyi geniş müsahibə regionun gələcək taleyini müəyyən edən çoxşaxəli dövlət strategiyasını ortaya qoydu. Dövlət başçısının bu reallıqları əks etdirən sayca 17-ci rəsmi səfəri Naxçıvanın təkcə daxili infrastrukturunu kökündən yeniləmir, həm də onu Avrasiya qitəsinin ən mühüm nəqliyyat, loqistika və yaşıl enerji mərkəzlərindən birinə çevirir.
Prezident İlham Əliyev müsahibəsində Naxçıvanda illər ərzində onlarla önəmli layihənin icra olunduğunu və ümumi inkişafın uğurla təmin edildiyini bildirib. Səfər çərçivəsində iştirak etdiyi genişmiqyaslı tədbirlərin muxtar respublikanın hərtərəfli tərəqqisinin əyani göstəricisi olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, görülən bütün böyük işlərin təməlində Azərbaycan xalqının milli kimliyi, milli ruhu, mədəniyyəti, ana dili və zəngin tarixi dayanır.
Naxçıvanın Atabəylər dövlətinin qədim paytaxtı olduğunu, Azərbaycana Ulu Öndər Heydər Əliyev kimi dahi bir şəxsiyyət bəxş etdiyini xüsusi xatırladan Prezident, bölgənin tarixi-mədəni abidələrinin qorunmasının vacibliyinə toxunub. Bu çərçivədə dünya əhəmiyyətli Möminə xatun məqbərəsinin bərpası və onun müəllifi olan məşhur memar Əcəmi Naxçıvaninin xatirəsinə ucaldılan abidə layihələrinin gənc nəslin milli ruhda böyüməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Dövlət başçısı həmçinin kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı çərçivəsində Naxçıvanda genişmiqyaslı suvarma layihələrinin, yeni artezian quyularının və müasir aqrar sahələrin qurulacağını elan edib.
Naxçıvanın özünəməxsus spesifikası, coğrafiyası və Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması bu strateji diyarın fiziki təhlükəsizliyinin qorunmasını hər zaman birinci prioritetə çevirib. Prezidentin xüsusi Sərəncamı ilə vaxtilə yaradılmış Əlahiddə Ümumqoşun Ordu ötən illər ərzində misilsiz inkişaf və modernləşmə yolu keçib. Səfər zamanı yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim edilməsi mərasimi Naxçıvanın hərbi qüdrətini və müdafiə potensialını bütün dünyaya bir daha nümayiş etdirib. Dövlət başçısı bildirib ki, Silahlı Qüvvələrimizin ən son hərbi-texnoloji nailiyyətlərlə, ən müasir silah və texnikalarla təchizatı, həmçinin yüksək döyüş hazırlığına malik komando qüvvələrinin yaradılması sayəsində Azərbaycan Ordusu regionda tam söz sahibidir və bu hərbi güc bundan sonra da sistemli şəkildə artırılacaq.
Müsahibənin beynəlxalq miqyasda ən çox rezonans doğuran strateji məqamı Zəngəzur dəhlizinin açılması prosesində tamamilə yeni və praktiki bir mərhələyə qədəm qoyulmasıdır. Dövlət başçısı ilk dəfə rəsmi şəkildə açıqlayıb ki, bu məsələ Vaşinqton Zirvə Görüşündə (TRIPP layihəsi) tam həllini tapıb. ABŞ Prezidenti Donald Tramp ilə reallaşan son telefon danışığı zamanı da bu mühüm beynəlxalq nəqliyyat layihəsinin tezliklə icra ediləcəyi hər iki tərəfdən əminliklə vurğulanıb. Ermənistan ərazisindəki 42 kilometrlik dəmir yolu xəttinin inşasına elə bu il başlanması planlaşdırılır. Azərbaycan tərəfi isə öhdəliyinə düşən işləri böyük sürətlə tamamlayır; Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, tam hazırdır və gələn il ölkəmizin dəmir yolu infrastrukturu tam şəkildə Ermənistan sərhədinə çatacaq.
Naxçıvan seqmentində isə ağır tonnajlı qatarların hərəkətini və beynəlxalq standartları təmin etmək üçün tam yeni texniki-iqtisadi əsaslandırma işlənilib, döngələr genişləndirilməklə xəttin uzunluğu 194 kilometrə çatdırılıb. İlkin mərhələdə mövcud struktur 1,5 milyon ton yük qəbul edə bilsə də, əsas strateji hədəf bu göstəricini 15 milyon tona çatdırmaqdır.
Azərbaycan bu xətti öz daxili maliyyə vəsaiti hesabına çəkməyə tam qadir olsa da, Avropa İttifaqı başda olmaqla xarici aktorların və beynəlxalq şirkətlərin layihəyə olan böyük marağı nəzərə alınaraq, nəzarət paketi Azərbaycan dövlətində qalmaq şərtilə beynəlxalq konsorsiumun yaradılması prosesi nəzərdən keçirilir.
Zəngəzur dəhlizinin tam işə düşməsi ilə Culfa məntəqəsindən İrana ikinci birləşdirici dəmir yolu xətti açılacaq və Naxçıvan həm Şərq-Qərb, həm də Fars körfəzinə, oradan isə Pakistana uzanan Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində qlobal bir qovşaq (hub) statusu qazanacaq. Okeanlara birbaşa çıxışı olmayan Azərbaycan, inşa etdiyi bu nəqliyyat damarları sayəsində beynəlxalq daşımalarda yan keçilməsi qeyri-mümkün olan bir ölkə reallığını təsbit edir.
Dövlət başçısı Naxçıvanın daxili enerji təhlükəsizliyi məsələsinin artıq 100% qazlaşma və yerli generasiya gücləri hesabına tamamilə həll olunduğunu, muxtar respublikanın yeni dövrdə enerjinin aktiv ixracatçısına çevriləcəyini bəyan edib. Bölgədə gedən müharibələr və logistik qırılmalar səbəbindən dünyada enerji böhranının dərinləşdiyi bir vaxtda, Azərbaycan regionda enerji problemi olmayan birinci ölkə mövqeyindədir.
Naxçıvanda alternativ və ekoloji təmiz enerji sahəsində böyük bir dövr başlayır. Aparılan dəqiq elmi monitorinqlər göstərir ki, Günəş enerjisi istehsalı üçün bütün Azərbaycan ərazisində ən əlverişli coğrafi məkan məhz Naxçıvandır. Bu məqsədlə 600 hektardan çox torpaq sahəsi ayrılıb və burada gələcəkdə 500 meqavatdan 1000 meqavata qədər Günəş elektrik enerjisi istehsalı hədəflənir. Paralel olaraq, Ordubad rayonunun Tivi kəndində layihələndirilən 15 meqavatdan çox gücə malik su elektrik stansiyasının inşası üçün dövlət tərəfindən yeni maliyyə vəsaitləri ayrılır, yerli investorlar tərəfindən isə 50 meqavatlıq stansiyaların qurulması davam etdirilir. İstehsal olunan bərpaolunan enerjini səmərəli şəkildə saxlamaq üçün Prezidentin göstərişi ilə Naxçıvanda birinci mərhələdə ən azı 100 meqavatlıq müasir batareya saxlanc qurğuları (BESS) quraşdırılacaq.
Zəngəzur dəhlizi həm də çoxşaxəli bir enerji magistralıdır. Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisindən keçməklə Naxçıvana elektrik xətlərinin çəkilməsi layihəsi tam hazırdır. Azad edilmiş Cəbrayıl rayonunda inşa olunan nəhəng çevirici yarımstansiya məhz bu böyük enerji həcmlərinin Türkiyə və Avropaya ötürülməsi funksiyasını yerinə yetirəcək. Gələcəkdə bu strateji xətdən fiber-optik kabellər, hətta ehtiyac olarsa neft-qaz kəmərləri də keçə bilər. Dövlət başçısı vurğulayıb ki, köhnəlmiş atom elektrik stansiyasından asılı qalan Ermənistan bu stansiya bağlandıqdan sonra dərin enerji böhranı ilə üzləşə bilər və Azərbaycanın cəmi 6 aya quraşdıra biləcəyi bu alternativ enerji xətti regional təhlükəsizlik baxımından Ermənistanın öz enerji sisteminin ayaqda qalmasına da kömək edəcək. Qonşu ölkələrə ixrac imkanlarını genişləndirən Azərbaycan, həmçinin Qara dəniz enerji kabeli layihəsi və COP29 çərçivəsində Qazaxıstan və Özbəkistanla imzalanmış Xəzərin dibi ilə elektrik kabelinin çəkilişinə dair tarixi saziş sayəsində Avropa bazarına birbaşa çıxış əldə edəcək.
Prezident İlham Əliyev Naxçıvan sakinlərinin gündəlik həyat şəraitini, məşğulluğunu və rifahını yüksəldəcək konkret layihələri diqqətə çatdırıb. Bu layihələrdən biri regionda işsizlik probleminin həllinə və müasir zavodların yaradılmasına böyük təkan verəcək Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasıdır. Ərazi miqyasına görə Sumqayıtdan sonra ölkədə ikinci olacaq bu parkın tərkib hissəsi kimi inşa ediləcək 300 meqavat gücündəki yeni istilik elektrik stansiyası Naxçıvanın mövcud enerji generasiyasını dərhal 1,5 dəfə artıracaq. Bundan əlavə Naxçıvan şəhərində köhnə avtobuslar tamamilə xidmətdən çıxarılaraq ekoloji təmiz, yaşıl rəngli yeni elektrik avtobusları xəttə buraxılıb. Şəhərlərarası və rayonlararası sərnişindaşımadakı çətinlikləri aradan qaldırmaq üçün isə 217 müasir avtobus alınaraq qısa müddətdə marşrutlara cəlb olunacaq. 26 yaşayış məntəqəsini və təxminən 160 min muxtar respublika əhalisini birbaşa əhatə edən 420 kilometr uzunluğunda kənd yolları tamamilə yenidən qurulur və əsaslı təmir edilir. Regionda müasir uşaq bağçalarının tikintisi və təmiri prosesinə start verilir. Vətəndaşlara yüksək xidmət üçün DOST Mərkəzi və "ASAN xidmət" fəaliyyətini genişləndirir. Naxçıvanın zəngin təbiəti və tarixi abidələrinə turist cəlb etmək məqsədilə şəhərin mərkəzində təməli qoyulan beşulduzlu yeni nəhəng mehmanxana kompleksi isə 2028-ci ildə qapılarını qonaqların üzünə açacaq. Naxçıvan şəhərinin müasir infrastruktura və ekoloji şəhərsalma standartlarına malik 2044-cü ilədək inkişaf Baş Planı təsdiqlənərək icrasına başlanılıb.
Dövlət siyasətinin əsas strateji təməllərindən biri Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyası əsasında idarə olunmasıdır. Azad edilmiş torpaqlarda idarəetmə səmərəliliyini tam sübut edən Prezidentin xüsusi nümayəndəliyi sistemi muxtariyyət statusu tam qorunub saxlanılmaqla Naxçıvanda da tətbiq olunur. Həyata keçirilən bu köklü struktur və kadr islahatları idarəetməni daha şəffaf, çevik və vətəndaşyönümlü edir. Tarixən və coğrafi baxımdan hər zaman vahid məkan olan, Zəngilan ilə Ordubad rayonları arasında cəmi 42 kilometrlik məsafəsi qalan bu böyük coğrafiya vahid və nümunəvi bir inkişaf diyarı kimi inzibati baxımdan da birləşdirilir.
Müsahibədə səsləndirilən bu irimiqyaslı layihələrin, sosial-loqistik infrastrukturun dərhal qurulması və minlərlə yeni iş yerinin açılması məqsədilə Prezident İlham Əliyev dövlət büdcəsindən dərhal 258 milyon manat vəsaitin ayrılması barədə xüsusi Sərəncam imzalamışdır. Bu nəhəng dövlət sərmayəsi güclü siyasi iradə və maliyyə müstəqilliyi ilə birləşərək Naxçıvanı yaxın illərdə bütövlükdə Avrasiyanın ən təhlükəsiz, firavan və əvəzolunmaz strateji mərkəzinə çevirəcəkdir.
Sitarə Babayeva
YAP Lənkəran rayon təşkilatının uçot işləri üzrə məsləhətçisi