PDF Oxu

Siyasət

  • 774

Naxçıvanın yeni inkişaf mərhələsi: təhlükəsizlikdən iqtisadi yüksəlişə, enerjidən nəqliyyata qədər böyük hədəflər

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf perspektivlərinin geniş və sistemli şəkildə ortaya qoyulması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının səfər zamanı iştirak etdiyi tədbirlər, səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələr Naxçıvanın sosial-iqtisadi, hərbi, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı və turizm baxımından yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, onun Prezident kimi Naxçıvana 17-ci səfəridir. Hər bir səfərin konkret nəticələrlə müşayiət olunması dövlət başçısının Naxçıvanın inkişafına xüsusi diqqətinin göstəricisidir. Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi kimi hərtərəfli inkişaf etdirilməsi, burada yaşayan insanların sosial rifahının yüksəldilməsi və regionun strateji imkanlarından səmərəli istifadə edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Səfər çərçivəsində Naxçıvanın müdafiə potensialının daha da gücləndirilməsi məsələsi xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu vurğulayaraq, Naxçıvanda hərbi potensialın bundan sonra da gücləndiriləcəyini bildirib. Müasir hərbi texnika ilə təchizat, yeni komando qüvvələrinin yaradılması və müdafiə imkanlarının genişləndirilməsi Naxçıvanın təhlükəsizliyinin etibarlı təminatının əsas elementlərindəndir.

Naxçıvanın coğrafi xüsusiyyətləri və Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması onun təhlükəsizliyinə xüsusi yanaşmanı zəruri edir. Bu baxımdan Naxçıvanda Əlahiddə Ordunun yaradılması mühüm strateji qərarlardan biri kimi qiymətləndirilir. Dövlət başçısının müsahibəsində də qeyd olunduğu kimi, təhlükəsizlik məsələsi Naxçıvanın inkişafının fundamental şərtlərindən biridir.

Səfərin mühüm hadisələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasıdır. Sənaye Parkının yaradılması regionda yeni iş yerlərinin açılması, istehsal sahələrinin genişləndirilməsi, investisiyaların cəlb olunması və iqtisadi fəallığın artırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu layihə Naxçıvanın yalnız istehlak və xidmət məkanı deyil, eyni zamanda müasir sənaye və istehsal mərkəzinə çevrilməsi məqsədinə xidmət edir.

Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması isə enerji təhlükəsizliyinin daha yüksək səviyyəyə çatdırılmasına imkan verəcək. Hazırda Naxçıvanın generasiya gücünün təqribən 200 meqavat olduğunu nəzərə alsaq, yeni stansiyanın istifadəyə verilməsi regionun enerji imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Naxçıvanın enerji potensialının inkişafında bərpaolunan enerji mənbələri də mühüm yer tutur. Dövlət başçısının sözlərinə görə, Naxçıvan Günəş enerjisinin istehsalı üçün Azərbaycanın ən əlverişli məkanlarından biridir. Artıq yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması üçün ərazilər müəyyənləşdirilib. Bu istiqamətdə özəl sektorun fəal iştirakı Azərbaycanın əlverişli investisiya mühitinin daha bir göstəricisidir.

Naxçıvanda Günəş enerjisi istehsalının ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavata qədər çatdırılması imkanları regionun enerji ixracatçısına çevrilməsi baxımından böyük perspektivlər yaradır. İran və Türkiyə istiqamətində mövcud enerji xətlərinin imkanlarının genişləndirilməsi, gələcəkdə Avropa bazarlarına çıxışın təmin olunması Azərbaycanın enerji siyasətinin Naxçıvan istiqamətində də ardıcıl davam etdirildiyini göstərir.

Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsində qazlaşdırmanın 100 faizə çatdırılması da mühüm nəticədir. Bununla yanaşı, su və Günəş elektrik stansiyalarının yaradılması, yeni istilik elektrik stansiyasının inşası və batareya saxlanc qurğularının qurulması enerji sisteminin daha dayanıqlı və çevik olmasına xidmət edir.

Nəqliyyat məsələsi isə Naxçıvanın gələcək inkişafında xüsusi strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın Azərbaycanla əsas quru əlaqəsinin yaradılması baxımından tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin müsahibəsində də bu məsələnin tarixçəsi, görülən işlər və qarşıdakı planlar ətraflı şəkildə diqqətə çatdırılıb.

Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi, dəmir yolu layihələrinin sürətləndirilməsi və Naxçıvan dəmir yolunun bərpası Azərbaycanın bu istiqamətdə konkret və ardıcıl fəaliyyət göstərdiyini nümayiş etdirir. Naxçıvan ərazisində yeni texniki-iqtisadi əsaslandırma əsasında 194 kilometrlik dəmir yolunun yaradılması planı gələcəkdə böyük həcmdə yükdaşımaların həyata keçirilməsinə imkan verəcək.

Bu nəqliyyat xəttinin ilkin mərhələdə 1,5 milyon ton, gələcəkdə isə ən azı 15 milyon ton yükdaşıma qabiliyyətinə çatdırılması planlaşdırılır. Belə imkanlar Naxçıvanın regional nəqliyyat mərkəzinə çevrilməsinə, yeni iş yerlərinin açılmasına, iqtisadi fəallığın artmasına və Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətinin yüksəlməsinə şərait yaradacaq.

Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilməsi Azərbaycanın geostrateji mövqeyini də daha da gücləndirəcək. Bu baxımdan Naxçıvanın inkişafı yalnız muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın iqtisadi və nəqliyyat potensialının genişləndirilməsi məsələsidir.

Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər bir daha göstərir ki, Naxçıvanın inkişafı kompleks yanaşma əsasında həyata keçirilir. Sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, sosial infrastruktur və turizm sahələrində nəzərdə tutulan layihələr bir-birini tamamlayaraq vahid inkişaf modelinin formalaşmasına xidmət edir.

Naxçıvanın gələcəyinə hesablanan bu layihələrin əsas məqsədi isə insanların rifahının yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, iqtisadi imkanların artırılması və regionun Azərbaycanın ümumi inkişaf dinamikasına daha fəal şəkildə qoşulmasının təmin edilməsidir. Dövlət başçısının müsahibəsində ifadə olunan fikirlər Naxçıvanın qarşıdakı illərdə daha müasir, güclü və rəqabətqabiliyyətli iqtisadi məkana çevriləcəyinə inamı daha da artırır.

Rövşən Qasımov,

YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər