PDF Oxu

Siyasət

  • 609

Dünənin qaranlıq Naxçıvanı sabahın enerji ixracatçısı olacaq

image

Elektrik enerjisi və təbii qaz 1988-ci ildən Naxçıvanın ən böyük ehtiyacına çevrilmişdi. Ermənistan həmin tarixdən etibarən torpaqlarımıza növbəti iddiasını başlamaqla paralel, həm də ərazisindən keçərək Naxçıvana gələn qaz və elektrik xətlərini dağıdır, Naxçıvan günlərlə işıqsız və qazsız qalırdı. Artıq 1990-cı ilə qədər demək olar ki, qaz və işıq tamamilə kəsilmiş, insanlar qaranlıq və soyuqda qalmışdı.

Naxçıvanda təbii qaz 15 ildən artıq olmadı. Elekrtik enerjisi isə Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qonşularımızdan alınıb növbəli şəkildə əhalinin istifadəsinə verilirdi. Yəni, muxtar respublikada işıq 2 saatdan bir olurdu. Belə olan halda isə hamı həmin 2 saatdan istifadə etdiyi üçün xətlər o qədər yüklənirdi ki, elektrik enerjisi verilən zaman xətlər buna tab gətirmir, qırılırdı. Nəticədə bəzən elə gün olurdu ki, müəyyən bir ərazidə əhali bir dəfə də 2 saatlıq “işıq vaxtı”ndan istifadə edə bilmirdi.

Bu gündən o dövrə nəzər saldıqda insan övladı necə minlərcə dəfə şükür etməz... Bu gün Naxçıvanın təbii qaza olan olan ehtiyacı 100 faiz ödənilib. Yadımdadır, 2004-cü ildə Naxçıvana təbii qaz çəkilşi həyata keçirilirdi. Mərhələli şəkildə şəhər, rayon mərkəzləri, ən ucqar kəndlərə belə təbii qaz xətləri bərpa olunurdu. Hələ üstəlik evlərə “Beko” markalı qaz plitəsi də hədiyyə olaraq qoyulurdu. Həmin hədiyyəni bu gün xatırlamaq həqiqətən insanı kövrəldir. O zaman insanların sevincini gözləri ilə görən biri kimi dövlətimizin blokada Naxçıvanın əhalisinə yaşatdığı sevincdən doğan minnətdarlıq hissinin nə qədər böyük olduğunu söyləmək üçün sözlər aciz qalır.

Dövlətimizin başçısı avqustun 11-də Naxçıvana növbəti səfəri zamanı Azərbvaycan televiziyasına verdiyi müsahibədə bu məsələyə toxundu və tarixi faktlarla Naxçıvanın təbii qaz məsələsinin həllini izah etdi: Bu məqsədlər üçün vaxtilə yenə də mənim təşəbbüsümlə biz İran İslam Respublikası ilə qaz mübadiləsi sazişini imzaladıq. Bu sazişə əsasən, İrandan Azərbaycana qaz kəməri çəkilmişdir və eyni zamanda, Azərbaycanın Astara rayonundan İran ərazisinə qaz nəqli təmin edilmişdir. Yəni biz Naxçıvanı mübadilə yolu ilə 100 faiz qazla təmin etdik.

Bununla paralel olaraq, qazlaşmanı apardıq. Artıq neçə ildir ki, - təqribən deyə bilərəm, bəlkə 15 il, bəlkə ondan da çox, - Naxçıvanda qazlaşma 100 faizdir. Azərbaycanda ümumilikdə qazlaşmanın səviyyəsi 96 faizdir, bu da çox böyük rəqəmdir. Ancaq Naxçıvanda bu, artıq 100 faizdir. Yəni bu da enerji təhlükəsizliyinə yönəlmiş bir addım idi.

Naxçıvanda elektrik enerjisinə olan tələbatın təbii resurslar hesabına ödənilməsi məqsədilə bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilmişdir. Dövlət başçısının budəfəki səfəri zamanı 300 meqavat gücündə istilik elektrik stansiyasının təməlini qoyması və 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə tanış olması Naxçıvanın enerji mənbələrinin daha da artırılacağını şərtləndirən amildir. Müsahibə zamanı Prezidentimizin bu barədədə dəyərli fikirlərini dinlədik: Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edildi və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək.

Sevindirici hal ondan ibarətdir ki, bizdə bərpaolunan enerji növlərinin yaradılması ilə bir qayda olaraq, özəl sektor məşğuldur. Mənə bu gün təqdim edilən məlumat onu göstərir ki, bu layihələr iqtisadi cəhətdən, yəni gəlirlilik nöqteyi-nəzərindən investorlar üçün cəlbedicidir.

Yəni burada həm Azərbaycanda investisiya iqliminin müsbət olması, eyni zamanda, bərpaolunan enerji növlərinin inkişafına dövlət dəstəyi və bütövlükdə bizim artan potensialımız, o cümlədən ixrac imkanlarımız mühüm rol oynayır. Çünki qeyd etdiyim kimi, bu gün Naxçıvan elektrik enerjisi ilə təminat baxımından tam sığortalıdır.

Dediyim 200 meqavat generasiya gücü Naxçıvanın bugünkü tələbatından artıqdır. Amma biz gələcəyə baxmalıyıq. Naxçıvanın sürətli inkişafı davam etdiriləcək, o cümlədən Dövlət Proqramının icrası nəticəsində. Bu Proqram da mənim Sərəncamımla qəbul edilmişdir. Naxçıvandan çox böyük həcmdə elektrik enerjisinin ixracı da nəzərdə tutulacaq.

Dövlətimizin başçısının Naxçıvanda elektrik enerjisi ixracı ilə bağlı söylədiyi fikirlər qürur yaradır. İllər öncə qaranlıq ilə mübarizə aparan, elektrik enerjisinin yoxluğu üzündən istehsal müəssisələrinin fəaliyyəti dayanan, əhalisi min bir çətinliklə yaşayan, bayram süfrələri ətrafında da çırıq işığında əyləşən, qaranlıqda günləri aylara çevirən Naxçıvan gələcəyin elektrik enerjisi ixracatçısı olacaq. Bu, sevindirici və qürurvericidir. Həm də ölkəmizin zəngin təbiətə məxsus bölgəsinin təbii resurslarının da zənginliyinin, tükənməzliyinin göstəricisidir.

Deməli, bu resurslardan istifadə edib daha gözəl sabahların sahibinə çevrilmək mümkün imiş.

Mətanət Məmmədova

Digər xəbərlər