Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Muxtar respublikanın kompleks inkişafı, idarəetmədə keyfiyyətcə yeni mərhələyə keçid və bölgənin strateji rolunun artırılması baxımından növbəti mühüm addım olan bu səfər Ümummilli Lider Heydər Əliyevin Naxçıvanla bağlı xüsusi xəttinin məntiqi davamıdır.
Dövlətimizin başçısı Naxçıvanın sosial-iqtisadi yüksəlişini və ölkənin ümumi inkişaf sisteminə tam inteqrasiyasını hər zaman diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına 17 dəfə səfər edib. Bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, bölgənin inkişafı ilə bağlı mühüm tapşırıqlar verib.
Bölgədə hərbi və təhlükəsizlik siyasətinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir. Naxçıvanda komando hərbi hissələrinin yaradılması da bunu təsdiqləyir. Əlahiddə Ümumqoşun Orduda yeni komando bölmələrinə Döyüş bayraqlarının verilməsi Naxçıvanın müdafiə qabiliyyətinin ən müasir standartlara çatdırılmasının göstəricisidir. Bununla da, Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması mesajı bir daha verildi və Muxtar Respublikanın təhlükəsizliyinin sarsılmazlığı nümayiş etdirildi.
Hazırda alternativ enerji potensialının gücləndirilməsi də dövlətimizin siyasətində prioritetdir. Bu baxımdan, Naxçıvanın da yaşıl enerji zonası elan olunması xüsusi vurğulanmalıdır. Təsadüfi deyil ki, bu gün yaşıl enerjinin Avropaya ixracı yeni hədəflər sırasındadır. Dövlət başçısının "Şəms 1" və "Qərbi Üfüq" stansiyalarındakı işlərlə tanışlığı da Naxçıvanın ölkədə günəş enerjisi istehsalı üçün ən əlverişli məkan olduğunu təsdiqlədi. Bu tipli layihələrin icrası Avropaya enerji çıxışını sürətləndirəcək. Bu mənada, Naxçıvan üzərindən Avropaya elektrik enerjisinin ixracı hədəflərinin reallaşdırılması imkanları böyükdür.
Prezidentin Naxçıvana səfəri zamanı verilən mühüm mesajlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır. Dövlətimizin başçısı Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bu istiqamətdə görülən işlərdən danışıb və dəmiryolunun Naxçıvan hissəsində edilən yeniliklərin əhəmiyyətini vurğulayıb. Belə ki, həmin hissədə yenidənqurma işləri nəticəsində yükdaşımaların ildə 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bununla, Naxçıvan da nəqliyyat-logistika qovşağı olaraq Orta Dəhliz çərçivəsində əhəmiyyətli inkişaf edəcək. Eyni zamanda, beynəlxalq qurumların Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə böyük maraq göstərməsi regionun əvəzolunmaz nəqliyyat mərkəzinə çevriləcəyinə sübutdur. İnfrastruktur layihələrinin tamamlanmasına gəlincə, Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, tam hazır olması regional blokadanın tamamilə yarılması prosesini sürətləndirir. Eyni xətt üzrə dəmiryolu isə gələn il başa çatacaq. Bu il Ermənistan ərazisində TRIPP layihəsinin də praktiki icrasına başlanılması nəzərdə tutulur. Avqustun 8-də dövlətimizin başçısının ABŞ prezidenti Donald Trampla telefon söhbətində bu məsələ xüsusi diqqət mərkəzində olub. Bütövlükdə, bu layihənin reallaşdırılması Naxçıvanı beynəlxalq logistika mərkəzlərindən birinə çevirəcək.
Prezident İlham Əliyevin səfərinin Naxçıvanın sosial-iqtisadi inkişafı və yeni idarəetmə konsepsiyası baxımından da əhəmiyyətinə diqqət çəkib. Prezidentin bəyan etdiyi kimi, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ artıq eyni idarəetmə və inkişaf mexanizmləri əsasında tərəqqi edəcək. Bununla yanaşı, Naxçıvan Sənaye Parkının, sosial evlər kompleksinin təməllərinin qoyulması və şəhərin 2044-cü ilədək inkişafına dair Baş Planının təqdim edilməsi regionun demoqrafik və iqtisadi artımına hədəflənib. Eləcə də, muxtar respublikada sosial xidmətlər də modernləşdirilir. Regionda açılan yeni DOST Mərkəzi və ekoloji təmiz elektrik avtobuslarının xəttə buraxılması əhalinin rifahının artırılmasına xidmət edir.
"Beləliklə, dövlət başçısının səfəri Naxçıvanı sadəcə təbii coğrafi təcriddən çıxarmaqla qalmır, həm də onu regionun hərbi cəhətdən keçilməz qalasına, logistik mərkəzinə və gələcəyin "yaşıl enerji" mərkəzinə çevirmək məqsədi naminə dövlətimizin siyasi iradəsini birmənalı şəkildə ortaya qoyur.
Əlövsət Qurbanov
YAP Lənkəran rayon təşkilatının sədr müavini