PDF Oxu

Siyasət

  • 831

Prezident İlham Əliyevin Naxçıvana səfəri və müsahibəsində qarşıya qoyulan strateji hədəflər - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın bu günü və gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə Naxçıvanın təhlükəsizliyindən enerji təminatına, sənaye və kənd təsərrüfatından nəqliyyat infrastrukturuna, tarixi-mədəni irsin qorunmasından turizmə qədər geniş spektrli məsələlərə toxunulmuşdur.
Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri çərçivəsində həyata keçirilən tədbirlər bir daha göstərir ki, muxtar respublikanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısının müsahibəsində vurğuladığı kimi, Naxçıvanda həyata keçirilən layihələr ayrı-ayrı tədbirlər deyil, vahid və uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.
Ən mühüm istiqamətlərdən biri Naxçıvanın təhlükəsizliyinin və müdafiə potensialının daha da gücləndirilməsidir. Naxçıvanın coğrafi mövqeyi, Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması bu bölgənin təhlükəsizliyinə xüsusi diqqət göstərilməsini zəruri edir. Əlahiddə Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın müdafiə imkanlarının yüksək səviyyədə saxlanıldığını göstərir. Bu siyasət həm Naxçıvanın, həm də Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Naxçıvan Sənaye Parkının yaradılması isə muxtar respublikanın iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sənaye Parkının fəaliyyətə başlaması yeni istehsal müəssisələrinin yaradılmasına, investisiyaların cəlb olunmasına və yeni iş yerlərinin açılmasına imkan verəcək. Parkın tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması isə həm sənaye müəssisələrinin enerji ilə təminatını, həm də gələcəkdə elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Naxçıvanın Günəş enerjisi potensialı da xüsusi əhəmiyyət daşıyır. Muxtar respublikada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması üçün artıq ərazilər müəyyənləşdirilmişdir. 50 meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisi ilə yanaşı, gələcəkdə Naxçıvanda Günəş enerjisi istehsalının ən azı 500 meqavata çatdırılması imkanının olması bu bölgənin Azərbaycanın yaşıl enerji siyasətində mühüm rol oynayacağını göstərir.
Bu baxımdan Naxçıvanın yaşıl enerji zonası kimi inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bərpaolunan enerji mənbələrinin genişləndirilməsi ilə yanaşı, enerji saxlanc sistemlərinin yaradılması da nəzərdə tutulur. Naxçıvanda birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması bu sahədə müasir texnologiyaların tətbiqinə nümunədir.
Müsahibədə ən mühüm strateji məsələlərdən biri, şübhəsiz ki, Zəngəzur dəhlizi və Naxçıvanın nəqliyyat imkanlarının genişləndirilməsi ilə bağlı fikirlərdir. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək mühüm nəqliyyat xətti olmaqla yanaşı, daha geniş regional və beynəlxalq nəqliyyat sisteminin mühüm hissəsinə çevriləcək. Bu layihənin reallaşması Naxçıvanın geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Naxçıvan dəmir yolunun bərpası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Mövcud dəmir yolunun yenidən qurulması və onun yükaşırma qabiliyyətinin ilkin mərhələdə 1,5 milyon tondan 15 milyon tona çatdırılması planı Naxçıvanın gələcəkdə böyük logistika mərkəzinə çevrilməsi üçün geniş imkanlar yaradır. Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtələrindən birinə çevrilməsi bölgənin iqtisadi fəallığını əhəmiyyətli dərəcədə artıracaq.
Bu layihələrin həyata keçirilməsi nəticəsində Naxçıvanda yeni iş yerlərinin açılması, xidmət və logistika sektorlarının inkişafı, sahibkarlıq fəaliyyətinin genişlənməsi və xarici investisiyaların artması gözlənilir. Beləliklə, Naxçıvan yalnız Azərbaycanın daxili nəqliyyat sisteminin mühüm hissəsi deyil, beynəlxalq yükdaşımaların həyata keçirildiyi strateji nəqliyyat mərkəzlərindən biri ola bilər.
Naxçıvanın enerji imkanlarının da Zəngəzur dəhlizi vasitəsilə genişləndirilməsi mühüm perspektivlərdən biridir. Elektrik enerjisi xətlərinin, fiber-optik kabellərin və gələcəkdə digər enerji infrastrukturlarının bu dəhliz üzrə yaradılması Naxçıvanın regional əlaqələrini daha da gücləndirə bilər. Bu isə Zəngəzur dəhlizinin yalnız nəqliyyat layihəsi deyil, çoxşaxəli iqtisadi və kommunikasiya layihəsi olduğunu göstərir.
Naxçıvanın turizm potensialının inkişafı da qarşıda duran mühüm vəzifələrdən biridir. Muxtar respublikanın qədim tarixi, zəngin memarlıq abidələri, təmiz havası, dağlıq əraziləri və təbii gözəllikləri turizmin inkişafı üçün geniş imkanlar yaradır. Şəhərin mərkəzində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması bu istiqamətdə atılan mühüm addımlardandır. Turizm infrastrukturunun inkişaf etdirilməsi Naxçıvana gələn turistlərin sayının artmasına və xidmət sektorunun genişlənməsinə şərait yaradacaq.
Naxçıvan şəhərinin sosial və nəqliyyat infrastrukturu ilə bağlı planlar da diqqətəlayiqdir. Yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının müasirləşdirilməsinə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Bundan əlavə, rayonlararası və şəhərlərarası nəqliyyatın yaxşılaşdırılması üçün 217 müasir avtobusun alınması nəzərdə tutulur. Müxtəlif kateqoriyalı yolların, o cümlədən kənd yollarının yenidən qurulması və əsaslı təmiri də əhalinin rahatlığının artırılmasına mühüm töhfə verəcək.
Sosial sahədə DOST və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti dövlət xidmətlərinin vətəndaşlara daha rahat və şəffaf şəkildə göstərilməsinə imkan verir. Uşaq bağçalarının tikintisi və təmiri ilə bağlı planlar isə sosial infrastrukturun daha da gücləndirilməsinə yönəlib.
Müsahibədə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsi ilə bağlı yanaşma da mühüm strateji istiqamət kimi diqqəti çəkir. Bu bölgələrin coğrafi, tarixi və iqtisadi əlaqələrinin nəzərə alınması onların gələcəkdə bir-birini tamamlayan inkişaf məkanlarına çevrilməsinə imkan yaradır.
Naxçıvanda Prezidentin xüsusi nümayəndəliyinin fəaliyyətə başlaması da yeni idarəetmə modelinin tətbiqinin mühüm göstəricisidir. Bu yanaşmanın məqsədi idarəetmənin səmərəliliyinin artırılması, layihələrin daha çevik icrası və dövlət siyasətinin yerlərdə daha effektiv həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikasının muxtar statusunun qorunması ilə yanaşı, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi bölgənin inkişafına yeni dinamika verə bilər.
Ümumilikdə, Prezident İlham Əliyevin Naxçıvana səfəri və Azərbaycan Televiziyasına müsahibəsi muxtar respublikanın gələcək inkişaf istiqamətlərinin aydın şəkildə ortaya qoyulması baxımından mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Müsahibədən aydın görünür ki, qarşıdakı dövrdə Naxçıvanın inkişafı yalnız sosial-iqtisadi göstəricilərin yüksəldilməsi ilə məhdudlaşmayacaq. Burada təhlükəsiz, müasir, yaşıl enerji ilə təmin olunan, sənayesi inkişaf edən, kənd təsərrüfatı və turizm imkanlarından səmərəli istifadə edən, beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin mühüm həlqəsinə çevrilən yeni inkişaf modeli formalaşdırılacaq.
Bu strategiyanın reallaşması Naxçıvanın Azərbaycanın ümumi iqtisadi sistemindəki rolunu daha da artıracaq. Zəngəzur dəhlizinin açılması, dəmir yolu və avtomobil yollarının bərpası, enerji ixracının genişləndirilməsi, sənaye parkının yaradılması, kənd təsərrüfatının inkişafı və turizm infrastrukturunun gücləndirilməsi Naxçıvanın gələcəyini daha böyük regional imkanlarla bağlayır.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərdən belə nəticəyə gəlmək olar ki, Naxçıvan üçün qarşıya qoyulan əsas hədəf təhlükəsiz, dayanıqlı, müasir və yüksək inkişaf etmiş bir bölgə yaratmaqdır. Bu məqsədə çatmaq üçün Azərbaycanın siyasi iradəsi, maliyyə imkanları və strateji layihələri kifayət qədər genişdir.
Naxçıvan tarixən Azərbaycanın dövlətçilik, mədəniyyət və strateji həyatında mühüm rol oynayıb. Qarşıdakı dövrdə isə onun nəqliyyat, enerji, sənaye və turizm imkanlarının genişlənməsi bu qədim diyarın regional əhəmiyyətini daha da artıracaq. Prezident İlham Əliyevin səfəri zamanı verilən mesajlar bir daha göstərir ki, Naxçıvanın gələcəyi böyük inkişaf layihələri, güclü dövlət dəstəyi və uzunmüddətli strateji baxış üzərində qurulur.
Ayaz Novruzov
YAP Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər