PDF Oxu

Siyasət

  • 596

Naxçıvanın gələcək inkişaf strategiyasının əsas istiqamətləri

image

Prezident: “Bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək”

Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf konsepsiyasının ardıcıl şəkildə həyata keçirilməsi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da davamlı olaraq reallaşıb. Naxçıvan Muxtar Respublikasının inkişafı, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun qurulması məsələləri Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət mərkəzində olub və bu gün də belədir. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı olduğu dövrdə muxtar respublikaya dəfələrlə səfəri Naxçıvanın inkişafına böyük təkan olub. Dövlətimizin başçısı bu səfərlər çərçivəsində 100-ə yaxın təhsil, səhiyyə, idman və mədəniyyət müəssisəsinin, istehsal sahəsinin və hərbi təyinatlı obyektin açılışlarında iştirak edib. Naxçıvanda aparılan abadlıq-quruculuq işləri, müasir infrastrukturun yaradılması, nəqliyyat-kommunikasiya xətlərinin çəkilişi işləri bilavasitə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri mühüm hadisələrlə və gələcəyə hesablanmış mesajlarla yadda qaldı. “Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Prezident kimi Naxçıvana 17 dəfə səfər etdiyini deyən dövlətimizin başçısı vurğulayıb: “Hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi”.

Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edir. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər təkcə muxtar respublikada həyata keçirilən layihələrin deyil, eləcə də Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasında, Cənubi Qafqazın yeni geosiyasi və geoiqtisadi reallıqlarında yerini göstərmiş oldu.

Dövlətimizin başçısının müsahibədə Naxçıvanın gələcəyi, enerji, nəqliyyat, regional bağlantılar, Zəngəzur dəhlizi, Ermənistanla münasibətlər və Azərbaycanın qarşısında açılan yeni imkanlarla bağlı fikirləri göstərdi ki, Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi kimi deyil, yeni regional geosiyasi və iqtisadi düzənin mühüm qovşaqlarından biri kimi nəzərdən keçirilir. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantı yaradacaq və bu bağlantı daha geniş beynəlxalq nəqliyyat şəbəkəsinin mühüm hissəsinə çevriləcək. Prezidentin müsahibəsində Ermənistanla bağlı səsləndirdiyi fikirlər də yeni regional reallığın mahiyyətini göstərir.

Dövlət başçısının səfəri çərçivəsində Naxçıvanın sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi, müasir infrastrukturun yaradılması və regionun potensialından daha səmərəli istifadə məsələləri diqqət mərkəzində oldu.

“BUGÜNKÜ TƏDBİRLƏR DƏ BİR NÖV GÖRÜLƏN İŞLƏRİN DAVAMIDIR”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub. Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının (güzəştli mənzillər) tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb. Kompleksdə 6 və 7 mərtəbəli 16 bina inşa ediləcək. Burada 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı, 37 dördotaqlı olmaqla, ümumilikdə 518 mənzil olacaq. Yaşayış Kompleksində sakinlərin rahatlığı üçün zəruri infrastruktur yaradılacaq. Burada uşaq bağçasının və digər iaşə obyektlərinin tikintisi nəzərdə tutulur. Kompleks elektrik enerjisi, qaz, su və çirkab suların axıdılması sistemləri ilə təchiz ediləcək. Ərazidə yolların və səkilərin salınması, abadlaşdırma və yaşıllaşdırma işlərinin görülməsi nəzərdə tutulub.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz getdikcə daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsində ölkəmizin qeyri-neft sənayesi də dinamik inkişaf edir, qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələri yaradılır. Hazırda bu istiqamətdə aparılan işlər ölkənin bütün regionlarında uğurla davam etdirilir. Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edərək ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb. Dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində ölkənin hər yerində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Cənab İlham Əliyevin vurğuladığı kimi əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər. Bu sənaye parkı Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb. Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır. Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir. Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır.

Bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb ki, onların da 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb.

Xatırladaq ki, 2026-cı ilin iyulun 1-ə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq hissəsi ixrac olunub.

Prezidentin Naxcıvana səfəri zamanı Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin də açılışı olub. Bu il Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi tamam olur. Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il Sərəncam imzalayıb. Abidə kompleksi böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsini daha müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradılıb. Müəllifləri Xalq rəssamları Salxab Məmmədov, Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov olan heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90, ümumilikdə abidənin hündürlüyü isə 385 santimetrdir. Heykəl bürüncdən, postament qranitdən hazırlanıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Orta əsrlər Azərbaycan memarlığının inkişafında mühüm rol oynayan memar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi ilk növbədə Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürüdür. Bu layihənin icrası, eyni zamanda, onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunub. Hazırda isə onun 900 illiyinin UNESCO çərçivəsində qeyd edilən yubileylər siyahısına daxil edilməsi bütövlükdə çoxəsrlik mədəni zənginliklərimizin beynəlxalq səviyyədə daha geniş təbliğində vacib rol oynayır. Bütün bunlarla yanaşı, dövlət başcısı “Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyub, Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində, Naxçıvan Regional DOST Mərkəzinin açılışını edib. Prezident İlham Əliyev Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub.

“Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək”, - deyə Prezident bildirib.

“NAXÇIVANIN MÜDAFİƏ POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ MƏSƏLƏSİ PRİORİTET MƏSƏLƏLƏR SIRASINDA İDİ”

Dövlət başçısının “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” fikri Azərbaycanın son illərdə formalaşdırdığı güclü müdafiə potensialının regional təhlükəsizlik müstəvisində yaratdığı reallığı ifadə edir.

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. Prezident İlham Əliyevə hərbi hissələrə Döyüş bayraqlarının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olundu. “Bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir”, - deyə Prezident bildirib.

Həyata keçirilən bu və digər tədbirlər Naxçıvan Muxtar Respublikasının çoxşaxəli iqtisadiyyatının formalaşdırılması və sosial sahənin inkişafında mühüm rol oynayır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnib. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilib.

Muxtar respublika bütün sahələrdə yüksək inkişafa nail olub, burada ərzaq və enerji, eləcə də müdafiə təhlükəsizliyi təmin olunub. Azərbaycan xalqının çoxəsrlik nailiyyətlərini, mədəni irsini özündə yaşadan Naxçıvanda milli və dini dəyərlərə hörmətlə yanaşılır, elm və təhsil inkişaf etdirilir, adət-ənənələr qorunub saxlanılır, qədim yaşayış yerləri, tarixi memarlıq nümunələri bərpa olunur. Göründüyü kimi, Naxçıvan Muxtar Respublikası yeni dövrünü yaşayır. Həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Muxtar Respublikada Ulu Öndər Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilir. "İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin", - deyə Ulu Öndər bildirmişdir. Artıq Onun arzuları həqiqətə çevrilib. Bütöv və suveren Azərbaycan, eləcə də Naxçıvan yeni bir dövrünə qədəm qoyub.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər