Əsrarəngiz təbiəti, qədim dövlətçilik ənənələri və zəngin tarixi ilə seçilən Azərbaycan torpağı Naxçıvana Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfəri muxtar respublika sakinləri üçün ilin ən əlamətdar hadisələrindən biri oldu. Uzun illərdir blokada şəraitində yaşayan Naxçıvan Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və müəyyən etdiyi inkişaf strategiyası əsasında sistemli tərəqqi yolu keçərək yeni yüksəliş mərhələsinə qədəm qoyub. Ağır sosial-iqtisadi çətinliklərin yaşandığı həmin dövrdə Naxçıvanın inkişafının əsasını qoyan Heydər Əliyev siyasi xətti sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Muxtar respublikada genişmiqyaslı quruculuq işlərinin aparılması, infrastrukturun yenilənməsi, yeni müəssisələrin yaradılması və sosial layihələrin həyata keçirilməsi bu diqqətin konkret nəticələridir. Prezident İlham Əliyevin səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni layihələrin reallaşdırılması və qarşıdakı hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ulu öndərin abidəsinin açılışı ilə başlayan səfər çərçivəsində həyata keçirilən işlərlə tanışlıq, yeni obyekt və müəssisələrin fəaliyyəti ilə bağlı təqdimatlar Naxçıvanın inkişaf dinamikasını nümayiş etdirdi. Səfərin mühüm məqamlarından biri Prezident İlham Əliyevin dövlət televiziyasına müsahibəsi oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər Naxçıvanın gələcək inkişaf perspektivlərinə dair istiqamətləri müəyyənləşdirməklə yanaşı Azərbaycanın siyasi, iqtisadi və strateji gündəliyinə dair əhəmiyyətli mesajlarla yadda qaldı.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində Naxçıvanın inkişafı ilə bağlı həyata keçirilən layihələrə və qarşıdakı hədəflərə toxunaraq muxtar respublikanın təhlükəsizliyi, iqtisadi gücünün artırılması, enerji təminatı, sənaye potensialının genişləndirilməsi və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışdı. Prezident Naxçıvanın gələcək inkişafının Azərbaycanın dövlət siyasətinin ardıcıl və uzunmüddətli xətti üzrə davam etdiriləcəyini bildirməklə bir daha göstərdi ki, illər əvvəl müəyyənləşdirilən inkişaf strategiyası bu gün real nəticələr və yeni layihələrlə davam etdirilir.
Zəngəzur dəhlizinin yaradacağı imkanlardan danışan Prezident İlham Əliyev bu layihənin reallaşmasının Naxçıvanın nəqliyyat imkanlarını genişləndirəcəyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma ilə layihənin icrasına start verilib. Azərbaycan ərazisində Horadiz–Ağbənd avtomobil və dəmir yolu layihələrinin, Naxçıvan istiqamətində isə dəmir yolunun bərpası üzrə işlərin aparılması Zəngəzur dəhlizinin formalaşması üçün real infrastruktur bazası yaradır. Prezidentin açıqlamaları Naxçıvanın gələcəkdə regional nəqliyyat bağlantılarında daha fəal mövqe tutacağına dair aydın siyasi mesaj oldu. Naxçıvanın enerji təhlükəsizliyinin tam təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev artıq əsas hədəfin enerji imkanlarının genişləndirilməsi olduğunu diqqətə çatdırdı. Dövlət başçısının “artıq Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq” fikri isə görülən işlərin növbəti mərhələsini və düzgün iqtisadi siyasətin real nəticəsini ifadə etdi. Qeyd olunanlarla yanaşı ölkəmizin başçısı Naxçıvana dəmir yolu bağlantısının bərpasında beynəlxalq tərəfdaşlığın mümkünlüyünü vurğulayaraq bildirdi ki, nəzarət paketinin Azərbaycan dövlətində qalması şərtilə beynəlxalq konsorsiumun yaradılması nəzərdən keçirilə bilər. Belə bir əməkdaşlıq modelinin reallaşması bütövlükdə regionun nəqliyyat imkanlarının genişlənməsi və yeni bağlantıların formalaşması baxımından olduqca böyük əhəmiyyət daşıyır.
Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikada görülən işlərin və yeni layihələrin təqdimatı ilə yanaşı qarşıdakı dövr üçün mühüm mesajlarla yadda qaldı. Səsləndirilən fikirlər Naxçıvanın gələcək inkişafına dair prioritetləri, yeni imkanları və qarşıda duran strateji istiqamətləri ortaya qoydu. Bir sözlə, Naxçıvan Prezident İlham Əliyevin liderliyi ilə qarşıdakı böyük hədəflərə doğru inamla irəliləyir.
Naxçıvan nümunəsi: dayanıqlı inkişafdan yeni strateji hədəflərə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində qeyd etdiyi fikirlər yeni reallıqlar və çağırışlar fonunda ölkəmizin hazırkı inkişaf dinamikası və gələcək hədəflərini nümayiş etdirir.
İlk növbədə diqqət çəkən məqam Naxçıvanın qarşıdakı dövrdə inkişafının məhz vahid strateji yanaşmanın tərkib hissəsi olduğunu nümayiş etdirir. Muxtar respublikanın strateji mövqeyi təhlükəsizliyin təmin olunmasını xüsusi əhəmiyyətli məsələyə çevirir. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru sərhədinin olmaması burada müdafiə imkanlarının daim gücləndirilməsini zəruri edir. Prezident İlham Əliyev müsahibəsində Naxçıvanın müdafiə potensialının gücləndirilməsinin prioritet olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, bu istiqamətdə böyük işlər görülüb. Ən müasir hərbi texnikanın alınması, yeni komando qüvvələrinin yaradılması və hərbi imkanların genişləndirilməsi Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edir. Naxçıvanda Əlahiddə Ordunun yaradılması da bu strategiyanın mühüm elementlərindən biridir. Əlahiddə Ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Güclü müdafiə potensialı Naxçıvanda sosial-iqtisadi layihələrin, investisiyaların və uzunmüddətli inkişaf proqramlarının təhlükəsiz şəraitdə həyata keçirilməsinin fundamental şərtidir.
Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir. Naxçıvanın sənaye potensialının genişləndirilməsi həm yeni istehsal sahələrinin yaradılmasına, həm də məşğulluğun artırılmasına imkan verəcək. Prezident İlham Əliyevin göstərişi ilə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Burada yeni müəssisələrin fəaliyyət göstərməsi, investisiyaların cəlb olunması və yerli istehsalın genişləndirilməsi üçün əlverişli mühit formalaşacaq. Bu baxımdan sənaye parkını sadəcə istehsal müəssisələrinin cəmləşəcəyi ərazi kimi deyil, Naxçıvanın yeni iqtisadi potensialının formalaşdırılacağı mühüm platforma kimi qiymətləndirmək olar. Naxçıvan Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşa ediləcəyi barədə açıqlama sənaye və enerji siyasətinin qarşılıqlı əlaqəsini nümayiş etdirir.
Hazırda Naxçıvanın generasiya gücünün təxminən 200 meqavat olduğunu nəzərə alsaq, yeni stansiyanın istifadəyə verilməsi enerji istehsal imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Layihənin məqsədlərindən biri Naxçıvanın dayanıqlı enerji təminatını gücləndirməkdirsə, digəri gələcəkdə elektrik enerjisi ixracı imkanlarını genişləndirməkdir. Beləliklə, enerji siyasətində yanaşma dəyişir: əsas məqsəd yalnız enerji çatışmazlığının qarşısını almaq deyil, artıq formalaşan və formalaşdırılacaq generasiya gücünü iqtisadi üstünlüyə çevirməkdir.
Naxçıvanın enerji strategiyasında bərpaolunan enerji xüsusi yer tutur. Prezident İlham Əliyev müsahibəsində Günəş enerjisi üçün Azərbaycanın ən əlverişli məkanının Naxçıvan olduğunu bildirib. Aparılmış monitorinq və təhlillər əsasında Günəş elektrik enerjisinin istehsalı üçün 600 hektardan çox ərazinin müəyyənləşdirilməsi və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılmasının planlaşdırılması muxtar respublikanın yaşıl enerji potensialının miqyasını nümayiş etdirir. Bu layihələrin mühüm xüsusiyyətlərindən biri də özəl sektorun prosesdə fəal iştirakıdır. İnvestorlar üçün layihələrin iqtisadi cəhətdən cəlbedici olması Naxçıvanda əlverişli investisiya mühitinin formalaşdığını göstərən amillərdən biridir. Burada dövlət dəstəyi ilə özəl təşəbbüsün uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Dövlət enerji infrastrukturu və əlverişli investisiya mühiti yaradır, özəl sektor isə yeni generasiya layihələrinin həyata keçirilməsində iştirak edir. Bu model Naxçıvanın enerji sektorunda daha sürətli və dayanıqlı artım üçün imkan yaradır.
Prezident İlham Əliyevin müsahibəsində Naxçıvanın Azərbaycan xalqına Ümummilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdiyini vurğulayıb. Naxçıvanın Azərbaycan tarixində mühüm rol oynayan çoxsaylı görkəmli şəxsiyyətlər yetişdirməsi, əhalisinin Vətənə bağlılığı, tarixi irsi və strateji coğrafi mövqeyi muxtar respublikanın milli əhəmiyyətini daha da artırır. Bu baxımdan Naxçıvana münasibətdə iqtisadi və geosiyasi yanaşmalar tarixi-mənəvi faktorlarla tamamlanır. Muxtar respublikanın yerləşdiyi coğrafiya onu daha geniş nəqliyyat və enerji əlaqələri baxımından mühüm məkana çevirir.
Naxçıvanın gələcək inkişafında nəqliyyat bağlantılarının genişləndirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyev Naxçıvanın timsalında yeni nəqliyyat damarlarının yaradıldığını vurğulayıb. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması muxtar respublikanın iqtisadi potensialının tam reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Nəqliyyat imkanlarının genişlənməsi Naxçıvan üçün yeni bazarlara çıxış, yükdaşımaların artması, logistika imkanlarının genişləndirilməsi və investisiya fəallığının yüksəlməsi deməkdir. Bu prosesdə Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycanın təşəbbüsü olduğunu bir daha vurğulayıb. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək məqsədinin uzun illər ərzində formalaşdığını bildirən dövlət başçısı bu istiqamətdə görülən işlərin artıq konkret nəticələr verdiyini qeyd edib. 2020-ci il Vətən müharibəsindən sonra imzalanmış Üçtərəfli Bəyanat bu baxımdan mühüm sənəd kimi çıxış edir. Dövlət başçısı müsahibəsində həmin dövrdə aparılan danışıqların gedişinə toxunaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin sənəddə öz əksini tapmasına qəti şəkildə təkid etdiyini bildirib. Bu məqam Azərbaycanın müharibədən sonrakı dövrdə həyata keçirdiyi siyasətin ardıcıllığının göstəricisidir. Zəngəzur dəhlizinin reallaşması Şərq-Qərb nəqliyyat əlaqələrinin inkişafına, regionda yeni logistika imkanlarının formalaşmasına və Naxçıvanın strateji əhəmiyyətinin daha da artmasına səbəb olacaqdır.
Naxçıvanın gələcək inkişafı sənaye və enerji ilə yanaşı, kənd təsərrüfatını da əhatə edir. Kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvana xüsusi yer ayrılması muxtar respublikanın aqrar potensialından daha səmərəli istifadə edilməsinin nəzərdə tutulduğunu göstərir. Suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması və müasir suvarma sistemlərinin quraşdırılması kənd təsərrüfatının inkişafı üçün əsas məsələlərdən biri olan su təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Suvarılmayan torpaqların istifadəyə cəlb edilməsi isə həm istehsal həcminin artmasına, həm də kənd yerlərində məşğulluğun genişlənməsinə imkan verə bilər. Bununla paralel olaraq, DOST Mərkəzinin istifadəyə verilməsi və ASAN xidmət mərkəzinin fəaliyyəti sosial xidmətlərin müasir standartlara uyğun təşkilinə yönəlib. Bu layihələr Naxçıvanın inkişaf strategiyasında insan amilinin xüsusi yer tutduğunu göstərir. Çünki iqtisadi və infrastruktur layihələrinin əsas nəticəsi insanların həyat şəraitinin yaxşılaşdırılmasıdır.
Nəticə etibarilə, nəzərdə tutulan tədbirlərin reallaşdırılması ölkəmizin inkişafına təkan verməklə yanaşı, qarşıda duran hədəflərin gerçəkləşməsini də mümkün edəcək.
Asif Əsgərov
Milli Məclisin deputatı