"Amerika Birləşmiş Ştatları ilə İran arasında vasitəçilərin köməyi ilə danışıqlar aparılır. Lakin danışıqların uğurla başa çatmaq ehtimalı son dərəcə azdır. Bunun əsas səbəbi hər iki tərəfin məsuliyyətsiz davranışıdır".Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının prezidenti diplomatik danışıqlar aparan dövlət başçısının qətiyyən verməməli olduğu bəyanatlar səsləndirir: “İranı məhv etdik”, “İranın heç nəyi yoxdur”, “İran bizə yalvarır” və s.İran da öz növbəsində Tramp qarşısında ultimativ tələblər irəli sürür. Bildirilir ki, Hörmüz boğazının açılması üçün ABŞ müharibəni dayandırmalı, İranı təhdid etməməli, ölkə rəhbərliyini təhqir etməməli, həbs olunmuş şəxsləri azad etməli, sanksiyaları aradan qaldırmalıdır və s. Bunlar Amerika Birləşmiş Ştatlarının qətiyyən qəbul etməyəcəyi tələblərdir.Hələlik söhbət yalnız Hörmüz boğazının açılmasından gedir. Buna cavab olaraq Tramp da təqribən eyni ultimativ mövqedən çıxış edir.Görünən odur ki, bu cür davam edərsə, danışıqlar heç bir nəticə verməyəcək və hərbi əməliyyatlar yenidən başlayacaq.Hətta bəzən belə təəssürat yaranır ki, Amerika Birləşmiş Ştatları bu danışıqların nəticə verməyəcəyini əvvəlcədən anlayır və sadəcə hazırlıqları tamamlamaq üçün danışıqların aparıldığı görüntüsünü yaratmaq istəyir. Məqsəd daha yaxşı hazırlaşmaq, daha çox silah toplamaq və İrana daha sarsıdıcı zərbə vurmaq ola bilər.Çox təəssüf ki, hazırkı vəziyyətdə müharibə sülhlə müqayisədə dəfələrlə daha yaxın görünür".
Müəllif: Günel Fərzəliyeva