PDF Oxu

Siyasət

  • 1 108

Naxçıvanın tərəqqisi milli inkişaf strategiyasının mühüm tərkib hissəsidir

image

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın qarşıdakı dövr üçün inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm mesajlarla yadda qaldı.

Təhlükəsizlik, sənaye, enerji, kənd təsərrüfatı, sosial xidmətlər və nəqliyyat sahələrində reallaşdırılan tədbirlər Naxçıvanın hərtərəfli və dayanıqlı inkişafını təmin edən, bir-birini tamamlayan vahid yanaşmanın əsas istiqamətlərini təşkil edir.
Muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə quru bağlantısının olmaması onun coğrafi xüsusiyyətlərini təhlükəsizlik baxımından xüsusi yanaşma tələb edən amilə çevirir. Prezident İlham Əliyevin müsahibəsində Naxçıvanın müdafiə potensialının gücləndirilməsini prioritet məsələ kimi xarakterizə etməsi də məhz bu reallıqdan irəli gəlir. Son illərdə burada hərbi infrastrukturun təkmilləşdirilməsi, ən müasir texnikanın alınması və yeni komando qüvvələrinin yaradılması Azərbaycan Silahlı Qüvvələrinin ümumi modernləşdirilməsi siyasətinin Naxçıvanda da ardıcıl şəkildə həyata keçirildiyinin göstəricisidir. Naxçıvanda Əlahiddə Ordunun yaradılması isə muxtar respublikanın xüsusi coğrafi və strateji mövqeyinin nəzərə alınmasının nəticəsi kimi təqdim edilir. Dövlət başçısının vurğuladığı kimi, bu ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi investisiya, sənaye, enerji və nəqliyyat layihələrinin uzunmüddətli perspektivdə həyata keçirilməsi üçün sabit zəmin yaradır.
Səfər zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi həyatında yeni imkanların formalaşması baxımından mühüm hadisədir. Sənaye parkının yaradılması istehsal sahələrinin genişləndirilməsi, yeni müəssisələrin fəaliyyətə başlaması, investisiyaların cəlb olunması və iş yerlərinin yaradılması üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Bu fakt Naxçıvanın iqtisadi inkişafında sənayeləşməyə verilən əhəmiyyətin göstəricisidir. Sənaye parkı, eyni zamanda digər sahələrin inkişafına da təkan verə bilər. Çünki istehsalın artması enerji, logistika, nəqliyyat, xidmət və peşəkar kadr tələbatını da genişləndirir.
Prezident İlham Əliyev müsahibədə Naxçıvanın gələcək inkişafında enerji sektorunun xüsusi rolunu qeyd edib. Naxçıvan Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası nəzərdə tutulur. Hazırda muxtar respublikanın generasiya gücünün təxminən 200 meqavat olduğu nəzərə alınarsa, yeni stansiyanın istifadəyə verilməsi mövcud imkanların ciddi şəkildə artırılmasına şərait yaradacaq. Enerji təhlükəsizliyinin təmin edilməsi artıq son hədəf kimi deyil, daha böyük enerji potensialının yaradılması üçün başlanğıc mərhələ kimi nəzərdən keçirilir.
Naxçıvanın enerji strategiyasının digər mühüm istiqaməti Günəş enerjisidir. Aparılmış monitorinq və təhlillər əsasında Günəş elektrik enerjisinin istehsalı baxımından Azərbaycanın ən əlverişli məkanlarından biri kimi Naxçıvanın müəyyənləşdirilməsi muxtar respublikanın təbii üstünlüklərinin iqtisadi resursa çevrilməsinə hesablanıb. Artıq 600 hektardan çox ərazinin müəyyənləşdirilməsi və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılmasının planlaşdırılması bu istiqamətdə işlərin miqyasını nümayiş etdirir. Burada başqa bir mühüm məqam da var. Bərpaolunan enerji layihələrində özəl sektorun iştirakı investisiya mühitinin cəlbediciliyini nümayiş etdirir. Dövlətin dəstəyi, investorların marağı və Naxçıvanın təbii potensialı bir araya gəldikdə enerji sektorunda yeni iqtisadi imkanların yaranması üçün əlverişli şərait formalaşır. Nəticədə Naxçıvan tədricən yalnız enerji ilə təmin olunan ərazi deyil, həm də enerji istehsal edən və gələcəkdə enerji ixrac edən məkan kimi nəzərdən keçirilir. Naxçıvanın yaşıl enerji zonası kimi inkişaf etdirilməsi də bu siyasətin mühüm hissəsidir. Günəş və su elektrik stansiyalarının fəaliyyəti bərpaolunan enerji istehsalının əsasını təşkil edir. Lakin bərpaolunan enerjinin payının artması yeni texnoloji imkanlara da ehtiyac yaradır. Bu baxımdan Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavatlıq batareya enerji saxlanc qurğusunun yaradılması barədə verilən göstəriş xüsusi əhəmiyyət daşıyır. Enerjinin saxlanması imkanlarının yaradılması istehsalın və istehlakın daha səmərəli balanslaşdırılmasına, şəbəkənin dayanıqlığının artırılmasına və bərpaolunan enerji mənbələrinin imkanlarından daha geniş istifadə edilməsinə şərait yaradacaq.
Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı məsələlərdən biri Naxçıvanın gələcəkdə böyük həcmdə elektrik enerjisi ixrac edə bilməsi ilə bağlıdır. Bu hədəf Azərbaycanın ümumi enerji strategiyasının tərkib hissəsidir. Azərbaycan bu gün neft və qaz ixracatçısı olmaqla yanaşı, elektrik enerjisi sahəsində də regional imkanlarını genişləndirir. Gürcüstan və Türkiyə üzərindən Avropa istiqamətində mövcud enerji marşrutlarının genişləndirilməsi, Qara dəniz enerji kabeli layihəsi və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əldə edilmiş razılaşmalar ölkənin elektrik enerjisi ixracı perspektivlərini daha geniş coğrafiya ilə əlaqələndirir. Bu mənzərədə Naxçıvanın rolu da xüsusi əhəmiyyət qazanır. Çünki muxtar respublikanın bərpaolunan enerji potensialının artması onun gələcəkdə regional enerji sisteminin mühüm aktorlarından birinə çevrilməsinə imkan verəcəkdir.
Kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında muxtar respublikaya xüsusi yer ayrılması da kompleks yanaşmanın göstəricisidir. Suvarma sistemlərinin genişləndirilməsi, artezian quyularının qazılması və hazırda suvarılmayan torpaqların su ilə təmin edilməsi aqrar istehsalın artırılması üçün mühüm addımlardır. Müasir suvarma sistemlərinin tətbiqi isə həm su ehtiyatlarından səmərəli istifadəni, həm də məhsuldarlığın yüksəldilməsini təmin edəcəkdir. Beləliklə, kənd təsərrüfatının inkişafı Naxçıvanın iqtisadi imkanlarının şaxələndirilməsi və regionlarda məşğulluğun artırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
DOST Mərkəzinin açılışı və ASAN xidmət mərkəzinin fəaliyyəti Naxçıvanda sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş siyasətin mühüm nümunələridir. İnfrastruktur və iqtisadi layihələrin əsas məqsədi nəticə etibarilə insanların daha rahat və firavan yaşamasını təmin etməkdir. Bu baxımdan, sosial xidmətlərin müasirləşdirilməsi Naxçıvanın ümumi inkişaf strategiyasının iqtisadi layihələri tamamlayan mühüm istiqamətidir.
Naxçıvanın qarşısında duran əsas vəzifə mövcud strateji üstünlükləri qorumaqla yanaşı, bu potensialı iqtisadi gücə, enerji imkanlarına və geniş nəqliyyat bağlantılarına çevirməkdir. Bu yanaşma Naxçıvanın tarixi və coğrafi xüsusiyyətlərini müasir inkişaf imkanları ilə üzvü şəkildə əlaqələndirərək, muxtar respublikanın Azərbaycanın ümumi güc potensialında daha mühüm yer tutması üçün geniş perspektivlər yaradır. Beləliklə, Naxçıvanın gələcək inkişafı təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və sosial rifahı vahid strateji məqsəd ətrafında birləşdirən kompleks yanaşma ilə müəyyənləşir.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Digər xəbərlər