Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Mərkəzlərində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza sahələri üzrə 100-dən artıq xidmət göstərilir. 4 Saylı "DOST" Mərkəzinin tərkibindəki "Çağrı Mərkəzi" ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. "ART School" - “İnklüziv İncəsənət Məktəbi" isə ildə orta hesabla 150-200 əlilin təlimlərdən keçməsinə imkan verəcək. Bütün bunlar dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasını özündə ehtiva edir. Təbii ki, DOST mərkəzləri də daha geniş miqyasda keyfiyyətli sosial xidmətlərin həyata keçirilməsinə geniş imkanlar yaradır.
Azərbaycanda sosial xidmətlərin mərkəzləşdirilmiş, şəffaf və vətəndaşa dost yanaşma əsasında göstərilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Son illərdə ölkədə sosial təminat və xidmət sahəsində əsaslı islahatlar aparılır, dövlət vətəndaş rifahının təmin olunması üçün bir sıra yeniliklər tətbiq edir. Bu yeniliklər arasında xüsusi yer tutan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzləri yeni sosial idarəetmə modelinin bariz nümunəsidir. Bakı şəhərində açılmış DOST mərkəzləri isə ölkədə bu konsepsiyanın ən geniş və uğurlu tətbiq olunduğu məkanlardandır. 3 saylı Bakı DOST Mərkəzi də paytaxt əhalisinin sosial xidmətlərə əlçatanlığını, şəffaflıq və operativliyi təmin edən əsas qurumlardan biridir. DOST Mərkəzləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb, “bir pəncərə” prinsipinə əsaslanaraq sosial xidmətlərin ən müasir formada təqdim edilməsini, vətəndaşların məmnunluğunun artırılmasını, şəffaflığın və innovativ yanaşmanın təmin edilməsini əsas məqsəd kimi qarşıya qoyur. 3 saylı Bakı DOST Mərkəzi isə xüsusilə öz geniş xidmət portfeli, texnoloji imkanları, peşəkar heyəti və vətəndaş yönümlü fəaliyyəti ilə seçilir.
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər. Bu mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək. Ümumilikdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur. Bütün xidmətlər “Bir pəncərə” prinsipi əsasında təşkil olunub və Naxçıvan sakinlərinə rahat, operativ və əlçatan şəkildə təqdim ediləcək. Bu yanaşma müxtəlif sosial istiqamətlər – pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər sosial xidmətlərin vahid məkanda, şəffaf formada göstərilməsinə imkan yaradır. Əlilliyi olan şəxslərin mərkəzdə tibbi-sosial ekspertizası, onların fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı, eyni zamanda, reabilitasiya xidmətlərindən yararlanmaları üçün ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin rəsmiləşdirilməsi də icra ediləcək. Dövlətimizin başçısı və birinci xanım qabaqcıl beynəlxalq istehsalçı şirkətlərin məhsulları olan protezlərə də baxıblar. Bu protezlər istifadəçilərə təbii fizioloji, sərbəst və təhlükəsiz hərəkət, müxtəlif səth və sürətlərə uyğunlaşma, həmçinin sosial həyata və əmək fəaliyyətinə daha sürətli inteqrasiya imkanı yaradır. İndiyədək 500-dən çox hərbçiyə 620 yüksək texnologiyalı protez təqdim olunub. Həmçinin yüksək texnologiyalı reabilitasiya və tibbi-sosial xidmətlər sayəsində müharibə ilə əlaqədar əlilliyi olan 300-dək şəxs əvvəlki sağlamlığına qovuşub. Ölkəmizdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təminatı üzrə işlər nəcib fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılıb. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən sosial müdafiə siyasəti nəticəsində reabilitasiya vasitələrinin çeşidinin sayı 57-dən 130-a çatdırılıb. Əlilliyi olan şəxslər bu ilin əvvəlindən bəri 300 minədək müxtəlif növ reabilitasiya vasitələri ilə təmin edilib. Dövlətimizin başçısı və birinci xanım nazirliyin inklüziv mərkəzlərinin benefisiarları tərəfindən hazırlanmış bədii oyma, xalçaçılıq, dulusçuluq, təsviri incəsənət, vitraj, floristika və digər sənət növləri üzrə əl işlərindən ibarət sərgiyə baxdılar. Həssas qruplardan olan şəxslərin yaradıcılıq potensiallarının üzə çıxarılması və iqtisadi fəallıqlarının dəstəklənməsi məqsədilə yaradılmış “dostart.az” portalı vasitəsilə həmin əl işlərinin onlayn satışı həyata keçirilir və bu təşəbbüs onların əmək bazarına inteqrasiyasına mühüm töhfə verir.
DOST İNKLÜZİV İNKİŞAF VƏ YARADICILIQ MƏRKƏZİ
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında yaradılması nəzərdə tutulan Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihəsi də təqdim edildi. Əlilliyi olan şəxslərə hazırda 13 istiqamət üzrə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin yeni mərkəzdə daha da genişləndirilərək 20-yə çatdırılması nəzərdə tutulur. Son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar dünya səviyyəsində yüksək qiymətləndirilib və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən 300-dən artıq mükafat və sertifikatla təltif olunub. Onların arasında “Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri” təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatı da var. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzləri sosial xidmətlərin göstərilməsində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olub. Bu mərkəzlərdə indiyədək vətəndaşlara 164 növ xidmət, ümumilikdə isə 4,6 milyon sosial xidmət göstərilib, xidmətlərdən məmnunluq səviyyəsi isə təxminən 99 faiz olub. Hazırda DOST şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur. Əlbəttə ki, dövlətimiz tərəfindən bütün görülən işlərin arxasında insanlara daha da keyfiyyətli xidmətin göstərilməsi dayanır.
Nəzakət ƏLƏDDİNQIZI