Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə muxtar respublikanın gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri muxtar respublikanın hərtərəfli inkişafına yönəlmiş yeni layihələrin və strateji hədəflərin müəyyənləşdirilməsi ilə yadda qalıb. Dövlət başçısının vurğuladığı kimi, hər səfərin böyük mənası və gözəl nəticələri vardır. Bu səfər isə xüsusilə Naxçıvanın gələcək inkişafının yeni prioritetlərinin müəyyənləşdirilməsi baxımından əlamətdardır.ş
Dövlətimizin başçısı cənab İlham Əliyev öz müsahibəsində bildirdi ki, "Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək. Bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir. Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir."
Prezident cənab İlham Əliyevin müsahibəsində qeyd etdiyi məsələlərdən biri də Naxçıvanda idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Bu yanaşmanın əsas məqsədi Naxçıvanın muxtar respublika statusunu qorumaqla idarəetmənin səmərəliliyini artırmaq, koordinasiyanı gücləndirmək və inkişaf layihələrinin icrasını sürətləndirməkdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük: “Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə - Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar”.
Naxçıvanın gələcək inkişafında nəqliyyat-kommunikasiya layihələri də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Zəngəzur dəhlizi regionun strateji əhəmiyyətini daha da artıracaq əsas layihələrdən biridir.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı