Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə Naxçıvanın qarşıdakı illərdə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqət çəkən mühüm siyasi mesajlarla yadda qalıb. Prezident Naxçıvanın iqtisadi, enerji, nəqliyyat, turizm və müdafiə imkanlarından danışaraq muxtar respublikanın Azərbaycanın gələcək inkişaf strategiyasında xüsusi yer tutduğunu vurğulayıb. Müsahibədə əsas diqqət Naxçıvanın hərtərəfli inkişafına yönəlib. Muxtar respublikanın inkişafı artıq yeni mərhələyə daxil olur. Bu prosesdə sənaye, enerji və nəqliyyat infrastrukturunun yenilənməsi mühüm istiqamətlərdən biri kimi nəzərdən keçirilir.
Prezident müsahibəsində Naxçıvanın enerji imkanlarına da xüsusi diqqət ayırıb. Günəş enerjisinin istehsalı üçün Naxçıvanın Azərbaycanın ən əlverişli ərazilərindən biri olduğu bildirilib. Həmin səfər zamanı “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə də tanışlıq keçirilib. Bərpaolunan enerji layihələrinin inkişafı Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, regionun iqtisadi potensialının artırılmasına da xidmət edə bilər. Müsahibədə Naxçıvanda şəhərlərarası və rayonlararası nəqliyyat məsələsinə də toxunulub. İlham Əliyev 217 müasir rayonlararası avtobusun alınması ilə bağlı göstəriş verildiyini və avtobusların bu il və gələn il marşrutlara buraxılacağını bildirib. Bundan başqa, müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri də nəzərdə tutulur. Bildirilən məlumata görə, ümumilikdə təxminən 420 kilometr yol üzrə işlərin görülməsi planlaşdırılır və bu layihələr 26 yaşayış məntəqəsində yaşayan təxminən 160 min nəfəri əhatə edəcək. Nəqliyyat infrastrukturunun yenilənməsi Naxçıvanın həm daxili iqtisadi əlaqələrinin gücləndirilməsi, həm də regional nəqliyyat imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan zəngin tarixi-mədəni irsi, təbiəti və müalicəvi imkanları ilə Azərbaycanın əsas turizm bölgələrindən biridir. Prezident müsahibəsində bu potensialın tam istifadə olunmadığını qeyd edərək mehmanxana infrastrukturunun genişləndirilməsinin vacibliyinə diqqət çəkib.
Səfər zamanı Naxçıvan şəhərində yeni beşulduzlu mehmanxana kompleksinin təməli də qoyulub. Layihənin təxminən 2028-ci ildə tamamlanmasının nəzərdə tutulduğu bildirilib. Bu cür layihələrin həyata keçirilməsi Naxçıvanın turist qəbul etmək imkanlarını artırmaqla yanaşı, xidmət sektorunda yeni iş yerlərinin yaranmasına da şərait yarada bilər. Müsahibədə Naxçıvanın Azərbaycanın tarixində və dövlətçilik ənənələrində xüsusi rolu da vurğulanıb. İlham Əliyev Naxçıvanın Azərbaycan xalqına bir çox görkəmli şəxsiyyətlər bəxş etdiyini, onların arasında Heydər Əliyevin xüsusi yer tutduğunu bildirib.
Prezidentin sözləri ilə desək, “Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib”.Bu fikir Naxçıvanın yalnız coğrafi və iqtisadi ərazi deyil, həm də Azərbaycanın siyasi tarixində mühüm rol oynamış bir məkan olduğunu bir daha göstərir.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini