PDF Oxu

Siyasət

  • 1 077

"Qərbi azərbaycanlıların qayıdışı təhlükə deyil, hüquq məsələsidir" - ŞƏRH EDİLDİ

image

"Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması onların təbii və qanuni hüququdur. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev də Qərbi azərbaycanlı soydaşlarımızın öz doğma ata-baba yurdlarına qayıdışının mütləq baş tutacağına vurğu edir. Eyni zamanda, Prezident bu qayıdışın tankla, topla deyil, mülki minik avtomobilləri ilə, dinc və sülh yolu ilə həyata keçirilməsinin vacibliyini xüsusi olaraq qeyd edir".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycan dövləti tərəfindən Qərbi Azərbaycan İcmasına yaradılan şərait də xüsusi əhəmiyyət daşıyır:"İcmanın yeni ofisinin açılışı zamanı dövlət başçısının çıxışında səsləndirdiyi bir məqam xüsusilə diqqət çəkdi. Prezident bildirdi ki, Qərbi Azərbaycan İcmasının yerləşdiyi bu binada daha əvvəl Qarabağın Azərbaycan icması fəaliyyət göstərib və həmin insanlar artıq öz doğma yurdlarına qayıdış mərhələsini yaşayırlar.Bu, əslində, Qərbi Azərbaycan İcmasının qarşısında dayanan vəzifələri də müəyyənləşdirir. İcma Qərbi azərbaycanlıları təşkilatlandırmaqla, onların hüquqlarının, xüsusilə də öz tarixi torpaqlarına qayıdış hüququnun beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət göstərməklə, gələcəkdə qayıdış prosesi başlayacağı zaman soydaşlarımızın könüllü və daha kütləvi şəkildə öz doğma yurdlarına qayıtmasına hazırlıq görür.Dövlət başçısının daha əvvəl səsləndirdiyi fikirlərdən biri də bu baxımdan əhəmiyyətlidir. Həmin dövrdə Qarabağdakı separatçı rejim hələ mövcud idi və Prezident qeyd etmişdi ki, söhbət yalnız bir tərəfin geri qayıdış hüququndan gedə bilməz, qayıdış hər iki icma üçün təmin olunmalıdır.Azərbaycanın mövqeyinə görə, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Eyni zamanda, Azərbaycanın rəsmi tarix və siyasi yanaşmasında Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların da öz tarixi yurdlarına qayıtmaq hüququ xüsusi əhəmiyyət daşıyır. XIX əsrin əvvəllərində baş vermiş tarixi proseslər, Gülüstan və Türkmənçay müqavilələrindən sonra Cənubi Qafqazda həyata keçirilən köçürmə siyasəti regionun demoqrafik mənzərəsinə ciddi təsir göstərib.Bu gün Azərbaycan dövləti və Qərbi Azərbaycan İcması soydaşlarımızın tarixi torpaqlarına dinc qayıdış hüququnun təmin olunması istiqamətində həm ölkə daxilində səfərbərlik işləri aparır, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir. Heç şübhəsiz ki, bu məsələnin mühüm istiqamətlərindən biri də Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarıdır.Ermənistanda şovinist və revanşist qüvvələrin Qərbi azərbaycanlıların qayıdış məsələsindən istifadə edərək Paşinyan hakimiyyətinə qarşı təbliğat aparması da məlumdur. Onlar Qərbi azərbaycanlıların qayıdışını Ermənistan üçün təhlükə kimi təqdim etməyə çalışırlar. Bu baxımdan, Paşinyanın son açıqlamalarının müəyyən qədər Ermənistanın daxili auditoriyasına hesablandığını düşünmək mümkündür.Lakin rəsmi İrəvan və Nikol Paşinyan yaxşı başa düşür ki, Azərbaycan tərəfinin Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına dinc və təhlükəsiz qayıdışı məsələsi ilə bağlı mövqeyi kifayət qədər aydındır. Bu məsələ Azərbaycan üçün mühüm prinsiplərdən biridir.İnanırıq ki, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış prosesi davam etdiyi kimi, gələcəkdə Qərbi azərbaycanlı soydaşlarımızın da öz tarixi torpaqlarına dinc və təhlükəsiz şəkildə qayıdışının şahidi olacağıq".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər