Avqustun 12-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Samux rayonu Heydər Əliyev Mərkəzində Samux Rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın beynəlxalq arenada artan rolu” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxış edərək bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurların əsasında güclü dövlətçilik ənənələri və milli maraqlara söykənən siyasi iradə dayanır. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası Azərbaycanı müasir dünyanın nüfuzlu və söz sahibi olan dövlətlərindən birinə çevirib. Bu gün ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, müxtəlif qlobal təşəbbüslərlə çıxış etməsi və dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməsi Azərbaycanın artan nüfuzunu nümayiş etdirir.
Sonra çıxış edən YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova vurğulayıb ki, Azərbaycanın beynəlxalq arenada artan rolu ilk növbədə dövlətimizin güclənməsi, siyasi sabitliyin qorunması və milli maraqlara əsaslanan müstəqil xarici siyasətin həyata keçirilməsi ilə bağlıdır. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional əməkdaşlığın inkişafına, sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəal iştirakı, ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova çıxış edərək bildirib ki, Azərbaycanın müstəqillik tarixində son illər ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından mühüm hadisələrlə yadda qalıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda və dünyada etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin həyata keçirdiyi fəal və balanslaşdırılmış xarici siyasət, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına şərait yaradıb.
Daha sonra tədbirdə çıxış edən partiya fəalları Ramin Bayramov və Aytən Əliyeva Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və diplomatik uğurlardan danışıblar. Bildiriblər ki, ölkəmizin regional və qlobal miqyasda artan rolu onun iqtisadi potensialının, hərbi qüdrətinin və diplomatik imkanlarının möhkəmlənməsi ilə sıx bağlıdır. Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən müstəqil siyasəti ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsinə imkan verir.