Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasına səfəri ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm əhəmiyyət daşıyan hadisələrdən biridir.
Dövlət başçısının Naxçıvana səfəri zamanı həyata keçirilən tədbirlər və səsləndirilən fikirlər bir daha göstərdi ki, Naxçıvanın hərtərəfli inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Son illərdə Naxçıvanda genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir, sosial və iqtisadi layihələr icra olunur, infrastruktur yenilənir. Bu proseslərin bundan sonra da davam etdirilməsi Naxçıvanın sürətli sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.
Səfər çərçivəsində Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsinə xüsusi diqqət yetirilməsi də olduqca əhəmiyyətlidir. Naxçıvanın strateji və coğrafi mövqeyi burada təhlükəsizlik məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir. Əlahiddə Ordunun maddi-texniki bazasının gücləndirilməsi və müasir hərbi imkanlarla təmin olunması Azərbaycanın müdafiə qüdrətinin daha da artırılmasına xidmət edir.
Azərbaycan Silahlı Qüvvələrinin regionda söz sahibi olması dövlətimizin hərbi gücünün göstəricisidir. Naxçıvanın müdafiə potensialının bundan sonra da gücləndirilməsi ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Səfərin diqqətçəkən məqamlarından biri də Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasıdır. Bu layihə muxtar respublikanın iqtisadi potensialının daha səmərəli şəkildə istifadə olunmasına, yeni istehsal sahələrinin yaradılmasına və əhalinin məşğulluğunun artırılmasına geniş imkanlar açacaq.
Naxçıvan Sənaye Parkının yaradılması Azərbaycanın regionlarında sənayeləşmə siyasətinin uğurla davam etdirildiyini göstərir. Burada yeni müəssisələrin fəaliyyətə başlaması, yerli istehsalın genişləndirilməsi və sahibkarlığın inkişaf etdirilməsi Naxçıvan iqtisadiyyatının şaxələndirilməsinə mühüm töhfə verəcək.
Sənaye Parkının tərkibində 200 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması isə enerji təminatı baxımından xüsusi əhəmiyyətə malikdir. Enerji təhlükəsizliyinin təmin olunması həm əhalinin, həm də yeni sənaye müəssisələrinin dayanıqlı fəaliyyətinin əsas şərtlərindən biridir.
İndiyədək əsas ticarət yolları, logistika xətləri Gürcüstandan keçirdisə, gələcəkdə həmin istiqamətlər Naxçıvana da yönələcək. Bu, İran, Türkiyə və Ermənistanla sərhəddə yerləşən Naxçıvanın əlavə 200 milyonluq bazara çıxışı deməkdir.
- Tarixən Yaxın Şərqə gedən yollar yenidən Naxçıvandan keçəcək. Bu, Mərkəzi Asiya ilə Avropanı birləşdirən, 15 milyon ton yükaşırma gücü olan dəhlizə çevrilmək perspektivi yaradır.
- Naxçıvanın enerji sahəsində xarici asılılıqdan xilas olaraq özünü təmin etməsi və potensial ixracatçı statusu qazanması mümkündür. Bərpa olunan mənbələrin xüsusi çəkisi, müasir infrastruktur və vahid şəbəkəyə inteqrasiya muxtar respublikanın dayanıqlı enerji təhlükəsizliyini şərtləndirir. Bu amillər, həmçinin regionun enerji qovşağına çevrilməsi və “yaşıl enerji” ixracı potensialının reallaşdırılması üçün zəmin yaradır.
Ümumilikdə, Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı diqqət çəkən məsələlər göstərir ki, muxtar respublikanın inkişafı kompleks şəkildə həyata keçirilir. Sosial-iqtisadi inkişaf, sənayeləşmə, enerji təhlükəsizliyi və müdafiə potensialının gücləndirilməsi vahid dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir.
Mən hesab edirəm ki, Naxçıvanın inkişafına göstərilən dövlət qayğısı bu qədim Azərbaycan diyarının gələcəkdə daha böyük iqtisadi və sosial imkanlara malik olmasına şərait yaradacaq. Həyata keçirilən hər bir layihə Naxçıvanın potensialının artırılması ilə yanaşı, bütövlükdə Azərbaycanın iqtisadi və strateji gücünün möhkəmləndirilməsinə xidmət edir.
İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Naxçıvan bundan sonra da sürətlə inkişaf edəcək, yeni layihələrin və mühüm təşəbbüslərin ünvanına çevriləcəkdir. Naxçıvanın inkişafı Azərbaycanın inkişafının ayrılmaz tərkib hissəsidir və bu qədim diyarın tərəqqisi hər birimiz üçün böyük əhəmiyyət daşıyır.
Əfsanə Muradova
YAP Nərimanov rayon təşkilatının gənc fəalı