Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın gələcək inkişaf prioritetlərinin bir daha aydın şəkildə ortaya qoyulması baxımından mühüm əhəmiyyət daşıyır. Avqustun 11-də baş tutan səfər zamanı təqdim olunan və təməli qoyulan layihələr göstərir ki, Naxçıvan üçün qarşıdakı dövr yalnız ayrı-ayrı infrastruktur layihələrinin icrası ilə məhdudlaşmır. Burada uzunmüddətli və kompleks inkişaf strategiyası formalaşdırılır.
Bu strategiyanın ən mühüm istiqamətlərindən biri Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafını nəzərdə tutan Baş Plandır. Şəhərin mərkəzinin yenilənməsi, rekreasiya imkanlarının genişləndirilməsi, nəqliyyat və mobillik sisteminin təkmilləşdirilməsi, yaşayış və sosial infrastrukturun gücləndirilməsi, turizm potensialından daha səmərəli istifadə kimi istiqamətlər Naxçıvanın müasir şəhər modelinə uyğunlaşdırılmasını hədəfləyir. Bu, əslində, Naxçıvanın gələcək simasının bu gündən müəyyənləşdirilməsi deməkdir.
Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması isə iqtisadi inkişaf baxımından xüsusi diqqət çəkir. Naxçıvanın sənaye potensialının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, yerli məhsulların istehsalının artırılması və məşğulluğun genişləndirilməsi muxtar respublikanın iqtisadi dayanıqlığının daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu baxımdan sənaye parkı yalnız yeni müəssisələrin fəaliyyət göstərəcəyi ərazi deyil, Naxçıvan iqtisadiyyatının strukturunun şaxələndirilməsi üçün mühüm platforma kimi qiymətləndirilə bilər.
Enerji sahəsində görülən işlər də Naxçıvanın gələcək inkişaf modelinin mühüm hissəsidir. “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında aparılan işlər göstərir ki, muxtar respublikanın enerji potensialından istifadə və bərpaolunan enerji mənbələrinin inkişafı qarşıdakı illərin əsas prioritetlərindən olacaq. Bu istiqamət həm enerji təhlükəsizliyinə, həm də yaşıl iqtisadiyyatın inkişafına töhfə verə bilər.
Naxçıvanın nəqliyyat imkanlarının genişləndirilməsi isə məsələnin daha böyük miqyasını ortaya qoyur. Dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri, elektrik mühərrikli avtobusların istifadəyə verilməsi və regionun Azərbaycanın əsas hissəsi ilə nəqliyyat bağlantılarının gücləndirilməsi Naxçıvanın gələcəkdə mühüm logistika və tranzit məkanlarından birinə çevrilməsi üçün zəmin yaradır. Bu proses Naxçıvanı yalnız coğrafi baxımdan Azərbaycanın ayrılmaz hissəsi kimi deyil, eyni zamanda regional nəqliyyat əlaqələrinin mühüm halqası kimi ön plana çıxara bilər.
Səfərin sosial istiqaməti də diqqətdən kənarda qalmadı. Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlinin qoyulması və Naxçıvan Regional DOST Mərkəzinin açılması dövlətin inkişaf siyasətində insan amilinin əsas yerdə dayandığını göstərir. İnfrastrukturun yenilənməsi ilə yanaşı, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və dövlət xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi Naxçıvanın yeni inkişaf modelinin mühüm tərkib hissəsidir.
Səfərin mədəni-tarixi istiqaməti də xüsusi məna daşıyır. Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etməsi, Möminə xatun türbəsində bərpa işləri ilə tanış olması və Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirakı Naxçıvanın yalnız iqtisadi və sosial potensialının deyil, zəngin tarixi-mədəni irsinin də gələcək inkişaf konsepsiyasında mühüm yer tutduğunu göstərir.
Bütün bunlar bir yerdə Naxçıvanın qarşısında yeni perspektivlər açır. Sənaye, enerji, nəqliyyat, şəhərsalma, turizm, sosial xidmətlər və mədəni irsin qorunması kimi istiqamətlərin paralel şəkildə inkişaf etdirilməsi muxtar respublikanın daha güclü və rəqabətqabiliyyətli iqtisadi məkana çevrilməsinə imkan yarada bilər.
Prezident İlham Əliyevin Naxçıvana bu səfərini fərqləndirən əsas məqam da məhz budur: burada söhbət yalnız bu günün problemlərinin həllindən deyil, Naxçıvanın qarşıdakı onilliklər üçün inkişaf xəritəsinin müəyyənləşdirilməsindən gedir. 2044-cü ilədək nəzərdə tutulan Baş Plan və səfər zamanı təqdim edilən çoxsaylı layihələr Naxçıvanın yeni mərhələyə hazırlandığını göstərir. Bu mərhələnin əsas hədəfi isə müasir, dayanıqlı, sosial rifahı yüksək, iqtisadi potensialı güclü və regional əhəmiyyəti artan Naxçıvan modelinin formalaşdırılmasıdır.
Səfalı Paşayev
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədr müavini