Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev avqustun 11-də Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, təhlükəsizliyi, enerji potensialı, nəqliyyat imkanları, sənayeləşmə, kənd təsərrüfatı, turizm, tarixi-mədəni irsin qorunması və Zəngəzur dəhlizinin perspektivləri ilə bağlı mühüm fikirlər səsləndirib.
Dövlət başçısının Prezident kimi Naxçıvana 17-ci səfərinin mühüm layihələrin təqdimatı və yeni təşəbbüslərlə müşayiət olunması muxtar respublikanın inkişafının dövlət siyasətində xüsusi yer tutduğunu bir daha nümayiş etdirir.
Müsahibədə Naxçıvanın təhlükəsizliyi və müdafiə potensialının gücləndirilməsi xüsusi diqqət çəkən məsələlərdən biri olub. Prezident İlham Əliyev Naxçıvanın coğrafi mövqeyinin özünəməxsusluğunu nəzərə alaraq burada hərbi potensialın daim gücləndirildiyini bildirib. Müasir hərbi texnika ilə təchizat, yeni komando qüvvələrinin yaradılması və Əlahiddə Ordunun imkanlarının artırılması Azərbaycanın müdafiə siyasətinin mühüm istiqamətlərindəndir.
Naxçıvanın enerji potensialının inkişafında bərpaolunan enerji xüsusi yer tutur. Burada 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə bağlı layihələr həyata keçirilir. Eyni zamanda, 600 hektardan artıq ərazi müəyyənləşdirilib və həmin ərazilərdə yüzlərlə meqavat gücündə yeni Günəş elektrik stansiyalarının yaradılması nəzərdə tutulur. Prezident İlham Əliyevin sözlərinə görə, yalnız Günəş enerjisinin istehsalı üzrə Naxçıvanın potensialı ilkin qiymətləndirmələrə əsasən ən azı 500 meqavat, gələcəkdə isə daha çox ola bilər. Bu baxımdan Naxçıvan təkcə enerji ilə təmin olunan ərazi deyil, həm də enerji ixrac edən regiona çevrilmək üçün böyük imkanlara malikdir. Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Qaz mübadiləsi mexanizmi, 100 faizlik qazlaşma, Günəş, su və digər elektrik stansiyalarının yaradılması bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
Prezidentin göstərişi ilə Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavatlıq batareya enerji saxlanc qurğusunun yaradılması da bərpaolunan enerjinin daha səmərəli istifadəsinə xidmət edəcək. Müsahibənin ən mühüm istiqamətlərindən biri Zəngəzur dəhlizi ilə bağlı fikirlər olub. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının yaradılmasının Azərbaycanın çoxdankı məqsədi olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar çərçivəsində TRIPP layihəsinin icrasına start verilib və bu layihənin regionun nəqliyyat xəritəsində mühüm dəyişikliklər yaradacağı gözlənilir. Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin demək olar ki, başa çatması və dəmir yolu layihəsinin sürətlə davam etdirilməsi Azərbaycanın Zəngəzur dəhlizinin reallaşdırılmasına hazırlığını nümayiş etdirir. Naxçıvan ərazisində yeni texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq 194 kilometrlik dəmir yolu xəttinin yaradılması nəzərdə tutulur. Mövcud və yenidən qurulacaq xəttin yükaşırma qabiliyyətinin gələcəkdə 15 milyon tona çatdırılması planlaşdırılır. Bu isə Naxçıvanın regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün geniş imkanlar açır. Naxçıvanın coğrafi mövqeyi ona yalnız Azərbaycan daxilində deyil, beynəlxalq nəqliyyat sistemində də mühüm rol oynamaq imkanı verir. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Azərbaycan ərazisindən Naxçıvan vasitəsilə İrana ikinci dəmir yolu bağlantısının yaranması mümkün olacaq. Bu isə Naxçıvanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə əlaqələrini gücləndirəcək. Beləliklə, Naxçıvan gələcəkdə böyük həcmdə yük axınının keçdiyi mühüm logistika mərkəzlərindən birinə çevrilə bilər.
Naxçıvan şəhərinin ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi istiqamətində də mühüm addımlar atılır. Yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının ekoloji və müasir standartlara uyğunlaşdırılmasına xidmət edir. Bununla yanaşı, şəhərlərarası və rayonlararası nəqliyyatın yaxşılaşdırılması üçün 217 müasir avtobusun alınması nəzərdə tutulur. Muxtar respublikada ümumilikdə 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri planlaşdırılır. Bu layihələr 26 yaşayış məntəqəsində yaşayan təxminən 160 min insanın yol infrastrukturundan daha rahat istifadəsinə imkan verəcək. Prezident İlham Əliyev Naxçıvanın zəngin tarixi və mədəni irsinin qorunmasına xüsusi diqqət yetirib. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni abidələrin konservasiyası və bərpası Naxçıvanın tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının vurğuladığı kimi, sosial-iqtisadi inkişaf və enerji təhlükəsizliyi nə qədər mühüm olsa da, bütün bu proseslərin təməlində milli kimlik, milli ruh, mədəniyyət, dil, ədəbiyyat və tarix dayanır. Naxçıvanın Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etməsi də bu qədim diyarın Azərbaycanın ictimai-siyasi və mənəvi tarixindəki xüsusi mövqeyini göstərir. Kənd təsərrüfatının inkişafına dair qəbul edilmiş Dövlət Proqramında Naxçıvana xüsusi yer ayrılması muxtar respublikanın aqrar potensialından daha səmərəli istifadə edilməsinə imkan verəcək. Suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması və müasir suvarma sistemlərinin quraşdırılması nəticəsində bu gün suvarılmayan torpaqların da kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması mümkün olacaq. Bu tədbirlər Naxçıvanda kənd təsərrüfatının inkişafına, məşğulluğun artmasına və ərzaq təminatının gücləndirilməsinə mühüm töhfə verəcək.
Naxçıvanda Prezidentin xüsusi nümayəndəliyinin fəaliyyətə başlaması da struktur və idarəetmə islahatlarının mühüm istiqamətlərindən biridir. Bu yanaşmanın əsas məqsədi Naxçıvanın iqtisadi imkanlarının daha səmərəli reallaşdırılması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və insanların daha rahat, təhlükəsiz və firavan şəraitdə yaşamasının təmin edilməsidir. Naxçıvanın zəngin tarixi-mədəni irsi, təmiz havası, təbii gözəllikləri və əlverişli coğrafi mövqeyi onun turizm potensialını əhəmiyyətli dərəcədə artırır. Bu potensialın tam reallaşdırılması üçün müasir turizm infrastrukturunun yaradılması vacibdir. Səfər çərçivəsində Naxçıvan şəhərində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması da bu istiqamətdə atılan mühüm addımlardandır.
Bu baxımdan Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər Naxçıvanın gələcək inkişafının Azərbaycanın ümumi iqtisadi, enerji və nəqliyyat strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha ortaya qoyur. Dövlət başçısının qeyd etdiyi kimi, güclü siyasi iradə, maliyyə imkanları və milli maraqlara əsaslanan ardıcıl siyasət Naxçıvanın qarşıdakı dövrdə daha sürətli və hərtərəfli inkişafına möhkəm zəmin yaradır.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri