PDF Oxu

Siyasət

  • 490

Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin strateji baxışı - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın qarşıdakı inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlarla zəngindir.
Prezidentin Naxçıvana 17-ci səfəri bir daha göstərir ki, bu qədim diyarın təhlükəsizliyi, sosial-iqtisadi inkişafı və Azərbaycanın ümumi inkişaf strategiyasındakı rolu dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Müsahibədə Naxçıvanın müdafiə potensialının daha da gücləndirilməsi xüsusi vurğulanıb. Əlahiddə Ordunun müasir silah və texnika ilə təchiz edilməsi, yeni komando qüvvələrinin yaradılması Naxçıvanın təhlükəsizliyinin etibarlı təminatının mühüm göstəriciləridir.
Digər mühüm istiqamət iqtisadi və enerji inkişafıdır. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması, Günəş və su elektrik stansiyalarının yaradılması muxtar respublikanın sənaye və enerji potensialını yeni səviyyəyə çıxaracaq.
Xüsusilə diqqətçəkən məqam Naxçıvanın gələcəkdə yalnız enerji ilə təmin olunan deyil, həm də enerji ixrac edən bölgəyə çevrilməsi perspektividir. Günəş enerjisi potensialının yüksək olması və yeni enerji saxlanc sistemlərinin yaradılması bu hədəfin real əsaslara söykəndiyini göstərir.
Müsahibədə Zəngəzur dəhlizinə xüsusi yer ayrılması da təsadüfi deyil. Azərbaycan–Naxçıvan bağlantısının yaradılması yalnız nəqliyyat məsələsi deyil, regionun yeni iqtisadi və kommunikasiya arxitekturasının formalaşdırılması baxımından strateji layihədir.
Horadiz–Ağbənd avtomobil yolunun tamamlanmaq üzrə olması, dəmir yolu layihələrinin davam etdirilməsi və Naxçıvan dəmir yolunun yenidən qurulması Azərbaycanın bu istiqamətdə konkret və ardıcıl siyasət həyata keçirdiyini göstərir. Gələcəkdə bu marşrutun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə əlaqələndirilməsi Naxçıvanın regional nəqliyyat mərkəzinə çevrilməsinə imkan verəcək.
Prezidentin səsləndirdiyi digər mühüm tezis Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsidir. Bu yanaşma Azərbaycanın yeni iqtisadi, nəqliyyat və idarəetmə reallıqlarına uyğun vahid inkişaf məkanının formalaşdırılmasını nəzərdə tutur.
Eyni zamanda, Naxçıvanın tarixi-mədəni irsinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Möminə xatun türbəsinin bərpası, Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması və digər tarixi-mədəni obyektlərin qorunması milli irsimizə dövlət qayğısının bariz nümunəsidir.
Naxçıvanın inkişafında Ümummilli Lider Heydər Əliyevin irsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmiş Naxçıvan ölkəmizin dövlətçilik tarixində müstəsna yer tutur.
Bütövlükdə, Prezident İlham Əliyevin müsahibəsi Naxçıvanın inkişafının ayrı-ayrı layihələrdən ibarət olmadığını, təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, şəhərsalma və sosial inkişafı əhatə edən kompleks strategiyanın həyata keçirildiyini göstərir.
Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf məkanında formalaşdırılması, Zəngəzur dəhlizinin yaratdığı imkanlardan istifadə edilməsi və yaşıl enerji potensialının reallaşdırılması bu qədim diyarın Azərbaycanın regional inkişaf strategiyasındakı əhəmiyyətini daha da artıracaq.
Prezident İlham Əliyevin müsahibəsindən irəli gələn əsas nəticə budur: Naxçıvanın təhlükəsizliyi, dayanıqlı inkişafı və regional əhəmiyyəti yeni mərhələyə qədəm qoyur.

İlqar İlyasov
YAP Qaradağ rayon təşkilatının sədri

Digər xəbərlər